Anar Eminov türk dünyası ölkələrində mübadilə proqramında iştirak etmiş tələbələrlə görüşüb-FOTO

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov beynəlxalq mübadilə proqramı çərçivəsində türk dünyası ölkələrinin ali təhsil müəssisələrində bir semestrlik təhsilini başa vuraraq universitetə qayıdan 10 tələbə ilə görüşüb.

KANAL32.az-a verilən məlumata görə,görüşdə tələbələrin beynəlxalq akademik mobillik çərçivəsində əldə etdikləri təcrübə, qazandıqları yeni bilik və bacarıqlar, eləcə də xarici ali təhsil müəssisələrində təhsil müddətində qarşılaşdıqları imkanlar barədə fikir mübadiləsi aparılıb.

Rektor Anar Eminov tələbə mübadiləsinin gənclərin akademik və şəxsi inkişafında mühüm rol oynadığını, fərqli təhsil mühitlərini yaxından tanımaq, yeni yanaşmaları öyrənmək və beynəlxalq əlaqələr qurmaq baxımından geniş imkanlar yaratdığını bildirib. Universitetdə tələbələrin beynəlxalq proqramlarda iştirakının təşviq edildiyini vurğulayan rektor türk dünyasının ali təhsil müəssisələri ilə əməkdaşlığın və tələbə mobilliyinin bundan sonra da inkişaf etdiriləcəyini qeyd edib.

Tələbələr mübadilə proqramı çərçivəsində əldə etdikləri təəssüratları bölüşərək təhsil aldıqları ali məktəblər, tədris prosesi və iştirak etdikləri akademik və sosial fəaliyyətlər barədə məlumat veriblər. Onlar fərqli ölkələrdən olan tələbələrlə birgə təhsil almağın, müxtəlif akademik yanaşmalarla tanış olmağın və yeni mədəniyyətləri yaxından öyrənməyin onlar üçün faydalı olduğunu bildiriblər.

Görüş zamanı rektor Anar Eminov mübadilə proqramında iştirak etmiş 10 tələbənin universitetin ictimai və sosial həyatında daha fəal iştirakının təmin olunacağını bildirib. Qeyd edib ki, onların beynəlxalq təcrübə və müşahidələrindən universitetin tələbə mühitinin inkişafı, müxtəlif tədbirlərin təşkili və tələbə təşəbbüslərinin dəstəklənməsi istiqamətində istifadə olunması məqsədəuyğundur.

Bildirilib ki, tələbələr sözügedən imkanlardan “Orhun Mübadilə Proqramı” çərçivəsində yararlanaraq türk dünyasının müxtəlif ölkələrinin ali təhsil müəssisələrində bir semestr müddətində təhsil alıblar.

Görüşdə tələbə mobilliyinin genişləndirilməsi, beynəlxalq təhsil imkanları barədə tələbələrin məlumatlandırılmasının artırılması və mübadilə proqramlarında iştirak edən tələbələrin universitet həyatına daha fəal inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb.