Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, onlara sadə, təvazökar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda Cənab Prezident İlham Əliyev insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedən məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulayıb. Təvazökarlığı və xalqın yanında olmağı həyat tərzinə çevirən Cənab Prezident İlham Əliyev hər il öz doğum gününü sadə vətəndaşlarla qeyd edərək, “Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir” deyib: “Bununla da Cənab Prezident İlham Əliyev bütün məmurlara nümunə göstərərək, nümunəvi məmur obrazının aydın təsvirini vermişdir.
Dövlət qulluğu hər bir ölkənin idarəetmə sisteminin dayanıqlığını və effektivliyini təmin edən əsas sütunlardan biridir. Son illərdə Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar bu sistemin daha şəffaf, çevik və vətəndaş yönümlü olmasına xidmət edir. Ərazi bütövlüyünü və tam suverenliyini bərpa edən Azərbaycan iqtisadi, sosial və siyasi inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar ictimai həyatın müxtəlif sahələrində nəzərəçarpan irəliləyişə nail olmağa imkan vermişdir. Müasir müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində islahatların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 2001-ci il sentyabrın 1-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasını uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində edilən dəyişikliklər nəticəsində Komissiya ləğv olunaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi və təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmışdır. Dövlət İmtahan Mərkəzi ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Bütün dövlətlədə olduğu kimi, Azərbaycanda da dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkə miqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Azərbaycanda da son illər bu sahədə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha şəffaf və effektiv qurulmasına xidmət edir. Azərbaycanda dövlət qulluğu sistemi istər qanunvericilik, istərsə də dövlət idarəçiliyinin bütün sahələrində üzərlərinə götürdükləri məsuliyyət, seçim prinsiplərinin şəffaflığı və təkmilləşmə mexanizmləri baxımından böyük bir yol keçib. Xüsusilə rəqəmsallaşma prosesinin sürətlənməsi, elektron xidmətlərin genişləndirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi dövlət qulluğunun keyfiyyətinin yüksəlməsinə mühüm töhfə vermişdir.. Rəqəmsallaşma, kadr seçimi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də xidmət keyfiyyətinin artırılması istiqamətində atılan addımlar dövlət aparatının müasir çağırışlara uyğunlaşdırılmasını təmin edir. Dövlət Qulluğu Günü isə bu sahədə çalışan əməkdaşların fəaliyyətini dəyərləndirmək, əldə olunan nailiyyətləri vurğulamaq və gələcək inkişaf perspektivlərini müzakirə etmək üçün mühüm bir platforma rolunu oynayır. Bu gün çərçivəsində aparılan müzakirələr dövlət qulluğunun cəmiyyət üçün əhəmiyyətini bir daha ön plana çıxarır.
Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı əsasında təsis edilmişdir. Bu addım dövlət xidmətinin hüquqi, demokratik və dünyəvi idarəetmə sisteminin formalaşmasında oynadığı mühüm rola verilən dəyərin ifadəsi kimi qəbul olunur. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 23 iyunun “Dövlət Qulluğu Günü” elan edilməsi nəzərə alınaraq, bu tarix ölkəmizdə də rəsmi peşə bayramı kimi müəyyən edilmişdir.
Azərbaycanın müasir inkişaf mərhələsində əldə etdiyi uğurların təməli ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi köklü dəyişikliklərlə qoyulmuşdur. Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti ardıcıl şəkildə davam etdirərək idarəetmə sisteminin daha da müasirləşdirilməsinə nail olmuşdur. Nəticədə dövlət strukturları daha effektiv fəaliyyət göstərən, çevik və şəffaf mexanizmlərə əsaslanan bir sistemə çevrilmişdir. Hakimiyyət qolları arasında səlahiyyət bölgüsü dəqiqləşdirilmiş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün möhkəm hüquqi baza yaradılmışdır.
Müstəqillik illəri ərzində Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar aparılmış, dövlət idarəetmə sisteminin daha səmərəli təşkili üçün bir sıra dəyişikliklər həyata keçirilmişdir. Bu proses çərçivəsində bəzi dövlət qurumları yenidən strukturlaşdırılmış, lazımsız hesab edilən orqanlar ləğv olunmuş və onların yerinə daha funksional idarəetmə mexanizmləri formalaşdırılmışdır. Eyni zamanda, dövlət orqanlarının fəaliyyət istiqamətləri və vəzifələri daim yenilənərək daha dəqiq şəkildə müəyyən edilmişdir.
