Mingəçevirin tam orta ümumtəhsilində yeni mərhələ: Yeni təmayül tədris modelinin tətbiqi ilə keyfiyyətli təhsilə doğru mühüm addım
2026–2027-ci tədris ilindən etibarən Mingəçevir şəhərində yeni təmayül tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisəsində innovativ təhsil yanaşmasının həyata keçirilməsinə başlanılır. Bu layihə ümumi təhsildə keyfiyyətin yüksəldilməsi, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun fərdiləşdirilmiş təhsil imkanlarının yaradılması, onların ali təhsil pilləsinə daha hazırlıqlı yetişdirilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kompetensiyaların formalaşdırılması məqsədini daşıyır.
Mingəçevir şəhərinin bu layihənin həyata keçiriləcəyi seçilmiş şəhərlər sırasında yer alması ölkədə təhsil sahəsində aparılan islahatlara göstərilən yüksək etimadın və şəhər təhsilinin son illərdə nümayiş etdirdiyi inkişaf dinamikasının növbəti göstəricisidir. Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisəsi məktəbi yalnız bilik verilən məkan deyil, eyni zamanda təhsil və gələcək karyeraya hazırlıq mərkəzi kimi formalaşdırmağı hədəfləyir.
Layihə çərçivəsində X–XI sinif şagirdləri maraq və meyillərinə uyğun təmayül istiqamətləri üzrə təhsil alacaq, fərdiləşdirilmiş tədris yanaşması, akademik dərinlik və peşəyönümlü hazırlıq imkanlarından faydalanacaqlar. Buraxılış və ixtisas fənləri üzrə maksimum dərs saatları ayrılacaq, dərsdən sonra müəllim nəzarəti altında təşkil edilən etüd məşğələləri vasitəsilə mövzuların dərindən mənimsənilməsi, davamlı təkrarlanması və intensiv test hazırlığı təmin olunacaq. Bu yanaşma şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə imkan yaradacaq.
Layihədə qəbul prosesi tam şəffaf və rəqabət prinsipləri əsasında təşkil olunacaq. Namizədlər IX sinif buraxılış imtahanının nəticələrinə əsasən sıralanacaq, qəbul mövcud yerlərə uyğun aparılacaq, eyni nəticə göstərən şagirdlər arasında isə təmayül fənləri üzrə illik qiymətlərin orta göstəricisi həlledici meyar olacaq. Bu mexanizm akademik cəhətdən ən hazırlıqlı şagirdlərin seçimində obyektivliyi təmin edəcək.
Yeni modelin əsas üstünlüklərindən biri də tədris prosesinə yalnız yüksək peşəkarlığı ilə seçilən müəllimlərin cəlb edilməsidir. Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında yüksək nəticə göstərən, qabaqcıl metodik hazırlığa malik və region üzrə fərqlənən müəllimlər şagirdlərin təliminə cəlb olunacaq. Bununla yanaşı, mütəmadi sınaq imtahanları, diaqnostik qiymətləndirmələr, nəticələrin ətraflı təhlili və fərdiləşdirilmiş dəstək mexanizmləri vasitəsilə hər bir şagirdin inkişafı davamlı izləniləcək və ehtiyac yarandıqda vaxtında dəstək göstəriləcək.
Layihə şagirdlərin akademik uğurları ilə yanaşı, onların fiziki və psixoloji rifahını da nəzərə alır. Dərslər balanslaşdırılmış gündəlik rejim əsasında təşkil olunacaq, akademik bloklardan sonra fiziki aktivlik və istirahət fasilələri yaradılacaq, məktəbdaxili etüd məşğələlərində tapşırıqlar yerinə yetiriləcək. Beləliklə, məktəbdən sonrakı vaxt şagirdlərin ailələri, istirahəti və şəxsi inkişafı üçün qorunacaq.
Yeni təmayül tədris modeli ənənəvi yanaşmadan əsaslı şəkildə fərqlənir. Əgər əvvəlki modeldə məktəb və repetitor hazırlığı paralel aparılır, valideynlər əlavə maliyyə yükü ilə üzləşirdilərsə, yeni yanaşmada hazırlıq prosesi tam şəkildə məktəb daxilində, dövlət tərəfindən təmin olunan vahid sistem əsasında həyata keçiriləcək. Bu isə həm ailələrin maliyyə yükünün azalmasına, həm də şagirdlərin daha sağlam və səmərəli təhsil mühitində inkişafına şərait yaradacaq.
Layihənin uğurlu icrası məqsədilə müəllimlərin seçim prosesi müsahibələr vasitəsilə həyata keçirilib, valideynlər və şagirdlərlə geniş maarifləndirici görüşlər təşkil olunub. Görülən hazırlıq işləri yeni təmayül tədris modelinin Mingəçevirdə uğurla tətbiqinə möhkəm zəmin yaradıb.
Yeni təmayül tədris modelinin Mingəçevir şəhərində tətbiqi təhsil sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu layihə şəhərin təhsil potensialının daha da güclənməsinə, yüksək akademik nəticələr əldə edən məzunların sayının artmasına, eləcə də Mingəçevirin ölkənin qabaqcıl təhsil mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.