Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun bayram təbrikini təqdim edirik:
Əziz həmvətənlər!
Sizin hər birinizi, başda cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və şəhid ailələri olmaqla, müqəddəs Novruz Bayramı və Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, səadət və mənəvi zənginlik arzulayıram.
Novruz xalqımızın milli-mənəvi yaddaşının ən parlaq təcəssümü kimi çıxış edir. Bu bayram yalnız təbiətin oyanışını simvolizə etmir, eyni zamanda insanın daxili aləminin yenilənməsi, cəmiyyətin mənəvi saflaşması və sosial harmoniyanın bərpası kimi dərin məna qatlarını özündə birləşdirir. Elmi əsaslara söykənən təbiət müşahidələri ilə formalaşmış bu qədim ənənə əsrlər boyu xalqımızın şüurunda xüsusi yer tutmuş, milli kimliyin ayrılmaz komponentinə çevrilmişdir.
Novruzun əsas fəlsəfəsi birlik, həmrəylik və yüksək mənəviyyat ideyaları üzərində qurulmuşdur. Bu bayramın gətirdiyi ən böyük dəyərlərdən biri insanların kin-küdurəti arxa plana keçirməsi, küsülülərin barışması, cəmiyyət daxilində qarşılıqlı etimadın və səmimiyyətin möhkəmlənməsidir. Eyni zamanda Novruz arzuların gerçəkləşməsi üçün mənəvi stimul yaradan, insanları gələcəyə ümidlə baxmağa sövq edən xüsusi bir mərhələdir. Müqəddəs Ramazan ayının başa çatmasını simvolizə edən Ramazan bayramı isə mənəvi kamillik, səbr, mərhəmət və paylaşma fəlsəfəsini təcəssüm etdirir. Bu bayram insanın nəfsi üzərində qələbəsini, ehtiyacı olanlara yardım etməyin ali dəyərini və cəmiyyət daxilində sosial ədalətin gücləndirilməsini ön plana çıxarır. Ramazan bayramı ilə yanaşı Novruzun eyni dövrə təsadüf etməsi milli və dini dəyərlərin vəhdətini daha da gücləndirərək cəmiyyətimizdə mənəvi bütövlüyün formalaşmasına xidmət edir. Bu gün azad edilmiş bütün Azərbaycan ərazilərində, o cümlədən Qarabağda – Şuşada və Xankəndində qalanan bayram tonqalları dövlətimizin suverenliyinin, xalqımızın əzmkarlığının və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu alovların əbədi yanacağına, yaxın gələcəkdə Qərbi Azərbaycan torpaqlarında da bu tonqalların alovlanacağına inamımız sarsılmazdır.
Milli bayramlarımızın dövlətçilik ideologiyasının ayrılmaz hissəsinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasi kursun mühüm istiqamətlərindən biri olmuşdur. Bu strateji yanaşma nəticəsində Novruz və Ramazan kimi dəyərlər mədəni irs nümunəsi olmaqla milli birliyin və ideoloji bütövlüyün təminatçısı kimi çıxış edir.
Uca Tanrı xalqımıza bu qürurlu günləri bəxş edən dövlət rəhbərimizi və müzəffər ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Arzu edirəm ki, həm Novruz bayramı, həm də Ramazan bayramı hər bir ailəyə sevinc, bərəkət və ruhi rahatlıq gətirsin. Bugünkü dünyamızda ən çox ehtiyac duyulan sülh, sabitlik və əmin-amanlıq bərqərar olsun!
Bir daha bayramlarınız mübarək!