Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Salyan rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə yerində tanış olub.
KANAL32.az-ın məlumatına görə, deputat bu barədə özünün rəsmi “Facebook” səhifəsində məlumat verib.
Bildirib ki, aprelin 22-də Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev ilə birlikdə rayonun taxıl əkin sahələrində olub, cari təsərrüfat ilində aparılan işlərlə yerində tanışlıq aparıb. Qurbanov fermerlərin fəaliyyəti, aqrotexniki tədbirlərin icrası və məhsuldarlıq göstəriciləri barədə geniş məlumat əldə etdiyini qeyd edib.
Millət vəkili vurğulayıb ki, kənd təsərrüfatı hər bir dövlətin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Əhalinin dayanıqlı ərzaq təminatı, daxili bazarın yerli istehsal hesabına möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və kənd yerlərinin sosial-iqtisadi inkişafı birbaşa aqrar sektorun güclənməsi ilə bağlıdır. Xüsusilə taxılçılıq sahəsinin ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutduğunu bildirən deputat qeyd edib ki, bu istiqamətdə aparılan məqsədyönlü siyasət kənd təsərrüfatının davamlı inkişafına geniş imkanlar yaradır.
Sadiq Qurbanov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən xüsusi diqqət nəticəsində kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri daha da genişlənib. Subsidiya sistemi təkmilləşdirilib, texnika təminatı gücləndirilib, suvarma infrastrukturunun yenilənməsi və fermerlərin maddi-texniki imkanlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Deputat qeyd edib ki, dövlət başçısının kənd təsərrüfatını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsi regionlarda istehsal potensialının yüksəlməsinə, fermerlərin imkanlarının genişlənməsinə və məhsuldarlığın artmasına ciddi təkan verib.
“Tariel Atamalıyevin təqdim etdiyi məlumatlara əsasən, 2025-ci il üzrə Salyan rayonu ərazisində 8652 hektar arpa və 4635 hektar buğda olmaqla ümumilikdə 13 287 hektar sahədə taxıl əkini aparılıb. Cari vegetasiya mərhələsinə dair monitorinqlər göstərir ki, əkinlərin böyük hissəsində inkişaf prosesi qənaətbəxş səviyyədə davam edir və sahələrin əksəriyyətində məhsuldarlıq üçün əlverişli şərait formalaşıb”.
Ötən təsərrüfat ilinin nəticələrinə toxunan deputat bildirib ki, 2024-cü ildə Salyan rayonunda ümumilikdə 12 696 hektar sahədə taxıl əkini aparılıb. Bunun 5202 hektarını buğda, 7494 hektarını isə arpa sahələri təşkil edib. Biçin mövsümünün nəticələrinə əsasən, rayon üzrə orta məhsuldarlıq 42.3 sentner olub. Buğda sahələrində orta məhsuldarlıq 48,5 sentner, arpa sahələrində isə 38 sentner səviyyəsində qeydə alınıb.
Sadiq Qurbanov qeyd edib ki, Salyan rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər aqrar sahəyə diqqətin və düzgün təşkilatlanmanın məhsuldarlığın yüksəlməsinə, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və regionun iqtisadi potensialının güclənməsinə mühüm töhfə verdiyini göstərir. Onun sözlərinə görə, fermerlərin əməyi, dövlət dəstəyi və sahə üzrə peşəkar koordinasiya gələcəkdə daha yüksək nəticələrin əldə olunmasına zəmin yaradır.

“AzPolitika.info”