Yolun özü olmağın nədəni. Fuad Cabarov – 55 yaşın fikir yolu
Yol yalnız asfalt, daş və körpü deyil. Yol, üzərində insanın izi olanda yol olur. O yolun yaddaşı olur, nəfəsi olur, taleyi olur. Bizim yolumuz da belə idi. Magistrallar, dağ aşırımları, çay keçidləri ilə yanaşı, görünməyən başqa yollar da vardı. Efir siqnalının analoq cığırları, radiodalğaların görünməz məkanı, peyk əlaqələrinin səssiz magistralları, optik kabellərin işıq sürəti ilə uzanan rəqəmsal xətləri. Biz həmin yolların yolçuları idik. Fuad Cabarov da həmin yolçulardan biridir.
Bəzən insanlar ömürlərini müəyyən peşəyə sərf edirlər. Elələri də var ki, ömürlərini peşənin özünə çevirirlər. Fuad məhz ikinci qəbildəndir. Otuz dörd ildən artıqdır ki, televiziya onun üçün sadəcə iş yeri deyil, həyat tərzi, düşüncə sistemi, yaradıcılıq məktəbidir. Onun televiziya taleyi də elə televiziya kimi montaj masası arxasında başlayıb. Kadrların bir-birinə necə bağlandığını öyrənən gənc montajçı sonralar insanların talelərini, şəhərlərin tarixini, bütöv televiziya layihələrini bir-birinə bağlayan menecerə çevrildi. Bu yüksəliş təsadüfi deyildi. Montaj otağından başlayan yol rejissorluğa, prodüserliyə, müəllifliyə, televiziya menecmentinə, nəhayət, rəhbərliyə qədər uzandı.

2008-ci ildə Fuad Cabarov “Kəpəz” Müstəqil Teleradio Şirkətinin Baş direktoru kimi fəaliyyətə başlayanda qarşısında sadəcə bir televiziya kanalı yox, böyük məsuliyyət dayanırdı. Sonrakı illərdə “Kəpəz” həm texniki imkanlarını müasirləşdirdi, həm də proqram siyasətini yenilədi, region mediasının ən etibarlı informasiya mənbələrindən birinə çevrildi. 2013-cü ildə isə onun rəhbərliyi ilə Qərb bölgəsinin ilk regional radio layihəsi olan Kəpəz FM (93.3 MHZ) fəaliyyətə başladı. Bu radio təkcə musiqi yayımlamadı; insanların gündəlik ovqatına, düşüncəsinə çevrilən yeni bir səs oldu. Fuad Cabarovun yaradıcılığı yalnız rəhbərlik fəaliyyəti ilə ölçülmür. O, onlarla sənədli filmin montaj rejissoru, yüzlərlə televiziya layihəsinin müəllifi, həmmüəllifi, rejissoru, prodüseri olub. “Difai” təşkilatından tutmuş Cümhuriyyət dövrünün Gəncəsinə, Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinə qədər müxtəlif mövzularda hazırlanan bədii-sənədli filmlərin layihə rəhbəri kimi milli televiziya salnaməsinə öz imzasını atıb. Eyni zamanda illərdir televiziya və radio üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət ayırır. Bu gün ölkənin müxtəlif televiziya və radio şirkətlərində çalışan onlarca mütəxəssisin peşə məktəbinin başlanğıcında Fuad Cabarov dayanır.

Mən Fuadı on yeddi ildir tanıyıram. 2009-cu ildə Yevlaxa gələndə o artıq Gəncədə “Kəpəz” televiziyasına rəhbərlik edirdi. Bizim tanışlığımız kabinetlərdə yox, yollarda başladı. Bizi yaxınlaşdıran ortaq taleyimiz idi. Paytaxtdan kənarda televiziya qurmaq. Bakıdan yüzlərlə kilometr uzaqda peşəkarlığı qorumaq. Region televiziyasının nəfəsini yaşatmaq. O illərdə doğulub boya-başa çatdığımız Bakı sanki bizim üçün regiona çevrilmişdi. Çünki həyatımız artıq Böyük İpək yolunun üzərində idi. Bakı–Yevlax, Bakı–Gəncə, Gəncə–Şəki, Şəki–Xaçmaz, Xaçmaz–Lənkəran… Bu yollar yalnız avtomobillərin hərəkət etdiyi yollar deyildi. Bu yollar ideyaların hərəkət etdiyi yollar idi. Yeni proqramların, yeni televiziya konsepsiyalarının, yeni ümidlərin yolları idi. Sonra həmin yollar bizi Azərbaycanın televiziya tarixində xüsusi yer tutan böyük bir layihəyə gətirib çıxardı – Region TV. Bu, sadəcə yeni televiziya kanalı deyildi. Bu, Azərbaycanın ilk regional televiziya şəbəkəsi idi. Müxtəlif bölgələrdə fəaliyyət göstərən televiziya kanallarını vahid informasiya məkanında birləşdirən, regional jurnalistikanı yeni mərhələyə qaldıran böyük media layihəsi idi. Gəncənin “Kəpəz”i, Yevlaxın EL TV-si, Şəkinin Kanal S-i, Xaçmazın RTV-si, Lənkəranın CTV-si və Tovuzun TTV-si ilk dəfə eyni ideya ətrafında birləşərək ölkədə tamamilə yeni televiziya modeli yaratdılar. Bu layihənin memarları sırasında İsmət Səttarovla yanaşı Fuad Cabarovun da xüsusi əməyi vardı. Biz quru yollarla bölgələrə gedirdik. Siqnallar isə optik kabellərlə, peyklə Bakıya qayıdırdı. Bölgələrdən yayılan səs bütün Azərbaycana çatırdı. Əslində Region TV təkcə texniki layihə deyildi. Bu, bizim kollektivlərlə yanaşı, insanların, Azərbaycan xalqının bir-birinə bağlandığı yol idi. Fuad həmin yolun mühəndislərindən biri idi.

Sonralar yollarımız bizi ölkə sərhədlərindən də kənara apardı. Xəzəryanı ölkələrdə keçirilən media forumları, beynəlxalq televiziya layihələri, mübadilə proramları, peşəkar görüşlər və s. Biz təkcə Azərbaycanı yox, regional televiziyanın yeni modelini də təqdim edirdik. Fuad Cabarov beynəlxalq media əməkdaşlığının fəal iştirakçılarından biri kimi müxtəlif ölkələrin televiziya rəhbərləri ilə ortaq layihələrin formalaşmasına töhfə verdi.
Bu gün Fuad Cabarov 55 yaşını qarşılayır. Əlli beş rəqəmdir. Amma ömür yolu rəqəmlərlə ölçülmür. İnsan keçdiyi yollarla, arxasında qoyduğu məktəblə, yetişdirdiyi insanlarla, qurduğu layihələrlə ölçülür.
Fuad Cabarov televiziya tarixində sadəcə rəhbər kimi yox, yol salan insan kimi qalır. Çünki yolların da taleyi olur. O yolların üzərində isə həmişə yolçular yaşayır. Fuad Cabarov da həmin yolçulardan-dır. Yolun həmişə işıqlı, siqnalın həmişə güclü, efiriniz isə daim açıq olsun, əziz həmkarım. Qoy həyatında qoşa rəqəmli ad günlərin bundan sonra azı dörd dəfə təkrarlansın.
İqbal Məmmədəliyev
ELTV-nin baş direktoru, ADMİU-nun Kino-televiziya sənətləri kafedrasının baş müəllimi