Nyu-York meri Azərbaycan və Türkiyəni ittiham etdi. İnformasiya müharibəsinin görünməyən üzü

Nyu-York meri Zohran Məmdaninin son bəyanatı bir daha göstərdi ki, tarix, siyasət və informasiya müharibəsi bu gün bir-birindən ayrılmaz hala gəlib. Onun 1915-ci il hadisələri ilə bağlı çıxışı ilk baxışdan xatirə və humanitar çağırış kimi görünə bilər. Lakin mətnin davamında Azərbaycanla bağlı səsləndirilən fikirlər bu çıxışın artıq sırf tarixi mövzu olmadığını, açıq siyasi məna daşıdığını ortaya qoyur. Məmdani çıxışında bildirir ki, 1915-ci ildə Osmanlı İmperiyası dövründə indiki Türkiyə, Suriya və Ermənistan ərazilərində 1.5 milyon erməni öldürülüb. Bu mövqe Qərb siyasi diskursunda uzun illərdir mövcud olan yanaşmanın davamıdır. Lakin əsas diqqət çəkən məqam bundan sonra gəlir. O, 2020-ci ildə Azərbaycan və Türkiyənin Qarabağdakı erməni əhaliyə hücum etdiyini, 2023-cü ildə isə Azərbaycanın yüz mindən çox ermənini bölgədən çıxardığını və bununla guya yüz ildən artıq davam edən “soyqırımı kampaniyasını” davam etdirdiyini iddia edir. Bu ifadə artıq sadəcə fikir deyil, ciddi siyasi ittihamdır. “Genocidal campaign” kimi terminlərin işlədilməsi hüquqi və tarixi məsuliyyət daşıyan anlayışların siyasi məqsədlərlə istifadə olunduğunu göstərir. Belə ritorika regionda baş verən mürəkkəb prosesləri sadələşdirərək birtərəfli şəkildə təqdim edir və reallığı təhrif edir. Maraqlıdır ki, bu cür yanaşmalar Ermənistanın öz daxilində gedən siyasi proseslərlə ziddiyyət təşkil edir.

Bu gün Ermənistanın baş naziri Nikol Pashinyan açıq şəkildə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Regionda uzunmüddətli sabitlik üçün kompromis və dialoq yolunu seçən rəsmi İrəvan fonunda xaricdə səsləndirilən bu kimi sərt və ittihamedici bəyanatlar fərqli bir xəttin mövcudluğunu göstərir. Bu xətt təsadüfi deyil. O, uzun illər formalaşmış diaspor təsiri, siyasi lobbiçilik və köhnə qarşıdurma narrativlərinin davamıdır. Bu narrativlərin əsas məqsədi regionda normallaşmanı ləngitmək, tarixi mübahisələri canlı saxlamaq və siyasi təzyiq aləti kimi istifadə etməkdir. Buna bənzər hallar daha əvvəl də baş verib. ABŞ-ın vitse-prezidenti JD Vance-in regiona səfəri zamanı erməni məsələsi ilə bağlı paylaşımı ciddi rezonans doğurmuşdu. Həmin statusda 1915-ci il hadisələrinə münasibət bildirilmiş və erməni mövqeyinə yaxın ifadələr yer almışdı. Lakin Azərbaycan və Türkiyənin reaksiyası, eləcə də regionda formalaşan həssas siyasi balans nəzərə alınaraq həmin paylaşım sonradan silinmişdi. Bu epizod mühüm bir reallığı üzə çıxardı. Yüksək vəzifəli siyasi fiqurlar belə emosional və birtərəfli mövqe sərgilədikdə, real diplomatik mühit və geosiyasi maraqlar onları geri addım atmağa məcbur edir. Yəni informasiya müstəvisində səsləndirilən fikirlər hər zaman real siyasətin istiqamətini müəyyən etmir. Məmdaninin bəyanatı da bu kontekstdə qiymətləndirilməlidir. Bu, təkcə fərdi fikir deyil, daha geniş informasiya mühitinin və siyasi təsir mexanizmlərinin nəticəsidir. Burada məqsəd yalnız keçmişi xatırlatmaq deyil, eyni zamanda bugünkü geosiyasi proseslərə təsir göstərməkdir.

Regionda bu gün paralel olaraq iki xətt mövcuddur. Bir tərəfdə normallaşma, dialoq və qarşılıqlı anlaşma cəhdləri var. Digər tərəfdə isə köhnə ittihamlar, emosional ritorika və siyasi manipulyasiya davam edir. Bu iki xətt arasında görünməyən, amma davamlı mübarizə gedir. Lakin reallıq göstərir ki, uzunmüddətli perspektivdə emosional bəyanatlar deyil, praqmatik siyasət qalib gəlir. Regionun gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Bu isə o deməkdir ki, bu cür bəyanatlar nə qədər səslənsə də, onlar reallığın yerini tuta bilmir.

Elbəyi Həsənli. Bakı