“Alim öldü, aləm öldü”-Samir Mustafa yazır…

Texnika elmləri doktoru Musa Kazımovun əziz xatirəsinə

Bir alim dünyasını dəyişəndə sadəcə bir insan getmir, onunla birlikdə bir ömür hesabına qazanılan illərin elmi təcrübəsi gedir.

Bu günlərdə sosial şəbəkələri acı bir xəbər bürüdü: “Kəlbəcərli alim vəfat etdi”. Bu xəbər həm Azərbaycan elmi, həm də Kəlbəcər üçün ağır itki oldu.

Texnika elmləri doktoru Musa Kazımov vəfat etdi.

Əslən Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndindən olan Kazımov Musa İsmayıl oğlu uzun illər B. Sərdarov adına Maşınqayırma zavodunda baş mühəndis, direktor müavini vəzifələrində çalışıb. Bununla yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Materiallar Müqaviməti kafedrasının müdiri kimi ölkəmizdə neft mühəndisliyi elminin inkişafında əvəzsiz töhfələr verib.

Mənim xatirəmdə qalan Musa müəllim

Musa müəllimlə ilk tanışlığım 2010-cu ildə hörmətli ziyalımız Cavid Qurbanovun seçki kampaniyası zamanı Bakıda olmuşdu. O vaxt mən də bir qrup Kəlbəcərli ziyalı ilə birgə tədbirlərin təşkilində iştirak edirdim.

Məndən haralı olduğumu soruşdu. Dedim: “Kəlbəcərin Otaxlı kəndindənəm”. Üzündə təbəssüm yarandı: “Oğul, Otaxlıda kimlərdənsən?”. Dedim: “Əsədin, Mənzərin nəvəsiyəm”. O anda Sadıq əmimi xatırladı və salamını çatdırmağımı tapşırdı.

O tədbirlərdə Musa müəllimdən başqa Kəlbəcərin bir çox ziyalıları da iştirak edirdi. Görünür, heç nə təsadüfi deyil – Musa müəllimlə qarşılaşmağım da qismət imiş.

Sonra öyrəndim ki, bu sadə sualın arxasında 65 illik bir dostluq tarixi dayanır. Mənim babam Əsədlə Musa müəllimin atası İsmayıl baba 1941-45-ci illər müharibəsində birgə ağır döyüş yolu keçib, dəfələrlə ölümün pəncəsindən biri- birinə dayaq olaraq xilas olublar. O dostluq o qədər möhkəm olub ki, babam vəfat edəndən sonra da İsmayıl baba ailəmizi tək qoymayıb. İllər sonra isə o iki ocağı qohumluqdan üstün sayılan müqəddəs kirvəlik bağlayıb.

Son illərdə böyük xalamla söhbət zamanı dedi: “Sizin kəndçi qağamın dostu İsmayıl əmi vardı, onun qızı Kifayət xanımla bir oxumuşuq, sinif yoldaşı olmuşuq. Bacı kimi gözəl münasibətimiz vardı. Ay Samir, harada olurlar, necədirlər?”. Burada diqqətimi çəkən başqa bir məqamı da xalam açdı – məlum oldu ki, ana babamla da İsmayıl babanın dostluğu varmış.

Bu ocağın el- obamıza etdiyi yaxşılıqların sayı- hesabı yoxdur. Musa müəllimin qardaşı Əlövsət müəllimlə bağlı bir xatirəni Nizami əmim tez-tez danışır. Qaçqınlığın ən ağır günləri idi, Gəncədəydik. Əlövsət müəllim bizi axtarıb- arayıb çətinliklə tapmışdı. O vaxt 1941-45-ci illər müharibəsi iştirakçılarına və vəfat edən iştirakçıların həyat yoldaşlarına dövlət tərəfindən maddi yardım verilirdi. Əmim deyir, o vaxt qardaşın qardaşdan xəbəri yox idi, kim haradadır, kim sağdır, bilinmirdi. İdarə- müəssisə tanımaq heç ağla da gəlmirdi. Belə bir vaxtda Əlövsət müəllim gəlib nənəmin sənədlərini özü qeydiyyata alıb apardı və o yardım bizə də çatdı.

