Gənc yazarın “Günəşin dostları” pyesi Qax teatrında səhnələşdirilib-FOTOLAR

Elçin Məhərrəmin “Günəşin dostları” pyesi Qaxda səhnələşdirilib.

Yazıçı, şair dramaturq Elçin Məhərrəmin “Günəşin dostları” pyesi Qax Dövlət Kukla Teatrının səhnəsində tamaşaçılara təqdim olunub.

Premyerası 20 fevral 2026-cı il tarixində baş tutan tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Yusif Abdurrahmanovdur.

Tamaşanın quruluşçu rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir. İnteraktiv səciyyə daşıyan bu səhnə əsəri uşaqlarda təbiətə sevgi, qayğı hissini formalaşdırmaqla yanaşı, dostluq, birlik, qarşılıqlı anlayış , bilik və digər fundamental bəşəri dəyərləri ön plana çəkir. Maraqlı rejissor yozumu, səhnə həllinin rəngarəngliyi və aktyorların koloritli ifası tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

“Günəşin dostları” artıq teatrın repertuarına daxil edilib və qarşıdakı nümayişlərdə də balaca tamaşaçıların estetik zövqünün formalaşmasına, onların həm əylənməsinə, həm də maariflənməsinə xidmət edəcək.