“Bir gün rəhbərliklə” layihəsinin iştirakçıları bu dəfə Mingəçevir Turizm Kollecində-FOTOLAR

Mingəçevir Gənclər Evinin könüllü gəncləri “Bir gün rəhbərliklə” layihəsi çərçivəsində Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədovla görüş keçiriblər.

Səmimi və interaktiv mühitdə baş tutan görüşdə layihə rəhbəri Ləman Bəylərova iştirakçılara layihənin məqsədi və əsas istiqamətləri haqqında ətraflı məlumat verib. O, layihənin gənclərin rəhbərlik təcrübəsini yaxından tanıması, idarəetmə prosesi ilə tanış olması, fikir və təkliflərini birbaşa rəhbərlərə çatdırması, eləcə də gələcək karyera seçimlərinə dəstək göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Kamal Əhmədov öz həyat və fəaliyyət təcrübəsini gənclərlə bölüşüb. O, əldə etdiyi uğurların arxasında dayanan zəhmət, əzmkarlıq, səbir və qarşılaşdığı çətinliklərdən bəhs edib. Gənclərə hədəflərinə çatmaq üçün daim çalışmaq, öz üzərlərində işləmək, fürsətləri dəyərləndirmək və qarşılarına qoyduqları məqsədlərdən dönməmək barədə tövsiyələrini çatdırıb.

Söhbət zamanı gəncləri maraqlandıran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar ətraflı cavablandırılıb. Sual-cavab formatında davam edən görüş iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici olub.

Gənclər rəhbərin səmimi münasibətindən, həyat təcrübəsindən və tövsiyələrindən faydalanaraq gələcək fəaliyyətləri üçün dəyərli təəssüratlar əldə ediblər.

 

 

Ləman Bəylərova