Dünyanın ən böyük dəyər yaradan bacarığı

Tarix bir həqiqəti dönə-dönə söyləyir: qalıcı güc birlikdən doğur.
Bir toplum nə vaxt yoxsullaşır?Pulunu itirəndəmi?

Torpağını itirəndəmi?

Yoxsa gücünü itirəndə?

Tarix başqa şey deyir. Bir toplum ən əvvəl birlik qurmaq bacarığını itirəndə yoxsullaşır. Pul yenidən qazanılar. Şəhərlər yenidən tikilər. Dağılan yollar yenidən çəkilər. Ancaq bir-birinə inanmağı, çiyin verməyi və birlikdə dəyər yaratmağı unutmuş toplumun ayağa qalxması çox çətin olar.

Biz çoxdan bir yanlışı doğru sanmağa başlamışıq.

Elə bilirik ki, güc təkbaşına böyüməkdir. Halbuki yer üzündə qalıcı iz qoymuş heç bir böyük iş tək adamın gücü ilə yaranmayıb. Hər böyük dəyişiklik əvvəl insanların bir-birinə inanması, sonra bir-birini tamamlaması, daha sonra isə ortaq bir dəyər yaratması ilə başlayıb.

Dil də birlikdən doğub.

Yurd da birlikdən doğub.

Elm də birlikdən doğub.

Sənət də birlikdən doğub.

Böyük dövlətlər də, böyük düşüncə məktəbləri də, böyük iş qurumları da.

İnsan min illər boyu yalnız güclü olduğu üçün yaşamayıb. Bir-birinə güvəndiyi üçün yaşayıb. Araşdırmalar göstərir ki, toplumu irəli aparan yalnız ağıl deyil. Ağılın birləşə bilməsidir. Tək bir insanın bilgisi məhduddur. Bir-birinə güvənən insanların bilgisi isə böyüyərək ortaq ağıla çevrilir. Güvən olmayan yerdə bilgi gizlənir. Bilgi gizlənən yerdə dəyər yaranmır. Dəyər yaranmayan yerdə isə gələcək qurulmur.

Bəlkə də buna görə eyni dili danışan, eyni yurdu sevən, eyni ağrını yaşayan insanlar bəzən bir-birindən uzaq düşür. Bir süfrədə otururuq, ancaq eyni yükün altına girməkdən çəkinirik. Başqasının qazancını öz qazancımız saymırıq. Onun yüksəlməsini öz yolumuzun daralması kimi görürük.

Halbuki birlik eyniləşmək, bir birini təkrarlamaq  deyil.

Birlik hər kəsin öz yerini tapmasıdır.

Birlik hamının eyni düşünməsi deyil. Ayrı-ayrı düşüncələrin ortaq bir yönə çevrilməsidir.

Birlik özündən vaz  keçmək deyil. Öz gücünü elin gücünə qatmaqdır.

Birlik başqasının qarşısında  əyilmək deyil. Bir-birini tamamlamaqdır.

Ən böyük yanılğımız da elə burada başlayır. Gücü başqasının payını əlindən  almaqda axtarırıq. Yer üzündə isə həmişəlik güc heç bir çağ bölüşdürülmüş paydan yaranmayıb. Yeni qaynaq quranlar tarix yazıb, hazır qaynağa sahib çıxmağa çalışanlar isə tarixdə keçici  iz buraxıb.

Gərçək üstünlük savaşa girmədən qazanılır.

Çünki savaş çox vaxt var olan dəyəri bölüşdürür. Yaradıcılıq isə boşluqdan yeni bir düşüncə  quruluşuna can verir.

Yer üzündə  hər yeri kəşf edilsə də, ancaq insanlar tərəfindən  məskunlaşmamış torpaqlar  çoxdur. Qarşılanmamış ehtiyaclar, görülməmiş işlər, qurulmamış bağlar, bir-birini tapa bilməyən insanlar, işlədilməmiş bacarıqlar, dəyərə çevrilməmiş biliklər… Birlik qurucusunun gözü həmin boşluğu görür. O, başqasının yerinə göz dikmir. Öz yerini yaradır.

Tarix bunun örnəkləri ilə doludur.

Göytürk qurultaylarında güc yalnız qılıncla ölçülmürdü, sözün də yeri vardı. Türk obasında heç bir oba təkbaşına el ola bilməzdi. El, obaların bir-birinə dayaq durması ilə yaranırdı. Ahi Evran sənətkarı yalnız çörək qazanan adam kimi deyil, başqasını da yetişdirən kişi kimi görürdü. Renessans bir dahinin deyil, yüzlərlə düşünənin bir-birini bəslədiyi çağ idi. Hansa birliyi şəhərləri rəqib olmaqdan çox ortaq qazancın gücü ilə tanış etdi. Toyota rəqabəti yalnız zavodun içində axtarmadı, hər işçini düşünən adama çevirdi. “Silikon Vadisi” bilgini gizlətməklə yox, paylaşan ağılın yaratdığı çevrə ilə böyüdü. NASA-da heç kim Aya tək çıxmadı. Finlandiya bilik yarışını deyil, öyrənmə ortaqlığını gücləndirdi. Avropa Birliyi yüz illərlə savaşan xalqların bir masa arxasında gələcək qurmağa çalışmasının örnəyinə çevrildi.

Tarix bir həqiqəti dönə-dönə söyləyir: qalıcı güc birlikdən doğur.

Biz isə çox vaxt birliyi yanlış anlayırıq.

Yeyib-içmək üçün bir araya gəlməyi birlik sayırıq.

Şəkil çəkdirməyi birlik sayırıq.

Alqışlamağı birlik sayırıq.

