İtən düzən, qayıdan gizli güc – TÖRƏ

Seçim qarşısındayıq: ya boşluqları başqaları dolduracaq, ya da…Tarixi çox vaxt qaliblər yazır. Məğlubların hekayələri isə torpağın altında qalır — qəbir daşlarının kölgəsində, unudulmuş sənədlərin tozlu səhifələrində, bir nənənin yarımçıq xatirəsində…Amma həqiqət ölmür, sadəcə səssizləşir. Zamanı gələndə isə yenidən danışmağa başlayır.

Bizim həqiqətimizin adı Törədir.

Törə bir ulusun düşüncə düzəninin bütövlüyüdür. Keçmişdən gələn düşüncə ilə gələcəyi görən yeni baxışın qovuşduğu yerdir. Ağlın iki işləmə yolu var: toplumla bağlı olan və fərdi olan.

Toplumla bağlı tərəfdə ağıl yaddaşa söykənir — köklüdür, möhkəmdir, qoruyur və birləşdirir.

Fərdi tərəfdə isə ağıl arayır — sorğulayır, sərhədləri aşır və yenini yaradır.

Törə bu iki dalğanı birləşdirən bağdır. O, sadəcə qaydalar toplusu deyil. O, bir toplumun duyğularının, seçimlərinin, davranışlarının və düşüncələrinin görünməyən düzənidir. İnsanları tək-tək yox, bir bütün kimi yaşadan daxili nizamdır. O nizam ki, insana “kiməm?” sualının cavabını verir.

Yurdunu itirən yaşaya bilər. Aç, susuz, çətinlik içində insan dözər. Amma Törəsini itirən toplum dözə bilməz — çünki yönünü itirər. Yönünü itirən isə gec-tez ya başqasına tabe olar, ya da öz içində dağılır.

Bu gün gördüyümüz mənzərə də elə budur. Ailə, nəsil bağları zəifləyir, qohumluq bağları qopur. Ağsaqqalın sözü əvvəlki gücünü itirir, böyük-kiçik hörməti azalır. Dil yad sözlərin basqısı altında kimliyini itirir. İnsan özündən utanır, başqasını yamsılayır, özünə güvən azalır. Gənclər isə gerçək yaşamdam uzaqlaşıb süni dünyalara sığınır…

Bu, sadəcə dəyişiklik deyil. Bu, düzənin aşınmasıdır. Toplumsal çürümə elə belə başlayır.

Çünki boşluq yaranan yerdə mütləq bir şey yerləşir. Əgər o boşluğu öz dəyərlərinlə doldurmasan, başqasının dəyərləri gəlib oraya yerləşir. Yaşam biçimini özün qurmazsan, başqasının qurduğu sistemdə yaşamağa məcbur qalarsan.

Bu gün Qərb mediası və sineması sadəcə görüntü istehsal etmir. O, duyğu istehsal edir, inancları dəyişir, düşüncə qəlibləri yaradır. İnsanlara nəyi sevməyi, nədən utanmağı, necə yaşamağı “öyrədir”. Bu, yumşaq gücdür — səssiz, amma dərin işləyən güc.

Nəticədə ortaya çıxan insan tipi qəribədir: yaşayır, amma yönü yoxdur; danışır, amma dili özünə aid deyil; baxır, amma görmür.

İnsan sadəcə “yaşayan” varlıq deyil. İnsan məna quran varlıqdır. O məna isə Törədən doğur.

Törə Türk kimliyinin mayasıdır. O, keçmişdən qalan bir adət deyil — gələcəyi quracaq bir gücdür. Türk Törədən çıxa bilər, amma Törə Türkdən çıxmaz. Çünki Törə insanın içindədir. Onun Tanrı ilə qurduğu qutlu bağdır.

Bu bağ zəifləyəndə insan özünü itirir. Bu bağ güclənəndə isə insan özünə qayıdır. Özünə qayıdan toplum isə güclənir.

Çünki Törə parçalamır — birləşdirir. Boyları, soyları, fərdləri bir nizam altında toplayır. Ayrılıqları yox etmir, onları anlamlı bir bütövlüyə çevirir. Boşluqları doldurur, yön verir, güc yaradır.

Bu gün bizə lazım olan keçmişə qayıtmaq deyil. Bizə lazım olan özümüzə qayıtmaqdır.

Düşünmək istəyiriksə, öz dilimizdə düşünməliyik. Öz sözümüzü yaratmadan, öz dünyamızı qura bilmərik. Buna görə də yeni bir düşüncə sözlüyünə ehtiyac var. Arayışda, yaradıcılıqda, bilik toplamada, incələmədə istifadə edəcəyimiz öz sözlərimizə.

Çünki başqasının dili ilə düşünən başqasının dünyasında yaşayır.

“Çölçü” bu mənada sadəcə bir ad deyil. Bu, bir yön axtarışıdır. Törəyə dayaqlanan, dəyər yaradan, çağdaş düşüncəni milli yaddaşla birləşdirən bir axındır. Məqsədi keçmişə sığınmaq deyil — keçmişin gücü ilə gələcəyi qurmaqdır.

Artıq bilirik: Unutduqca zəiflədik. Uzaqlaşdıqca parçalandıq.

İndi isə seçim qarşısındayıq: Ya boşluqları başqaları dolduracaq, ya da biz öz düzənimizi yenidən quracağıq.

Törə varsa, yön var. Yön varsa, gələcək var. Və bir toplum öz yönünü tapanda, artıq onu heç kim dayandıra bilmir.

Müəllif: Eltən Törəçi