Namiq Tofiqoğlu yazır: Məhək daşı…

“Ancaq ürəklə yaxşı görmək olar. Əsl olan gözə görünməz.”— Antuan de Sent-Ekzüperi, “Balaca Şahzadə”

Dərvişin axtarışı

İllər öncə oxuduğum bir hekayə var. O vaxtdan ruhumun bir küncündə sakitcə yaşayır.

Bir dərviş ömrünü məhək daşının axtarışına vermişdi. O daş dəmirə toxunan kimi onu qızıla çevirirdi. Dərviş yollara düşdü, çaylar keçdi, dağlar aşdı. Qarşısına çıxan hər daşı götürür, belindəki dəmir zəncirə sürtür, heç nə dəyişmədiyini görüb yerə atırdı. Götürür, sürtür, atır… Götürür, sürtür, atır… Bu hərəkət o qədər adiləşmişdi ki, artıq baxmadan edirdi.

Bir gün təsadüfən zəncirinə göz saldı və zəncirin qızıl olduğunu gördü. Dərviş donub qaldı. Axtardığını çoxdan tapmışdı. Sadəcə tapdığını görməmiş, onu da başqa daşlar kimi yolun kənarına atıb getmişdi.

İnsan da belədir. Ən böyük xəzinəsi çox vaxt uzaq ölkələrdə olmur. O xəzinə lap yaxınında, bəlkə də yüz dəfə yanından keçdiyi, gözünə adi görünən bir şeydə gizlənir.

Ən böyük xəzinə çox vaxt yüz dəfə yanından keçdiyimiz, amma görmədiyimiz şeydir.

Höte «Faust»da deyir: “Atalarından miras qalanı qazan ki, ona həqiqətən sahib olasan”.Əlimizdə olan şey dəyərini dərk etməyincə hələ bizim olmur.

Bağışlanan daş

Sadə bir ailədə bir qız dünyaya gəlir. Təvazökar süfrə başında, isti çörək qoxusunda böyüyür. Onun kim olduğunu heç kim bilmir, nə özü, nə də onu böyüdənlər. Sonra bir gün o qızı başqa bir ocağa yola salırlar. «Sənin olsun» deyirlər, xeyir-dua verirlər, göz yaşı ilə qapıdan ötürürlər.

Bilmədən bir məhək daşı bağışlayırlar.

O daş yeni evə girən kimi həmin evin istiliyinə çevrilir. Səhər pəncərəni açan da, axşam çırağı yandıran da o olur. Sevgisi ilə ocağa od salır, sevinci ilə divarları isidir. Öz işığı ilə hər tərəfə parıltı saçır. Bu parıltı göz qamaşdırır, ətrafında gözəllik yaradır. Toxunduğu hər şey dəyişir. Soyuq otaq yuvaya dönür, adi gün bayrama çevrilir, sınıq könül yenidən bütövləşir.

Qədrini bilənin əlində

Amma məhək daşının bir sirri var: o, öz dəyərini car çəkmir. Səssizdir, təvazökardır. Elə buna görə də çoxları onu tanımır. Onu əllərindəki dəmirə sürtüb dəyişikliyi görməyənlər olur. Sonra da onu adi bir daş kimi kənara atırlar, çünki ona laiq deyildilər. Bir gün əllərinə baxanda orada qızılın parıldadığını görürlər. Nəyi itirdiklərini yalnız onda anlayırlar, amma artıq gec olur.

Xalq nə gözəl deyib: “Əldə olanın qədri bilinməz”. Bəzən itki insanın ən acı müəllimi olur.

Məhək daşını göz yox, ürək tanıyır.

O daş onu görən, kəşf edən, dəyərini bilən əllərdə qalır. Onu kəşf etməyənlərin əlində isə yalnız qızıla dönmüş o dəmir bir xatirə kimi qalır. Çünki o daş harada olursa olsun, iz qoyur. Getdiyi yerdə dəmiri qızıla çevirib gedir.

Mənim fikrimcə, insan yaratmır, kəşf edir. Məhək daşı da yaradılmır, kəşf edilir. Onu kəşf edən isə təkcə daşı yox, öz taleyini də tapır.

Ey məhək daşı…

Olduğun hər yeri işıqlandırdın, hər işi gözəlliyə qərq etdin. Bil ki, sən harada olsan, o parıltı da orada olacaq. Getdiyin hər yerdə izin qalacaq. Dəmirini qızıla çevirib getdiyin yerlər səni unutmayacaq.

Füzuli deyir: “Eşq imiş hər nə var aləmdə, elm bir qilü-qal imiş”. Sənin sirrin də sözdə yox, sevgidə idi.

Allah sənə parlayan, səni sevindirən, səni öz-özünlə bütövləşdirən bir daş verib, o daşa da qaş qoyub.

Sənə qaş olanlar səninlə həmdaş olacaq.

Müəllif: Namiq Tofiqoğlu