Halbuki birlik çətin gündə sınanar. Yük ağırlaşanda çiyin vermək birlikdir. Bildiyini gizlətməmək birlikdir. Səndən irəli gedənə paxıllıq etməmək birlikdir. Səndən geri qalanı yanında aparmaq birlikdir. Başqasının uğurunu öz uğurun kimi qarşılamaq birlikdir.

Başqasının qazancını öz itkisi sayan adam birlik qura bilməz.

Başqasının ucalığından qorxan adam birlik yaşada bilməz.

Başqasının yolunu kəsən adam bir gün öz yolunu da bağlayar.

Bizi parçalayan yalnız fikir ayrılığı deyil. Bizi ən çox içimizdə böyütdüyümüz kiçik “mən” parçalayır. Vəzifə həvəsi, görünmək istəyi, qısqanclıq, güvənsizlik, gizlətmək alışqanlığı, “mən olmasam olmaz” düşüncəsi… Birliyin ən təhlükəli düşmənləri çöldən gəlmir. İçəridə böyüyür.

Buna görə də birlik qurmaqdan əvvəl insan öz içində bir çevriliş etməlidir.

İç “mən”i iç “biz”ə çevirməlidir.

Bu, özündən vaz keçmək deyil. Özünü daha böyük bir anlamın içində tamamlamaqdır.

Törə də bunu öyrədirdi.

Törə yalnız yasa deyildi. Bir-birinə dayaq olmaq idi. Sözə sahib çıxmaq idi. Əməyin dəyərini bilmək idi. Böyük qazancın böyük məsuliyyət gətirdiyini unutmaq deyildi. Üstün gücü yalnız özün üçün deyil, bütün yurd üçün işlətmək idi.

Keçici duyğulara uyub parçalamaq istəyənlər həmişə olacaq. Ancaq üstün gücü Törə ilə qoruyanlar insanları birləşdirməyə çalışacaq.

Çünki gərçək dəyər təkbaşına böyümək deyil, böyüdükcə başqalarını da böyütməkdir.

Bu dünyadakı dəyərimiz qazandığımız var-dövlətlə ölçülmür. Yaşadığımız toplumun yaşantısına qatdığımız dəyərlə ölçülür.

Yetənək başlanğıcdır.

Ancaq yetərli deyil.

Bilik işlədilmədikcə gücə çevrilmir.

Öyrənmək yetmir.

Yaratmaq gərəkdir.

Yaratmaq da təkbaşına olmur.

Duyğusuz işdən qalıcı dəyər doğmur. Könlünü qatmadığın iş uzun yaşamır. Ağıl yol göstərər, sevgi yol saxlayar. Güvən isə o yolu gələcək nəsillərə çatdırar.

Bəlkə də buna görə hər birimizə doğulanda iki yol verilir.

Birinci yol arayış yoludur. Öyrənmək, çalışmaq, tər tökmək, dəyər yaratmaq və iz buraxmaq yoludur.

İkinci yol isə hazır qəliblərin içində ömür keçirməkdir.

Birincisi insanı bənzərsiz edir.

İkincisi onu yavaş-yavaş özündən uzaqlaşdırır.

Yer üzündə hər canlının gözəlliyi onun özəlliyindədir. İnsan da başqasını yamsıladıqca kiçilər, öz səsini tapdıqca böyüyər. Hər kəsin bacardığı işləri görməklə seçkin olmaq mümkün deyil. Seçkinlik yeni dəyər yaratmaqdan doğur.

Keçmişinə bağlı ol, anı yaşa, gələcəyə köklən.

Öz dilində düşün.

Çağın bilgisini öyrən.

Kökünü unutma.

Arayışı dayandırma.

Çünki hər gün bir dəyəri dəyişdirən, bir gün bütün dəyərləri dəyişdirər.

Bu gün Azərbaycanın ən böyük ehtiyacı yalnız yeni yollar, yeni binalar və yeni qurğular deyil.

Ən böyük ehtiyacı birlik qurma bacarığıdır.

Bilik adamının bilgisi o biri aydınlara  yol açmalıdır.

İş quran adam başqa iş adamının uğurundan güc almalıdır.

Yaradıcı adamı başqa sənət adamının səsini yüksəltməlidir.

Media adamı toplumun önündəki gərçəkləri gizlətməməli, ulusun bir birinə olan güvənini böyütməlidir.

Dəyər yaradıcısı  təkçə  öz ad sanını deyil, yaşadığı toplumun gələcəyini  düşünməlidir.

Özü üçün yaşayan adam özü, eli və yurdu üçün yaşayan isə yurdu boyda adam olar.

Bu yazını oxuyarkən bir anlıq özündən soruş:

Mən hansı birliyi böyüdürəm?

Mən nəyi bölüşürəm?

Mən kimə yol açıram?

Mən yeni hansı dəyər  qaynağı yaradıram?

Əgər bu suallar içində səni düşündürdüsə deməli, içində hələ sönməmiş bir köz var.

O köz dəyər yaratmaq istəyidir.

O köz çiyindaş axtaran könüldür.

O köz birlik qurmaq istəyən insandır.

Belə insanlar artıq bir-birini axtarmağa başlayıb.

Onlar başqasının payını almaq üçün deyil, yeni dəyər yaratmaq üçün bir araya gəlirlər.

Onlar bilir ki, dünyanın ən böyük varlığı, zənginliyi pul, neft və qızıl deyil.

Dünyanın ən böyük gəlirli qazancı  birlik qurmaq bacarığıdır.

Bu yolu seçənlər artıq bir ad altında bir-birini tanıyırlar.

Onlar özlərini Çölçü adlandırırlar.

Müəllif: Eltən Törəçi