Dövlət qulluqçularının əməkhaqqı sistemində böyük islahat və yeni maaş sistemi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının əməyinin ödənilməsi sahəsində əsaslı dəyişiklikləri nəzərdə tutan , Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında fərmanlar imzaladı. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri , ödəniş artımı, onların motivasiyasına təsir edən ən vacib amillərdən biridir.  Bu, yalnız maddi ehtiyacların qarşılanması deyil, həm də dövlətin onlara verdiyi dəyərin vacib göstəricisidir.  1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından etibarən dövlət idarəetmə sistemi təkmilləşmiş və bu sahədə mühim işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlar dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda maaş sisteminin daha da təkmilləşdirilməsini , optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən həm kollektiv, həm də fərdi mükafatlar tamamilə aradan qaldırılır. Beləliklə, indiyədək dövlət qulluqçularına fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq. Ləğv edilən mükafatlara həm kollektiv, həm də fərdi təşviq ödənişləri daxildir. Fərmanda  qeyd olunur ki, dövlət qulluqçularının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində onların aylıq vəzifə maaşının üç misli həcmində əlavə vəsait nəzərdə tutulur. Bu vəsait isə bayram günləri və fəaliyyətə görə ödənilirdi.Yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan islahatları davam etdirir, dövlət qulluğunda əməkhaqqı sistemini müasir, balanslı və sabit model üzərində qurmağa imkan yaradır. Bu islahat əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir.

 Ümummilli lider Heydər Əliyev üçüncü minilliyin başlanğıcı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: «XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur… Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. İndi artıq bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tutmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq». Belə ciddi problemlərdən biri Azərbaycanda səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılmasından ibarət idi.Müstəqilliyimizin ilk illərində yuxarıda qeyd olunan uğurların böyük əksəriyyəti qanunvericilik və təşkilati baxımdan sona qədər formalaşa bilməmiş dövlət idarəetmə sistemi çərçivəsində, yalnız Heydər Əliyevin gərgin əməyi, fitri istedadı və idarəçilik təcrübəsi hesabına əldə olunmuşdu. Çünki əvvəlki illərdə bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarına başlanılmamış, bu sahədə konkret proqramlar işlənib hazırlan­ma­mışdı. Nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının funksiyaları və praktiki olaraq yerinə yetirdikləri vəzifələr müasir dövlətin funksiya və vəzifələrinə uyğun gəlmirdi və formalaşmaqda olan bazar iqtisadiyyatının idarəetmə sisteminin tələblərinə cavab vermirdi. İqtisadi və sosial siyasətin həyata keçirilməsi zamanı ayrı-ayrı dövlət idarəetmə orqanları və təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi prosesi zəif idi. Ölkədə peşəkar dövlət qulluğu institutu formalaşdırılmamışdı və s. Digər tərəfdən isə bazar iqtisadiyyatına və demokratik cəmiyyətə keçid siyasi, iqtisadi və sosial münasibətlərdə, dövlət idarəetmə sistemində əsaslı keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edirdi. Demokratik cəmiyyətə keçid ictimai resursların səmərəli idarə olunmasını, hakimiyyətin bütün qollarında və bütün səviyyələrdə funksiyaların və məsuliyyət hədlərinin, sərhədlərinin müəyyən edilməsini, yerli özünüidarəetmənin inkişaf etdirilməsini, mərkəzi və yerli özünüidarəetmə orqanlarının tərəfdaşlığının təmin edilməsini, rəhbər orqanların açıqlığını və ictimaiyyət qarşısında hesabatlılığını təmin etməyi, dövlət orqanlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsində ictimai təşkilatların təsirinin gücləndirilməsini, bu prosesdə vətəndaşların bilavasitə iştirakının təmin olunmasını tələb edirdi. Bu tələblər dövlətin rolunun dəyişməsinə uyğun olaraq dövlət idarəetmə sisteminin funksiyalarının dəqiqləşdirilməsini, dövlət aparatının rolunun, funksiyalarının, səlahiyyətlərinin və məsuliyyətinin dəyişməsini, idarəetmənin yuxarı səviyyələrində paralelliyi aradan qaldırmağı, mərkəzi və yerli orqanların qarşılıqlı fəaliyyətinin dəqiq tənzimlənməsini, dövlət qulluğunun səmərəliliyinin yüksəldilməsini, bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarının aparılması zəru­rə­tini və bütün səylərin dövlətin, dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətinə yönəldilməsini nəzərdə tuturdu. Eyni zamanda Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının kompleks təminat mexanizmi yaradılmalı, başlıca inzibati dəyişiklikləri, xüsusi halda icra hakimiyyəti orqanları sisteminin, dövlət qulluğunun, inzibati-ərazi quruluşunun, dövlət idarəetməsinin ayrı-ayrı sferalarının transformasiyasını özündə əks etdirməli idi.

