Namiq Tofiqoğlu yazır: Sən qalxıb gedəndən sonra…

Ömrüm boyu çox süfrədə oturmuşam, çox söhbət dinləmişəm. Zaman keçdikcə anladım ki, insanı tanımaq üçün onun nə dediyinə yox, harada danışıb harada susduğuna, sözü ilə əməlinin bir-birinə nə qədər yaxın olduğuna, gözlərinin nə dediyinə baxmaq lazımdır. Bu yazı həmin müşahidələrdən doğub.

Danışdığı və susduğu

İnsanı tanımaq üçün bəzən onun ən çox danışdığı və ən çox susduğu yerlərə baxın. Ən çox danışdığı özündə əskik olanlardır, ən çox susduğu isə özündə heç olmayanlardır.

Hər söhbəti pula, gücə, hörmətə gətirən insanı görəndə ona qəzəblənmirəm, əksinə, bir az da yazığım gəlir. Çünki o, öz əskikliyini hər gün yenidən yaşayır və hər gün başqalarına göstərməyə çalışır. Doluluq səssizdir, boşluq isə səs çıxarır. Xalqımız bunu bir cümlə ilə deyib: boş qab çox səs salar.

Susqunluq isə daha dərin qatdır. İnsan heç dadmadığı hiss haqqında danışa bilmir, çünki onun dili yoxdur. Mərhəmət, vicdan, sevgi söhbəti açılanda kimsə susursa, bəzən bu, həmin hissin onda heç olmadığını göstərir. Amma «bəzən» deyirəm, çünki insan ən müqəddəs hissi barədə də susa bilər. Bu iki susqunluğun fərqini sözdə yox, gözdə görmək olar.

Söz, əməl və göz

İnsanın görünüşünə və sözünə yox, dedikləri ilə əməlinin uyğunluğuna, üz ifadələrinə baxın. Danışmağı bacarırsansa danış, ilham alsınlar; susmağı bacarırsansa sus, insan saysınlar.

Söz vəd kimidir, əməl isə həmin vədin altına atılan imza. Gözəl danışıb başqa cür yaşayan insan nə qədər çalışsa da, ürəyə toxuna bilmir. Hissi, sözü və əməli bir olan insan isə az danışsa da, ətrafında güvən yaradır. Danışmaq istedaddır, susmaq isə tərbiyə. Bəzən lazımsız bir sözü udmaq ən böyük sözü deməkdən çətindir.

Üz ifadələri bəzən danışan insanın əksinə olur. O danışır, üzü də onunla birlikdə danışır, amma tam əksini deyir.

Hamımız belə anları yaşamışıq. Biri «çox sevindim» deyir, amma gözündə soyuqluq var. Biri «heç əsəbi deyiləm» deyir, amma çənəsi sıxılıb. Saxta təbəssüm dodaqda qalır, səmimi gülüş isə gözə qədər çatır. Məhəmməd Kamalın bir sözü bunu hamısından gözəl deyir:

Səmimiyyətin dili yoxdur, onun dili gözlərdədir.

Yanında

Elə adam var ki, yanında düşündüklərini danışırsan. Elə adam da var ki, yanında danışdıqlarını düşünürsən: görəsən, söz edər?

Birinci insanın yanı dincəlmək yeridir, ikincinin yanı isə yoxlama məntəqəsi. Birincinin yanında fikir öz-özünə sözə çevrilir, ikincinin yanında isə hər söz əvvəlcə ağılda süzgəcdən keçir. Əsl dostluğun izahı yoxdur: sadəcə onun yanında maskaya ehtiyac qalmır. Bu fikri yazanda özümə də bir sual verdim: başqaları mənim yanımda düşündüklərini rahat danışa bilirmi?

Süfrədəki imtahan

Bir süfrədə kimsə tərif olunanda mövzunu dəyişən insana diqqət edin. Üç nəfərdən biri durub gedəndə onun arxasınca danışana da diqqət edin. O insan səmimi deyil və onda şəxsiyyət yetərsizliyi var: kimisə aşağılayaraq özünü ucaltmağa çalışır. Xainlik məhz yetərsizlikdən doğur.

