Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllü gəncləri “Üçüncü Bahar” İctimai Birliyinin Mingəçevir “Yaşa” Mərkəzində gənc nəsillə yaşlı nəslin səmimi görüşü baş tutub.
Cəmiyyətin ən böyük gücü nəsillər arasındakı bağlılıqdır. “Birlikdə yaşat, Birlikdə qur” devizi altında keçirilən gənc nəsillə yaşlı nəslin görüşü qarşılıqlı hörmətin, təcrübə və enerjinin vəhdətini nümayiş etdirir.
Bu görüşdə yaşlı nəslin həyat təcrübəsi, keçdiyi yol və dəyərləri gənclərlə bölüşülüb, gənclər isə öz yenilikçi baxışları, arzuları və təşəbbüsləri ilə gələcəyə dair fikirlərini ifadə ediblər. Səmimi söhbət mühitində qurulan dialoq nəsillər arasında anlayışı daha da möhkəmləndirir.

Tədbirdə yaşlılar öz həyat təcrübələrindən danışıb, nəsihətlər verib. Sevilən mahnılar ifa edib, mənalı şeirlər səsləndirilib. Gənclər də öz növbəsində mahnılar səsləndirib, şeirlər söyləyib və yaşlı nəslə dərin hörmət və ehtiramını ifadə ediblər. Səmimi dialoq və qarşılıqlı çıxışlar nəsillər arasında birliyin və anlayışın bariz nümunəsinə çevrilib. Görüş çərçivəsində iştirakçılar qarşıdan gələn su çərşənbəsi münasibətilə təbriklərini bildiriblər.
Belə görüşlər bir daha sübut edir ki, keçmişlə gələcək bir araya gəldikdə cəmiyyət daha güclü və daha möhkəm olur.
Müəllif: Ləman Bəylərova