Bütün bunlan nəzərə alaraq Heydər Əliyev 1998-ci il dekabr ayının 29-da «Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərman imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoydu. Heydər Əliyevin rəhbərliyi altında komissiya dövlət idarəetmə sisteminin islahatlarının Konsepsiya layihəsini işləyib hazırladı. Bu konsepsiyada Azərbaycanın dövlət idarəetmə sisteminin müasir vəziyyəti təhlil olunaraq mövcud çatışmamazlıqlar aşkara çıxarılmış və dörd istiqamət üzrə islahatların (1-dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması; 2-audit sisteminin islahatı; 3-dövlət idarəetmə sisteminin (inzibati dövlət qulluğu) islahatı; 4-hüquq və məhkəmə sisteminin islahatı.) aparılmasının zəruriliyi əsaslandırılmışdı. Konsepsiyada icra hakimiyyəti sisteminin təkmilləşdiril­məsinin strateji istiqaməti və bu məqsədlə yerinə yetirilməli olan işlərin məzmunu, islahatların hüquqi təminatı, Nazirlər Kabinetinin rolu və funksiyasınm təkmilləşdirilməsi, dövlət müəssisələrinin və dövlət mülkiyyə­tinin idarə olunması, peşəkar dövlət qulluğunun formalaşdırılması məsələləri öz əksini tapmışdı.

Aydındır ki, həyata keçirilən islahatlar dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsini, dayanıqlı iqtisadi artım üçün şəraiti, sosial vəziy­yətin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasını, demokratik institutların hərtərəfli inkişafını təmin etməli idi. Bununla əlaqədar dövlət hakimiyyəti orqanlarının səmərəliliyini və cavabdehliyini artırmaq üçün təxirəsalınmaz tədbirlər görülməli, nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qanunvericilikdə dəyişikliklər edilməli, institusional islahatlar aparılmalı idi. Nazirlər Kabinetinin strukturu funksional əlamətə görə yenidən qurulmalı, nazirliklərin roluna yenidən baxılmalı, onların fəaliyyəti uyğun sahədə siyasətin işlənib hazırlanması və həyata keçirilməsinə, tənzimləmə funksiya­sının yerinə yetirilməsinə yönəldilməli idi.Dövlət idarəetmə strukturunu təkmilləşdirmək, dövlət idarəetmə orqanları sistemini funksional prinsip üzrə formalaşdırmaq məqsədilə ölkə Prezidentinin fərmanı ilə bir sıra yeni nazirliklər formalaşdırılmışdır. İslahatların gedişində dövlət idarəetmə orqanlarının funksiya və strukturunun yeni vəzifələrə uyğunlaşdırılması həyata keçirilməyə başladı, nazirliklərin başlıca funksiyası uyğun sahələrdə siyasətin işlənib hazırlanması və əlaqələndirilməsinə, onun reallaşdırıl­masının institusional mexanizmlərinin yaradılmasına, bu sahədə fəaliyyətin tənzimlən­mə­sinə yönəldildi.Dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması, resursların daha səmərəli paylanmasını təmin etmək üçün, səmərəli büdcə sistemi və dövlət xərclərini idarəetmə sistemi yaratmaq məqsədi ilə Azərbaycan Respublikasının büdcə sistemi haqqında yeni qanun qəbul edildi, ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə fəaliyyətindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Dövlət idarəetmə orqanlarının fəaliyyətində paralelçiliyi və təkrarlanmaları aradan qaldırmaq, büdcə xərclərini rasionallaşdırmaq məqsədi ilə müxtəlif idarəetmə orqanlarının funksiyaları dəqiqləşdirildi, ixtisarlar aparıldı  .

