Namiq Tofiqoğlu yazır: Arzu,insan və zaman…

İnsanın istəkləri, daxili aləmi və özünüdərkin fəlsəfəsi

Bir yapon inancında belə deyilir:”Bir şeyi bu qədər çox istəməyinin səbəbi gələcəkdə ona onsuz da sahib olacağındır. Həsrətin — sahib olacaqlarının qabaqcadan görünən anonsudur…”

Arzunun görünməyən üzü

Bu sözləri ilk dəfə oxuyanda içimdə qəribə bir rahatlıq hiss etdim. Sanki illərdir ürəyimdə daşıdığım istəklər birdən-birə ağırlıq olmaqdan çıxdı, gələcəkdən gələn bir məktuba çevrildi. Mənim fikrimcə, bu inancda böyük bir həqiqət var: insanın ürəyində doğan güclü istək boş yerə doğmur. O, insanın içində artıq nəyinsə cücərdiyinin, nəyinsə ona doğru gəldiyinin işarəsidir.

İnsan arzulayan, düşünən və gələcəyi təsəvvür edən varlıqdır. Onun həyatı yalnız sahib olduqları ilə deyil, sahib olmaq istədikləri, gecələr yuxusunu qaçıran ümidləri və gizli həsrətləri ilə də yoğrulur. Amma çox vaxt insan bilmir ki, əslində nəyi istəyir.

Ev arzulayan insan bəlkə də dörd divarı deyil, o divarların arasında tapacağı rahatlığı, təhlükəsizliyi və ürəyinin sakitliyini istəyir. Sevgi arzulayan insan təkcə sevilmək deyil, anlaşılmaq, qəbul edilmək, kiminsə həyatında dəyərli yer tutmaq istəyir. Uğura can atan insan isə çox vaxt puldan çox, zəhmətinin görünməsini, “bacardın” sözünü eşitməyi arzulayır.Düşünürəm ki, arzu insanın qəlbinə açılan qapıdır. Hər istəyin arxasında bir ehtiyac, hər ehtiyacın arxasında isə insanın özünə və dünyaya baxışı dayanır.

Arzu — gələcəyin anonsu

Yapon inancı arzuya qorxu ilə yox, ümidlə baxmağı öyrədir. Film başlamazdan əvvəl onun anonsunu göstərirlər; biz hələ filmi görməmişik, amma artıq onun ab-havasını, rəngini, səsini hiss edirik. Mənim fikrimcə, insanın güclü həsrəti də belədir: o, gələcəkdə yaşanacaq bir həyatın qısa görüntüsüdür.

Bu fikir kitabımın əsas düşüncəsi ilə də səsləşir. İnsan yaratmır, kəşf edir. Uçan xalı xəyalı əsrlər sonra təyyarəyə çevrildi; xəyal əvvəl ürəkdə doğuldu, sonra ağılda formalaşdı, sonra əllə gerçəkləşdi. Deməli, arzu boş bir istək deyil, hələ kəşf edilməmiş gerçəyin insan qəlbindəki ilk işığıdır.

İnsan arzuladığı şeyin özünə deyil, o şeyin ona yaşadacağını düşündüyü hissə bağlanır.

Amma bu inancı dəyişməz bir qanun kimi deyil, insana ümid verən bir baxış kimi anlamaq lazımdır. Arzu özü-özlüyündə heç nəyi gətirmir; o, yalnız yolu göstərir. Yolu getmək isə insanın öz zəhmətidir.

Arzu ilə qorxu arasında

İnsanın şüuru təkcə olanı deyil, ola biləcəyi də görür. Ona görə də insan hələ itirmədiyi şeyin yoxluğunu təsəvvür edə bilir. Sağlamlığın qiymətini xəstəlikdə, zamanın dəyərini geriyə baxanda, yaxınlığın mənasını isə ayrılıq qorxusu yarananda dahadərindən anlayırıq.

Arzu — gələcəkdə kəşf ediləcək gerçəyin insan qəlbinə düşən ilk işığıdır.

Belə olanda gələcəyin kölgəsi bu günün üzərinə düşür. İnsan sevdiyi insanla keçirdiyi anın sevincini duymaq əvəzinə, o anın nə vaxtsa bitəcəyindən qorxur. Xoşbəxtliyini qorumağa çalışarkən onu yaşamağı unudur.

Mənim fikrimcə, burada arzunun iki üzü görünür. Biri insanı irəli aparır: daha yaxşı həyat üçün çalışdırır, elmə, kəşfə, yaradıcılığa yönəldir. Digəri isə insanı əsir edir: “ona sahib olsam, yalnız onda xoşbəxt olacağam” düşüncəsi ilə xoşbəxtliyi hər gün sabaha köçürür. Məqsəd əldə edilir, yeni arzu doğulur, və insan yenə xoşbəxtliyi gələcəkdə axtarır.

İnsan bəzən hələ itirmədiyi şeyin itkisini indidən yaşamağa başlayır.

Əsas məsələ arzudan imtina etmək deyil. Əsas məsələ arzunu tanımaq, onun kökünü anlamaq və öz dəyərini yalnız əldə etdiklərinlə ölçməməkdir. Bir məqsədə çatmamaq insanı dəyərsiz etmir. Bir münasibətin bitməsi həyatın bitməsi demək deyil. Bir arzu gerçəkləşməyə bilər, amma gələcəyin bütün qapıları bununla bağlanmır.

Əsl daxili azadlıq — arzularının əsirinə çevrilmədən arzulaya bilməkdir.

