Bu təhdid iki qitəni silkələycək-Neftin qiyməti isə…

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur Qırmızı dənizi Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına birləşdirən yolun bağlana biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu addımın nəticəsində dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.
Mənsur qeyd edib ki, bu halda Avropa iqtisadiyyatı ciddi şəkildə çətin vəziyyətə düşəcək. O, husilərin Bab əl-Məndəb boğazı üzərindən keçən bütün dəniz yollarını bağlamaq imkanına malik olduğunu vurğulayıb və belə olan vəziyyətdə Asiya ilə Avropa arasında dəniz daşımalarının iflic ola biləcəyini söyləyib.
Bab əl-Məndəb boğazı həqiqətən də dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir. Buradan gün ərzində milyonlarla barel neft və böyük həcmdə yük daşınır. Yaxın Şərqdə davam edən müharibə fonunda Hörmüz boğazından ticarətin səngiməsi Bab əl-Məndəb boğazına olan təlabatı artırıb. Yəni mümkün blokada qlobal bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.
Bununla belə husilərin Bab əl-Məndəb kimi qlobal ticarət arteriyasını tam bağlamaq imkanları nəzəri olaraq səslənsə də, praktik baxımdan son dərəcə çətin və riskli addımdır:
Birincisi, coğrafiya və hərbi imkanlar məsələsi var. Bab əl-Məndəb boğazı dar olsa da, tam nəzarət tələb edən mürəkkəb bir akvatoriyadır. Burada yalnız raket və dron hücumları ilə davamlı blokada yaratmaq mümkün deyil. Husilər indiyə qədər göstəriblər ki, onlar gəmiçiliyə selektiv zərbələr endirə, müəyyən marşrutları riskli edə bilirlər. Amma bu, “tam bağlama” demək deyil. Tam blokada üçün daimi dəniz patrulu, genişmiqyaslı mina döşəmə əməliyyatları və hava üstünlüyü lazımdır ki, bu da faktiki olaraq dövlət səviyyəli donanma və koordinasiya tələb edir.
İkincisi, belə bir addıma beynəlxalq reaksiya çox sərt olar. Bab əl-Məndəb təkcə regional deyil, həmçinin qlobal iqtisadiyyat üçün kritik nöqtədir. Bu boğazın bağlanması Çin, Avropa İttifaqı (Aİ), Hindistan kimi böyük iqtisadi aktorların birbaşa maraqlarına zərbə vurur. Bu isə o deməkdir ki, boğazın bağlanması halında məsələ dərhal beynəlxalq təhlükəsizlik gündəliyinə çıxar və çox güman hərbi müdaxilə ilə nəticələnər. ABŞ və müttəfiqlərinin artıq Qırmızı dənizdə mövcudluğu nəzərə alınsa,
husilərin uzun müddət belə bir blokadanı davam etdirməsi real görünmür.
Üçüncüsü, region ölkələrinin reaksiyasıdır. Səudiyyə Ərəbistanı, Misir və hətta BƏƏ kimi ölkələr üçün Bab əl-Məndəb həyati əhəmiyyət daşıyır. Misir üçün bu, birbaşa Süveyş kanalının gəlirləri və milli təhlükəsizlik məsələsidir. Belə bir blokada cəhdi bu ölkələrin koordinasiyalı və sərt hərbi cavabını demək olar ki, qaçılmaz edər.
Husilər Yəməndə belə tam nəzarətə malik deyillər və uzunmüddətli genişmiqyaslı qarşıdurmaya tab gətirmək imkanları məhduddur. Digər tərəfdən İran özü belə Hörmüz boğazını tam bağlamaqdan çəkinir, çünki bunun nəticələrinin nə qədər ağır olacağını anlayır. Əgər Tehran belə bir eskalasiyadan yayınırsa, husilərin onun adından daha riskli addım atması məntiqli görünmür.
Bununla belə, husilərin vaxtaşırı hücumlarla qlobal ticarətə təsir etməsi mümkündür. Enerji qiymətlərində dalğalanma, logistika xərclərinin artması və alternativ marşrutlara yönəlmə ehtimal nəticə kimi qeyd edilə bilər.
Müəllif: Turan Rzayev