İcra başçısı şəhər sakinlərini belə təbrik etdi-TAM MƏTN

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Novruz bayramı münasibəti ilə mingəçevirlilərə təbrik edib.

Kanal32.az təbrikin mətnini təqdim edir:

Hörmətli mingəçevirlilər! Əziz dostlar!

Yurdumuza yaz gəlir, novruz gəlir. Xalqımızın ən qədim və sevimli bayramlarından olan, təbiəti gözəlləşdirən Novruz bayramının gəlişi qəlbimizdə sevinc və fərəh hissi oyadır. Qışın qarlı və soyuq günlərindən keçərək bu gözəl bayrama böyük həvəs və xoş duyğu ilə gəlirik. 2026-cı ilin ilk nübarı sayılan Novruz bayramı ölkəmizin hər yerində böyük təntənə ilə qarşılanır. Ötən illər ərzində xalqımız bir çox çətinlikləri ram edərək müstəqil dövlət kimi ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, sülhün və əmin-amanlığın təminatçısına çevrilmişdir. Uzun illər qonşu dövlət ilə aparılan müharibəyə son qoyulmuş, cənab Prezidentin rəhbərilyi ilə uzaq Amerikada sülh sazişinə imza atılmışdır.
Artıq bir neçə ildir ki, Novruz bayramı cənab Prezident İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun şücaəti ilə işaldan azad olunan bölgələrimizdə də təntənə ilə qeyd edilir. Sizləri sevimli milli bayramımız münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, xoşbəxtlik, sevinc və səadət dolu günlər arzu edirəm. Dövlətimizin inkişafında, tərəqqisində, dünya ölkələri arasında özünəməxsus yer tutmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərimiz gözəlləşir, hüsnünə yeniliklər edilir. Küçə və məhəllələrdə, park və xiyabanlarda abadlıq-quruculuq işləri aparılır. Yaşayış binalarında əsaslı təmir işləri görülür, nümunəvi məhəllələr yaradılır. İnsanların rifah halının yaxşılaşması, gənclərin, uşaqların əylənməsi üçün hər cür şərait yaradılır. Küçələrin asfaltlanması, müasir tələblərə cavab verən işıqlanma dirəklərinin qoyulması, ən əsası isə sakinləri narahat edən problemlərdən biri olan kanalizasiya xətlərinin yenidənqurulması davam etdirilir. Demək olar ki, bu istiqamətdə işlərin böyük hissəsi başa çatmışdır.
Məhz buna görədir ki, şəhərimizdə kommunal xidmətlərin nümunəvi səviyyədə olması hər bir şəhər sakini tərəfindən razılıqla qarşılanır. Bu bizim işimizə olan məsuliyyətimizi artırır. Məqsəd insanların məmnunluq hisslərini yüksəltməkdir. Tərtib olunmuş cədvələ uyğun olaraq sakinlərlə keçirilən səyyar görüşlər, vətəndaşların qəbulu zamanı aparılan söhbətlər, rastlaşdıqları çətinliklərin həllinə göstərilən diqqət bu işdə əməli köməkliklərin həyata keçirilməsinə təkan verir. Bu cənab prezdent İlham Əliyevin tapşırığının Mingəçevirdə məsuliyyətlə yerinə yetirilməsinin bariz nümunəsidir.
Ölkə prezdenti İlham Əliyevin 22 dekabr 2025-cü il tarixli sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Əminik ki, Dövlət Proqramına əsasən şəhərimizdə də yeni memarlıq inciləri tikilib istifadəyə veriləcəkdir. Bu isə o deməkdir ki, biz tikinti və quruculuq işlərinə daha yeni bir baxışla yanaşaraq şəhərimizin gözəlliyini yüksəltməliyik. 2026-cı il üçün tərtib olunmuş tədbirlər planına müvafiq olaraq işimizə daha ciddi yanaşacaq, yeni nailiyyətlər əldə etməyə çalışacağıq. Şəhərin müvafiq idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin yaxından dəstəyi ilə yeni park və xiyabanların salınmasına, abad sahələrin yaradılmasına başlanılmışdır. Bu istiqamətdə işlər bu il də davam etdiriləcəkdir.
Qeyd etmək yerinə düşər ki, bahar bayramı ərəfəsində şəhərimizin yaşıllıq zolaqları daha da genişlənəcək, park və istirahət məkanlarında, küçələrdə, məhəllələrdə olan yaşıllıq sahələrində müxtəlif növ ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi davam etdirilməklə onların qorunması nəzarətdə saxlanılacaqdır.
Novruzun gəlişi insanlarda xoş əhval-ruhiyyə, həyat eşqi yaradır. Novruz bayramının şəhərimizdə yüksək səviyyədə qeyd olunması məqsədi ilə tədbirlər planına əsasən idarə, müəssisə və təşkilatlarda, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində, ictimai qurumlarda tədbirlər, bayram şənlikləri keçirilir. Ata-babalarımızdan bizə əmanət qalan Novruz bayramı ən gözəl töhfədir, onu yaşatmaq, qorumaq, gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.
Əziz dostlar, sevindirici haldır ki, bu il Novruz bayramı müqəddəs Ramazan bayramı ilə eyni günə təsadüf edir. Bu isə bizim sevinc hissimizi ikiqat artırır. Arzum budur ki, gözəllik, birlik, bərabərlik rəmzinə çevrilən əziz bayramlarımız sizlərə sağlam həyat, sevinc, xoş əhval ruhiyyə, səadət gətirsin, qədəmləri xoş olsun. Süfrələriniz ruzi-bərəkətli, xoşbəxt, fərəhli günlər nəsibiniz olsun!
Bayramınız mübarək!

İlham İSMAYILOV,
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı,
siyasi elmlər üzrə fəlsəfə doktoru