Öz arzusunda özünü axtaran insan

İnsan təkcə dünyanı deyil, öz qəlbini də anlamağa çalışan varlıqdır. Amma özünü izah etmək hələ özünü dərk etmək deməkdeyil. Bəzən sevgi istədiyimizi düşünürük, amma içimizdə daha çox qəbul edilmək həsrəti yaşayır. Bəzən uğur istəyirik, amma əslində kiməsə özümüzü sübut etmək istəyirik. Bəzən keçmiş bir münasibətdən ayrıla bilmirik, çünki o münasibətlə birlikdə həyatımızın bir dövrünü, özümüzün bir parçasını itirməkdən qorxuruq.

Bu, hisslərimizin yalan olduğunu göstərmir. Sadəcə insan qəlbinin bir-birinə bağlı çoxlu ehtiyaclardan toxunduğunu göstərir. Üç Mənimiz — Real Mən, İdeal Mən və Sosial Mən — arzularımızda da danışır: biri olduğumuzu, biri olmaq istədiyimizi, biri isə başqalarının bizi necə görməsini istəyir.

İnsan arzusunun səbəbini araşdırdıqca, arzunun arxasında gizlənən özünü kəşf edir.

Bu kəşf üçün insan özünə cəsarətlə sual verməlidir: Mən bunu niyə istəyirəm? Ona sahib olsam, həyatımda nə dəyişəcək? Bu arzu məni böyüdür, yoxsa qorxularımı artırır? Mən doğrudanmı məqsədimə doğru gedirəm, yoxsa sahib olmadığım şeyin acısından qaçıram?

Düşünürəm ki, bu suallara verilən səmimi cavablar insanı öz qəlbinə yaxınlaşdırır. Arzusunu tanıyan insan seçimlərini də daha şüurlu edir.

Təbiətin tarazlığı, insanın tarazlığı

Təbiətdə heç nə tək böyümür. Toxumun ağaca çevrilməsi üçün torpaq, su, işıq və zaman lazımdır. Həyat ayrı-ayrı ünsürlərin bir-birinə bağlılığından və tarazlığından doğur. Dao fəlsəfəsinin dili ilə desək, Yin ilə Yanq bir-birini tamamladıqca həyat axır.

İnsan həyatı da belədir. Məqsəd və iradə vacibdir, amma insan yalnız nəticələrindən ibarət deyil. Onun sağlamlığı, sevdikləri, mənəvi dünyası və daxili rahatlığı da həyatının bütöv mənzərəsini yaradır. Bəzən insan bir məqsədə elə bağlanır ki, ona çatır,amma yolda öz rahatlığını və ən yaxınlarını itirir. Əlindəki qələbə ilə ürəyindəki boşluq arasında acı bir ziddiyyət yaranır.

Kamillik yalnız dünyanı dəyişmək bacarığı deyil, öz içində nəyin dəyişməli olduğunu dərk etməkdir.

Arzulamaq və sahib olmaq qədər, sahib olduğunun qədrini bilmək də, dəyişmək qədər özünü qəbul etmək də vacibdir.

Genişlənən idrak, gözəlləşən arzu

İnsan tarix boyu öz imkanlarını genişləndirən alətlər kəşf edib: yazı yaddaşı, riyaziyyat hesabı, texnika əməyi, süni intellekt isə düşüncəni gücləndirdi. Amma düşüncəni ifadə etmək imkanının artması insanın özünü daha yaxşı tanıması demək deyil. İnsan bəzən nə etməli olduğunu bilir, amma qorxusu ilə üzləşə bilmir; doğru qərarı anlayır, amma hissi ilə ağlı arasında körpü qura bilmir.

Bilik insana imkanların qapısını açır, özünüdərk isə o qapıdan hansı məqsədlə keçəcəyini göstərir.

Mənim fikrimcə, insan dünyanı və özünü dərk etdikcə arzuları da gözəlləşir. Cahilin arzusu sahib olmaq, aqilin arzusu anlamaq olur. Hansı dəyərləri qoruyacağımız, hansı arzunun arxasınca gedəcəyimiz və həyatımıza hansı mənanı verəcəyimiz isə heç bir alətə həvalə edilə bilməz — bu, insanın öz məsuliyyətidir.

Nəticə: Arzudan idraka

İnsan arzuları ilə gələcəyə yönəlir, düşüncəsi ilə o gələcəyi təsəvvür edir, təcrübəsi ilə isə özünü tanıyır. Bəzən istədiyinə sevgi ilə bağlanır, bəzən itirmək qorxusu ilə bu bağı daha da sıxır. Bu iki halın fərqini anlamaq insanın öz qəlbinə dərindən baxmasını tələb edir.

Yapon inancı bizə xatırladır ki, həsrət gələcəyin anonsudur. Mən buna bir şey də əlavə edərdim: anons filmin özü deyil. Filmə çatmaq üçün insan yolu getməli, yolda isə yaşamağı unutmamalıdır.

İnsan arzusunun arxasınca gedərkən dünyanı dəyişir; arzusunun mahiyyətini dərk edərkən isə özünü dəyişməyə başlayır.

Gələcək ümidlərimizi daşıyır, keçmiş təcrübəmizi qoruyur, amma həyatla birbaşa görüşümüz yalnız indi baş verir. Keçmişdən öyrənmək, gələcəyə hazırlaşmaq lazımdır, amma bu günü sabahın vədinə qurban vermək olmaz.

İnsan təkcə nəyi istədiyi ilə deyil, istəklərini necə dərk etdiyi ilə formalaşır.

 

Müəllif: Namiq Tofiqoğlu