Süfrə insanın ən çılpaq göründüyü yerdir. Orada hamı rahatdır, maskalar boşalır. Başqasının tərifi bəzilərinin boğazında qalır, çünki başqasının işığı onların öz kölgəsini göstərir. Arxadan danışan isə daha açıq imza qoyur: özünü yüksəldə bilmədiyi üçün başqasını endirir ki, arada məsafə yaransın. Xalq yenə də ən doğrusunu deyib: sənin yanında başqasının qeybətini edən, başqasının yanında sənin qeybətini edər.

Bu tip insanlar əslində doğru xarakterli insanları seçmə qabiliyyətinə malikdirlər və onların yanında olmaqla cəmiyyətdə özlərini ifadə imkanı qazanırlar. Amma məqamı çatanda həmin insanları əskildərək özlərini uca tutmağa çalışırlar.

Məni ən çox düşündürən də bu paradoksdur. Belə insan yaxşını tanıyır, gözü düz görür, doğru insanı seçir və onun kölgəsində böyüyür. Sarmaşıq da belədir: güclü ağaca sarılıb yuxarı qalxır, sonra o ağacı boğur. Problem görməkdə deyil, ürəkdədir. Görür, amma sevə bilmir. Seçir, amma sadiq qala bilmir. İnsan özünü ucaltmaq üçün ona yol açan əli dişləyəndə öz yetərsizliyini ömürlük möhürləyir.

Səni tərifləyən süfrədə deyil, sən qalxıb gedəndən sonra tanınır.

Ürək və göz: Kant və Makiavelli

Makiavelli deyir:“Hiyləni öyrən və məqamında lazım olanı istifadə et. Kant deyir: əxlaqlı ol, nəticə nə olursa olsun. Xarakter, hiss və emosiya ayrı şeylərdir. Düşünürəm ki, cəmiyyət insandan xarakter alətlərini öyrənməyi tələb edir”.

Biri qalib gəlməyi öyrədir, digəri insan qalmağı. Yalnız Kantı tanıyan insan cəmiyyətdə yeyilir, yalnız Makiavellini tanıyan isə özünü itirir. Hiss gəlib-gedir, emosiya dalğadır, xarakter isə sahildir. Sahili möhkəm olan insan dalğadan qorxmur, amma dalğanı tanımağı da bacarmalıdır.

Xarakter alətləri vacibdir. Onları doğru idrak edənlər uğurlu olur.

Aləti olmayan yaxşı insan alətsiz musiqiçiyə bənzəyir: ruhunda musiqi var, amma eşidən yoxdur. Ona görə öz-özümə belə deyirəm: ürəyin Kantın olsun, gözün Makiavellinin.

Alət olma

Amma alətə adət edib onu təqlid edənlər, onu insan olmaq sananlar, özüylə baş-başa qala bilməyənlər şəxsiyyət yetərsizliyi yaradır. Yetərsizlikdən doğan psixoloji alətləri belə insanlara qarşı işlət. İdeal idraka isə ideal alətlərlə yanaş. Özünü tanı, alətləri isə fərqindəliklə, yerində istifadə et.

Maska lazımdır, amma insan onunla eyniləşəndə üzünü itirir. Belə insan tək qalanda nə alət qalır, nə maska. Qarşısında yalnız vicdanı qalır və o, bu üzləşmədən qorxur. Ona görə həmişə səs-küy, həmişə cəmiyyət axtarır.

Alət olma, alətdən istifadə et. Alətə adət etmə, ondan doğru zamanda istifadə et. Necə ki texnikalar aidiyyəti üzrə işlədilir, psixoloji texnikaları da doğru məqamda işlət.

Susmaq məqamında güc, hər yerdə isə qorxaqlıqdır. Danışmaq məqamında ilham, hər yerdə isə boşboğazlıqdır. Hiylə məqamında müdafiə, hər yerdə isə xəyanətdir. Bu yazı insanı tanımaqla başladı və özünü tanımaqla bitir. Qədim Delfi məbədinin qapısında yazılan iki söz bütün bu fikirlərin açarıdır: özünü tanı.

Alət sənin əlindədirsə, sən insansan. Sən alətin əlindəsənsə, sən alətsən…

 

Müəllif: Namiq Tofiqoğlu