Musa müəllimlə sonuncu dəfə 2025-ci ilin sentyabrında Kəlbəcərdə, Şirinbulaq yolunda rastlaşdıq. Biz qayıdırdıq, o gedirdi. Maşını saxlayıb hal- əhval tutduq. “Buralara hər gələndə uşaqlığım yadıma düşür. Baxıram viran qalmış evlərə, çağırırsan səsinə səs verən olmur”, – dedi. Səsi titrəyir, gözləri dolurdu.

Atam könlünü almaq üçün zarafatla dedi: “Əmioğlu, Xaqani müəllim bir dəfə çilingağacda məni o qədər yorub ki, bu gün də yadımdan çıxmır”. Bu sözdən sonra onun üzündə gülüş yarandı.

Söz Beş kəndimizin ağsaqqalı Xaqani müəllimdən düşmüşkən, tələbəlik illərimdə onun mənə göstərdiyi qayğını Musa müəllimlə bölüşdüm. Hər gününü auditoriyalarda keçirən bir elm adamı üçün qardaşının tələbəyə diqqətinin necə qürurverici olduğunu gözlərindən oxudum.

Bu yay Mehparə həkimə dedim ki, Musa müəllimin həyatından Zaur Akifoğlunun “Məskənim” layihəsi üçün bir veriliş çəkək. Mehparə həkim sevinclə atası ilə danışdı. Amma Musa müəllim: “Ağrıyıram, gücüm çatmayacaq”, – dedi. Biz təkid etmədik, sağlığı hər şeydən üstün idi.

Günü- gündən səhhətinin pisləşdiyini eşidirdim. Son ümidimiz də üzülürdü. Ad günündə onun üçün yazı hazırlayıb paylaşdıq. Mehparə həkim zəng edib: “Yazını ataya oxudum. Bəyəndi, dedi çox sağ olsun”, – söyləyəndə nə qədər sevinmişdim. Bu, Musa müəllimlə son xatirəm oldu.

Musa müəllimi yad edərkən onun ömür-gün yoldaşını – Kəlbəcərin sayılıb-seçilən müəllimlərindən biri olan, ömrünü gənc nəslin təhsilinə həsr etmiş, elə mənim valideynlərimin də müəllimi olmuş əziz Əntiqə müəlliməni də hörmət və ehtiramla anıram.

Atamla Məhluqə bibim eyni sinifdə oxuyublar, sinif rəhbərləri isə Əntiqə müəllimə olub. Sinif rəhbəri olmaqla yanaşı, həm də sevimli müəllimləri olub. Atam deyir ki, son zəngdən sonra Əntiqə müəllimənin təşkilatçılığı ilə “Dəlikdaş”a gedib qonaqlıq keçirmişik.

Musa müəllim və Əntiqə müəllimə təkcə tələbə yetişdirməyib, cəmiyyətimizə ziyalı övladlar da bəxş ediblər. Qızları, tibb üzrə fəlsəfə doktoru Mehparə Kazımova hematologiya sahəsində ölkənin sayılıb-seçilən həkimlərindəndir.
Oğulları Azər Kazımov isə yol mühəndisi kimi ölkəmizin yol-nəqliyyat infrastrukturunun inkişafına töhfə verir.

Musa müəllimin itkisi Yuxarı Qılınclı camaatı ilə bərabər bütün Kəlbəcər və Azərbaycan elmi üçün ağır itkidir.

Musa müəllimə sağlığında söz verdiyim, amma yerinə yetirə bilmədiyim bir film borcum qaldı. Onu mənəvi borc bilərək, yaxın günlərdə o filmin çəkilişinə başlayacağıma dair Musa müəllimin ruhu qarşısında söz verirəm.

Ruhu şad, məkanı cənnət olsun!

Müəllif: Samir Mustafa