Son dövrlərdə dövlət qulluğu sistemində bir sıra yeniliklər həyata keçirilmişdir. Kadrların seçilməsi prosesində şəffaflığın artırılması məqsədilə müsabiqə və imtahan mexanizmləri təkmilləşdirilmiş, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi genişləndirilmişdir. Bundan əlavə, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi üçün müxtəlif təlim proqramları təşkil olunmuş, onların fəaliyyətinin qiymətləndirilməsi sistemi daha da müasirləşdirilmişdir. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və idarəetmədə çevikliyin təmin olunması əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Bu dəyişikliklərin nəticəsində dövlət idarəetmə sistemi daha şəffaf və effektiv xarakter almış, vətəndaş məmnunluğu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Dövlət orqanlarının fəaliyyətində müasir idarəetmə prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır.
Azərbaycan Respublikası olduqca qısa zaman kəsiyində dövlət quruculuğunun bütün sahələrində mühüm irəliləyişlərə imza atıb. Azərbaycan Respublikasında və onun siyasi sistemində müşahidə olunan keyfiyyət sıçrayışında dövlət qulluğu mürəkkəb, kompleks, sosial, hüquqi, təşkilati institutdur. Şübhəsiz, istənilən dövlət fəaliyyətinin səmərəliliyi dövlət aparatının rasional təşkil olunmuş strukturu, həmçinin dövlət qulluqçularının peşəkarlığı, səriştələri və məsuliyyətliliyi ilə ölçülür. Göstərilən özəllikləri özündə ehtiva edən dövlət qulluğu hakimiyyətin təməli və onun sabitliyinin, nüfuzunun və yüksək dinamizminin başlıca amilidir.
Dünyada bu gün rəqəmsal həllər, innovativ idarəetmə modelləri və insan resurslarının idarə olunmasında müasir yanaşmalar dövlət qulluğunun inkişafında əsas istiqamətlərdən hesab olunur. Azərbaycanda da həyata keçirilən islahatlar dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir. Azərbaycanda informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi məsələsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Azərbaycan Respublikası məntiqli islahatların nəticəsi olaraq dinamik inkişaf edən dövlətin qarşısında duran vəzifələri yüksək səviyyədə həll etməyə qadir səmərəli dövlət idarəçiliyi sistemi formalaşdırmağa müvəffəq olub. Lakin bu bir faktdır ki, zaman yerində durmur, yeni idarəçilik texnologiyaları meydana çıxır, dövlət qulluqçularının fəaliyyətinə daha proqressiv yanaşmalar ortaya qoyulur. Azərbaycanda dövlət qulluğu institutunun inkişafı məsələsində bir çox hallarda zamanın tələblərini geridə qoyan önləyici təşəbbüslər gerçəkliyə çevrilir. Bu arada insan resursu, bəzən hətta xammal, logistika potensialından istifadə daha böyük əhəmiyyət kəsb etməklə ön plana çıxır. Qeyd olunanların fonunda Azərbaycan Respublikasında uzunmüddətli strategiyaların seçimi, prioritetlərin müəyyənləşdirilməsi, dövlət qulluğunun XXI əsrin reallıqlarına uyğun modernləşdirilməsi önəmli bəhrələrini vermişdir.
Azərbaycanda artıq fəaliyyətə başlamış “elektron hökumət” dövlət məsələlərini səmərəli və operativ həll etməyə imkan verir. Beləliklə, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulub, bu tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizmdir. Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşmış peşəkar yeni nəsil dövlət qulluqçularından asılıdır. Yeni dövlət idarəçiliyi sisteminin hər bir üzvü dövlət idarəçiliyinin konkret istiqaməti üzrə mütəxəssisdir. Geniş təhsilli, yüksək intellektual keyfiyyətlər, yüksək idarəçilik təcrübəsi, işgüzar ünsiyyət vərdişləri, iyerarxik sistemə uyğunlaşmaq bacarığı – bütün bu və digər keyfiyyətlərin məcmusu yeni dövlət idarəçiliyi sisteminin hər bir üzvünə xas olan xüsusiyyətlərdir. Eyni zamanda son vaxtlar dövlət başçısının yaranmış vəziyyətlə əlaqədar operativ qərarlar qəbul etməsi, çoxvariantlı idarəçilik və böhranlı vəziyyətlərin kollektiv nizamlanması modellərini tətbiq etməsi, dövlət idarəçiliyinin bütün sahələrində informasiya texnologiyalarından geniş istifadəni zəruri etmişdir. Bu gün artıq dünyada yaxşı idarəçilik, dövlət xidmətlərinin keyfiyyəti və əlçatanlığı, dövlət idarəçiliyində məmur və vətəndaş ünsiyyətini minimuma endirmək, dövlət idarəçiliyində elektron xidmətlərin tətbiq edilməsi səviyyəsi və dövlət qulluğunda korrupsiya ilə mübarizə xüsusi indikatorlarla qiymətləndirilir və reytinq cədvəlləri tərtib olunur. Qlobal rəqabət İKT və internetin yaratdığı imkanlarla birlikdə daha da artmaqdadır. İnformasiya – kommunikasiya texnologiyaları cəmiyyətdə biznesin icra üsullarını olduqca inkişaf etdirmişdir. Belə ki, dünya ölkələrində dövlət idarəçiliyində elektron resursların tətbiqi ilə innovativ metodlara üstünlük verilir, idarəçiliyin təşkilinə xərclənən vəsaitə qənaət edilir. Azərbaycanda da hələ müstəqilliyin ilk illərindən dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına yönəlik önəmli addımlar atılıb. Bu sahədə qanunvericilik bazası formalaşdırılıb, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə davamlı həyata keçirilən strategiya nəticəsində ölkə böyük uğurlar əldə edib. Azərbaycan Respublikasının Prezidentinin imzası ilə müvafiq sərəncamlar, o cümlədən korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi sahəsində 6 strateji sənəd qəbul edilib. Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda “Elektron hökumət”in formalaşması təmin olunub. Dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlayn elektron xidmətlərdən geniş istifadə etməyə başlayıb.
Azərbaycanın brendi olan “ASAN xidmət” ilə digər dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin olunması bunun bariz nümunəsidir. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Bu xidmət mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, Azərbaycanda dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Azərbaycan Respublikasında dövlət idarəçiliyi sahəsində aparılan struktur dəyişikliklərin davamı olaraq, Prezident cənab İlham Əliyev 19 mart 2026-cı il tarixində dövlət sektorunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı bir sıra normativ aktlar imzalamışdır. Bu qərarlar dövlət qulluğunda maliyyə təminatının daha vahid prinsiplər əsasında formalaşdırılmasına yönəlmişdir.
Yeni tənzimləmələrə əsasən, dövlət büdcəsi hesabına verilən mükafatlandırma mexanizmi tamamilə yenidən nəzərdən keçirilmiş və kollektiv həmçinin fərdi bonus ödənişləri ləğv edilmişdir. Bunun nəticəsində əvvəlki stimullaşdırma sistemi aradan qaldırılmış, əməkhaqqı strukturu isə daha sabit və standartlaşdırılmış qaydalar əsasında yenidən qurulmuşdur. Əvvəlki dövrdə dövlət qulluqçularına əlavə ödənişlər əsasən bayram günlərində və fəaliyyət nəticələrinə uyğun olaraq, aylıq maaşın bir neçə misli həcmində həyata keçirilirdi. Hazırkı yanaşma əməkhaqqı sisteminin daha davamlı və proqnozlaşdırıla bilən modelə keçidini təmin edir. Bu dəyişiklik həm maliyyə şəffaflığını artırır, həm də ödəniş mexanizminin daha ədalətli və ölçülə bilən əsaslar üzərində qurulmasına şərait yaradır. Dövlət qulluğu haqqında” qanunda edilən dəyişikliklər beynəlxalq idarəetmə təcrübəsinə uyğunlaşdırılaraq yeni əməkhaqqı modelinə keçidi sürətləndirir. Bu modeldə əməkhaqqı bir neçə əsas komponentdən ibarət formalaşdırılır: baza vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavələr, iş şəraitinə görə kompensasiyalar və əlavə iş saatlarına görə ödənişlər.Beynəlxalq praktika göstərir ki, dövlət qulluqçularının sabit gəlirlə təmin olunması korrupsiya risklərinin azalmasına və idarəetmədə şəffaflığın güclənməsinə şərait yaradır. Nəticə etibarilə, yeni əməkhaqqı sisteminin tətbiqi dövlət sektorunda gənc, savadlı və peşəkar kadrların cəlb olunmasını və saxlanılmasını asanlaşdıracaq. Bu da ümumilikdə dövlət idarəetməsinin keyfiyyətinə və effektivliyinə müsbət təsir göstərəcək. Azərbaycan dünyada ortaya çıxan e-hökumət modelini dövlət idarəçiliyində həyata keçirmək marağındadır və buna müvafiq olaraq 2000-ci illərdən əvvəllərindən bu yana vacib işlər görülmüşdür. E-hökumətin tətbiqi nəyinki idarəetmə sisteminin yaxşılaşdırılmasına, hətta ölkənin əsas sahələrində olan iqtisadi sahəyədə müsbət təsir göstərməkdədir. Nəticə olaraq qeyd edə bilərik ki, müasir dövrdə idarəetmə prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün İKT sahəsinin rolu olduqca böyükdür. Ümumilikdə, Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar idarəetmə sisteminin daha müasir, dayanıqlı və səmərəli modelə çevrilməsinə şərait yaratmışdır. Dövlət qulluqçularının peşə bayramı isə onların fəaliyyətinə verilən qiymətin ifadəsi olmaqla yanaşı, bu sahənin gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün də mühüm əhəmiyyət kəsb edir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı