İran hücüm: Güney Azərbaycanla bağlı mümkün ssenarilər

Bir çox xarici mənbələrə görə, Türkiyə ABŞ-ın mümkün müdaxiləsindən sonra İranla sərhəddə yaranacaq güc boşluğunu doldurmaq üçün hərbi əməliyyat planlaşdırır. Türkiyənin miqrant axınının qarşısını almaq üçün sərhəd keçid məntəqələrindən kənarda, İran daxilində bufer zonası yaradacağı iddia edilir.
Əslində yanaşma elə də məntiqsiz deyil, belə bir hal daha əvvəl də olub. Məsələn, Suriya müharibəsi zamanı Türkiyə bu ölkəyə bir neçə dəfə ordu yeridib bufer zonalar yaratmış, terror təşkilatlarını öz sərhəddindən uzaqda saxlamağa çalışmaqla mülki insanların təhlükəsiz yaşaya biləcəyi bölgələr formalaşdırmışdı. Lakin İran Suriya deyil və Türkiyənin bu ölkəyə müdaxilə imkanları çox aşağıdır.
Hazırkı mərhələdə Ankaranın Tehranla bağlı vəziyyətə yanaşması tam və düzgün anlaşılmır. Doğrudur, Türkiyə İranın parçalanmasını və ya hakimiyyətin kənar müdaxilə nəticəsində dəyişdirilməsini istəmir. Daha dəqiq desək, İsrailin təhlükəsizlik reallıqları kontekstində formalaşan və İranın zəiflədilməsi üzərində qurulan ssenarilər Ankara üçün qəbul olunan deyil. Türkiyə regionda nəzarətsiz dağılma və xaosun əleyhinədir.
Lakin digər tərəfdən, İrana yönələn zərbələr və ya ölkə daxilində artan gərginlik fonunda müəyyən demoqrafik və geosiyasi nəticələr Ankaranın maraqlarına uyğun ola bilər. Xüsusilə İranda yaşayan türk mənşəli əhalinin Türkiyəyə doğru miqrasiyası ehtimalının Ankarada fərqli prizmadan qiymətləndirilməsi mümkündür.
Bunun obyektiv və subyektiv səbəbləri var. Belə ki, Türkiyənin şərq vilayətlərində demoqrafik dinamika uzun illərdir həssas məsələdir. Kürd əhalinin artım tempinin yüksək olması, türk kəsiminin isə ölkənin mərkəzi və qərbində məskunlaşmağa daha çox meyl etməsi gələcəkdə separatizm risklərinin yenidən alovlanması ehtimalını gündəmdə saxlayır. Bu kontekstdə, İran mənşəli türklərin mümkün axını Ankara üçün demoqrafik balansın tənzimlənməsi baxımından alternativ faktor kimi görülə bilər.
Buna görə ehtimal ki, sərhəddə yaradılması nəzərdə tutulan mexanizmlərin əsas məqsədi ümumi miqrasiya axınının qarşısını almaqdan çox, təhlükəsizlik riski hesab edilən kürd silahlı və ya siyasi elementlərinin nəzarətsiz keçidini əngəlləməkdir. Yəni prioritet humanitar axının tam bloklanması deyil, etnik-siyasi risklərin idarə edilməsidir.
Beləliklə, Türkiyənin İranla bağlı siyasəti ikili məntiq üzərində qurulmuş kimi görünür. Bir tərəfdən regional xaosun və dövlət kollapsının qarşısını almaq, digər tərəfdən isə mümkün proseslərin doğura biləcəyi demoqrafik və təhlükəsizlik nəticələrini öz strateji maraqlarına uyğun şəkildə yönləndirmək.
Müəllif: Turan Rzayev