Azərbaycanda səriştəli və peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması da tələb olunurdu. Çünki demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlı idi. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, düzgün, vicdanlı, qərəzsiz, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərdən ibarət dövlət qulluğu sistemi qurulmalı idi. Bu məqsədlə 21 iyul 2000-ci il tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 2001-ci ilin sentyabr ayından qüvvəyə minən bu qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratdı. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndir­məyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyət­lə­rindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratdı. Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olundu və fəaliyyətə başladı. Dövlət idarəçiliyinin əsasını insanlar – səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də dövlət idarəetməsinin mərkəzi problemi idarəetmə kadrlarından ibarət olur ki, onların da səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir. Azərbaycanda demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlıdır. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, ləyaqətli, açıq, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərin dövlət qulluğuna cəlb olunması tələb olunur.Beləliklə, dövlət qulluğu institutunun formalaşdırılmasının başlıca məqsədi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olmaqdan, bazar iqtisadiyyatının formalaşdırılması prosesinə və iqtisadi tərəqqiyə yardım etməkdən, göstərilən dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən, dövlət resurslarından istifadəni rasionallaşdırmaqdan ibarətdir. Azərbaycanda dövlət qulluğu institutu ölkənin tarixi, mədəni, milli və digər xüsusiyyətlərini və bu sahədə dünya təcrübəsini nəzərə almaqla vahid bir sistem kimi formalaşdırılır. Dövlət qulluğu institutunun səmərəli fəaliyyətini həyata keçirilməsi, dövlət orqanlarında xidmətlərin vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv şəkildə göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün daima yeniliklər tətbiq etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Cəmiyyət daim inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün daim islahatlar aparmaq lazımdır. İslahatların həyata keçirilməsi heç bir zaman dayanmır, əksinə ardıcıl olaraq həyata keçirilir. Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır. Yeni iqtisadi şəraitdə ölkənin şəhər və rayonlarında iqtisadi mühitin, sosial həyatın tərəqqisi ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, başqa sözlə şəhər və rayonların sosial-iqtisadi siması dəyişilir. Regionlarda sənaye və kənd təsərrüfatı müəssisələri istifadəyə verilir, rəqabətqabiliyyətli əmtəə və xidmətlər istehsal olunur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icra edilməsi yönündə iqtisadi rayonların infrastrukturları restrukturizasiya edilib, kənd və qəsəbələrdə təhsil, səhiyyə, mədəniyyət, idman və başqa sosialyönümlü obyektlərin tikilməsi və əsaslı təmir edilməsi yerinə yetirilib, əhalinin əksəriyyəti işlə təmin olunub. Qeyd edilən hər bir nüans regionlarda davamlı və dinamik inkişafı təmin etməklə yanaşı, eyni zamanda əhalinin həyat səviyyəsinin keyfiyyət baxımdan artırılmasına şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə və aylarda   fərman, sərəncam, çıxış və bəyanatlarında, daxili və xarici şəraiti nəzərə almaqla Respublikanın daxil olduğu yeni dövrün xüsusiyyətləri və bu dövrdə sosial-iqtisadi inkişaf siya­səti, strategiyası və regional inkişafın idarə olunmasında müasir istiqamətlərin  ən mühüm cəhətləri bu və ya digər formada mü­əyyənləşdirilib. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması ölkə iqtisadiyyatının, eləcə də regional inkişafda xüsusi əhəmiyyətə malik olmaqla, makroiqtisadi sabitliyə nail olunmasında, regionlarda biznes və investisiya mühitinin yaxşılaşdırılmasında, yeni sahibkarlıq subyektlərinin və iş yerlərinin formalaşmasında, genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasında, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasında və bütün bunların nəticəsində əhalinin rifah halının yüksəldilməsində və yoxsulluq səviyyəsinin aşağı salınmasında xüsusi rol oynayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır.  Bu  fərmandan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcəkdir. Prezident İlham Əliyevin imzaladığı son fərmanlara əsasən, bu sahədə daha şəffaf, vahid və balanslı yanaşmanın tətbiqi hədəflənmişdir. Yeni model çərçivəsində mükafat sisteminin ləğvi ilə əməkhaqqı strukturu sadələşdirilir, gəlirlərin daha aydın və şəffaf şəkildə formalaşmasına zəmin yaradılır. bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə “iş yeri” deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və  Azərbaycanda ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacaqdır. Prezident  cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Azərbaycan Respublikasının Prezidenti cənab İlham   Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.  Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir.Azərbaycan  son 23 ildə tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrin sürətli inkişaf etdiyi respublikamız dünyada siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli maraqlara cavab verən uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı