(Hekayə) Eltən Törəçi
Axşam vaxtıydı, şəhərin səsi-küyü yavaş-yavaş geri çəkilir, gündəlik yaşamın təlaşlı axışı sanki nəfəsini dərmək üçün dinclik axtarırdı. Bu axarın sükutunu pozan bir tək onun düşüncələri və nigarançılığı idi, dayanmadı. Telefonu götürüb Ağabəyinə zəng etdi və uzun açıqlama vermədən, yalnız bir cümlə ilə dedi ki: “Ağabəy, sizinlə paylaşmaq istədiyim önəmli bir məsələ var, amma bu düşüncəmi dörd divar arasında deyil, açıq havada bölüşsəm, daha yaxşı olar ”. Ağabəyi isə onun səsindəki qərarlılığı hiss etdiyi üçün əlavə sual vermədən razılaşdı, çünki bu ton adi söhbətin tonu deyildi.
Onlar şəhərdən çıxıb sahilə doğru gedərkən yolboyu danışmadılar, amma bu susqunluq gərginlik yaratmırdı tam tərsinə bu sükut sanki az sonra danışılacaq düşüncələrin ağırlığını daşıyırdı və hər ikisi anlayırdı ki, bu söhbət tələsik deyil, düşünülərək, ölçüb-biçilərək aparılmalıdır.
Sahilə çatanda maşını saxladılar, ətrafda heç kim yox idi, nə bir insan səsi, nə də şəhərin ürkütücü hay-küyü, yalnız dənizdən küləyin tumarladığı dalğaların uğultusu gəlirdi. Çölçü maşından düşdü, arxa qapını açdı və tələsmədən, amma qərarlı bir ardıcıllıqla qatlama masanı və oturacaqları çıxarıb qurdu, sonra samovarı götürdü, su töküb, öncədən meşədən toplayıb, maşında hazır qoyduğu quru odun parçaları ilə alışdırdı. Bu hazırlığın hər anında həyəcanlı bir istək, ölçülüb, biçilmiş düzən duyulurdu. Sanki o, sadəcə çay süfrəsi yox, içini dolduran düşüncələrini ağabəyi ilə doya-doya bölüşəcəyi bir söz meydanı qururdu.
Sonra yayı və oxları maşından götürərək masanın üstünə qoydu, sonra hədəf taxtasını bir az uzağa quma sancdı, geri dönəndə isə, artıq ağabəyi oturacaqda oturub, ayağını ayağının üstünə aşırıb, onu dinləməyə hazır gözləyirdi.
Ağabəyi onu başdan aşağı diqqətlə süzərək dedi:
– Sən bu qədər hazırlıqlı gəlmisənsə, deməli deyəcəklərin çox önəmlidir, məni səni dinləməyə tam köklənmişəm, başla, görək bu qədər dəyərləndirdiyin özəl mövzu nədir ?
Çölçü yayı əlinə aldı, ilk oxu girişə taxdı, hədəfə baxdı və buraxdı, ox kənara dəydi, o isə tələsmədən, amma içində yığılan sözün ağırlığını açmağa hazır bir insan kimi danışmağa başladı:
– Ağabəy, sən və sənin kimi adamlar bu toplumda söz sahibi sayılırsınız, insanlar sizi tanıyır, dinləyir, amma mən bir şeyi başa düşmürəm ki, niyə siz bir araya gəlib, hansısa ictimai məsələyə açıq mövqe qoymursunuz, niyə bu qədər açıq problemlər varkən aydınlar parçalanmış halda qalır. Çünki baxırsan ki, media hər şeyi araşdırır, dövlət qurumlarını tənqid edir, özəl sektorun gördüyü işləri didik-didik edir, insanları qınayır və bu, bəlkə də, lazımdır… Amma mənim sualım budur ki, hamını suçlamağa bu qədər rahat haqq tapan medianın özünü kim incələyir?..
İkinci oxu daha diqqətlə atdı, bu dəfə hədəfə yaxın dəydi və o davam etdi:
– Kim araşdırır ki, hansı sayt “fake news” yayır, kim incələyib-edir ki, hansı platforma oxunma və izlənmə saylarını artırmaq üçün yalançı botlardan, xaricdəki troll fabriklərinin qanunsuz xidmətlərindən istifadə etmir, kim baxır ki, bu oxunma sayları gerçəkdirmi, yoxsa sadəcə reklam almaq üçün qurulmuş bir illüziyadır, çünki ortada bir rəqəm oyunu var və bu oyun artıq gerçəkliyi əvəz etməyə başlayıb.
Ağabəyi bu dəfə susmadı, dərhal dedi:
– Sən bunu deyən ilk adam deyilsən, amma belə sualları verən çox olub, cavab verən isə az. Sənin fərqin nədir?
Çölçü üçüncü oxu götürdü, bu dəfə daha sərt buraxdı və dedi:
— Özəlliyim ondadır ki, mən təkcə onları suçlamıram, mən deyirəm ki, bu yalan düzənin, sistemin içində biz də, yəni toplumun hamısı da varıq, çünki o saytlara reklam verən də bizik, o saxta statistikaya inanan da bizik, o şişirdilmiş rəqəmlərlə qərar verən də bizik və sonra dönüb deyirik ki, problem başqalarındadır.
Bir addım yaxınlaşdı, səsini bir az alçaltdı, amma sözlərinin çəkisi artdı:
– Bu SMM şirkətləri var ha, deyirlər ki, rəqəmsal dövrdür, texnologiya dövrüdür, alqoritm belə işləyir, amma nəticədə ölkənin reklam bazarındakı pullar xarici platformalara axır, bir qrup vasitəçi də bu prosesdə öz payını götürür və bunu “müasirlik” adı ilə təqdim edir. Bəs kim yoxlayır ki, bu, doğrudan da, dəyər yaradır, yoxsa sadəcə pulun istiqamətini dəyişir?
Dördüncü oxu daha diqqətlə nişan aldı və bu dəfə ortanı vurdu, sonra davam etdi:
– QHT layihələrinə baxırsan, kitablar, filmlər hazırlanır, hesabatlar yazılır, amma kim deyir ki, bunlar, həqiqətən, xalqa fayda verir, kim ölçür ki, bu fəaliyyət real təsir yaradır, yoxsa sadəcə formal bir görünüşdür. Çünki kağız üzərində hər şey düzgün görünə bilər, amma toplumun içində bunun qarşılığı hiss olunmur.
Bir az dayandı, sonra daha sərt dedi:
– Musiqi sektoruna baxırsan, deyirik ki, zövq aşağı düşüb, amma o populyar sənətçiləri kim məşhur edir, kim onları toylara çağırır, kim tədbirlərdə səhnəyə çıxarır, kim pul verir ki, o səslər yayılsın, sonra da deyirik ki, cəmiyyət dəyişib, halbuki cəmiyyət öz-özünə dəyişmir, onu dəyişdirən bizik.
Ağabəyi qaşlarını qaldırıb , dedi:
– Yəni sən deyirsən ki, hamı günahkardır.
Çölçü beşinci oxu götürdü, bu dəfə atmadı, əlində saxladı və dedi:
– Mən deyirəm ki, hamımızın payı var və bunu qəbul etmədən heç bir dəyişiklik mümkün olmayacaq, çünki biz bir-birimizi yola veririk, tanıyırıq deyə susuruq, sabah işimiz düşər deyə görməzdən gəlirik, rahatımız pozulmasın deyə heç nə demirik və bu “yola vermək” artıq fərdi davranış yox, sistemin dayağına çevrilib.
Sükut düşdü.
Külək bir az sərtləşdi.
Ağabəyi bu dəfə daha sərt səslə dedi:
– Sən bunu dəyişmək istəyirsən, amma necə? Çünki bu sistemi dövlət dəyişmək istəsə, deyəcəklər senzura var, diktatura var, sən də bunu bilirsən.
Çölçü dərhal cavab verdi:
– Ona görə bunu dövlət etməməlidir, bunu aydınlar etməlidir, yəni sənin kimi duruşu olan, tanınan, amma satılmayan adamlar bir araya gəlib bir “Dəyər Özəyi” qurmalıdır… Elə bir çevrə ki, orada heç kim heç kimi yola verməsin, hər kəs hər kəsə həqiqəti deyə bilsin və bu çevrə topluma ağsaqqallıq etsin, amma qadağa ilə yox, etibarla, cəza ilə yox, vicdan oyadaraq.
Ağabəyi uzun müddət susdu, sonra dərin nəfəs alıb danışmağa başladı:
– Sənin dediyin doğru səslənir, amma sən bu toplumun aydınlarını idealizə edirsən, çünki onların çoxu artıq o duruşu qoruyub saxlaya bilmir, çünki linçdən qorxur, çünki bir söz deyən kimi üzərinə gəlirlər, çünki çoxu bir-birini bəyənmir, çünki hər kəs bir az da kütlənin xoşuna gəlmək üçün onların xoşuna gələcək sözləri seçir və bu vəziyyətdə sənin dediyin kimi sərt və prinsipial bir birlik qurmaq düşündüyündən daha çətin olacaq.
Bir az dayandı, sonra davam etdi:
– Üstəlik, bizdə sovetdən qalma bir problem var, aydın və yaradıcı adamlar parçalanıb: elm adamı öz aləmindədir, sənət adamı başqa aləmdədir, iş adamı isə tamam ayrı dünyadadır və bu üç sahə arasında elə bir uçurum yaranıb ki, bir-birini nə başa düşürlər, nə də bir araya gəlmək istəyirlər, bu parçalanma aradan qalxmadan heç bir “Dəyər Özəyi” tam işləməyəcək.
Səsini bir az möhkəmləndirdi:
– Biz əvvəlcə bunu çözməliyik, yəni elm, sənət və biznes arasında körpü qurmalı, bir masa ətrafında oturmağı öyrənməli və bütün bunları edərkən dövlətimizin yanında dayanmalıyıq. Axı bu dövlət gəncdir, amma gündən-günə güclənir və onun bizdən gözləntisi də məhz budur ki, biz bu toplumun düşüncə qatını, dövlətinə bağlı aydınlarını gücləndirək.
Sonra Çölçünün gözünə baxaraq dedi:
– Mən düşünürəm ki, yurdunu, törəsini və elini sevən, duruşunu qoruya bilən bütün yaradıcı aydınlar birləşməlidir və biz bunu bacara bilərik, çünki bu təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün önəmli bir məsələdir və əgər biz bunu düzgün qursaq, başqalarına da örnək olacaq bir yol aça bilərik.
Bir anlıq susdu, sonra əlavə etdi:
– Mən səni diqqətlə dinlədim və əlimdən gələni edəcəyəm, amma unutma ki, bu iş sözlə yox, əməl ilə qurulacaq və biz çox çalışmalı olacağıq, çünki əsas məsələ tənqid etmək yox, dəyər yaratmaqdır və əgər biz bu dəyər yaradıcısı düşüncə dalğasını yaymağa başlaya bilsək, dövlətini sevən, duruşunu qoruyan aydınların çoxu bizim yanımızda dayanacaq… buna əminəm, amma indi isə yığış, gedək, çünki işimiz çoxdur və bu yol danışmaqla yox, dəyər yaradacaq birlik qurmaqla başlayır.
