Mənəvi həyatımızda, milli şüur və dünyagörüşün formalaşmasında ədəbiyyatın və kitabların rolu böyükdür. Gündəlik işimizdə əsərlərə maraq və diqqətin artırılmasını həmişə ön plana çəkmişik. Ədəbiyyatın şəxsiyyətin xarakterinin formalaşmasında və mənəvi həyatında əvəzsiz rolunu həmişə diqqətə çatdırır, kitabların insanların həyatında daimi bir tələbata çevrilməsinə can atır və buna yazılarımızda xüsusi yer veririk.
İnsanda bir çox müsbət keyfiyyətlər məhz kitablar vasitəsilə yaranır. İnsanın harmonik şəkildə inkişafı, mənəvi zənginliyi və ictimai məsuliyyət şüuru çox zaman aparıcı ədəbiyyat nümunələrində dünyavi kitablar vasitəsilə tərbiyə olunur. Ədəbiyyat və kitablar insanın mənəvi aləminin formalaşmasında ən güclü vasitələrdən biridir. Onlar təkcə bilik mənbəyi deyil, eyni zamanda milli şüurun, dünyagörüşün və dəyərlər sisteminin daşıyıcısıdır. Xüsusilə milli ədəbiyyat xalqın tarixi yaddaşını, mədəni kodlarını və mənəvi ideallarını qoruyaraq nəsildən-nəslə ötürür. Bu baxımdan kitab oxumaq fərdi bir vərdiş olmaqla yanaşı, ictimai və milli məsuliyyət aktıdır.
Həmçinin ədəbiyyat insan xarakterinin formalaşmasında mühüm rol oynayır. Bədii əsərlər vasitəsilə oxucu yaxşı ilə pisi ayırmağı, empati qurmağı, başqasının hisslərini anlamağı öyrənir. Müsbət obrazlar insanda dürüstlük, mərdlik, sədaqət, vətənpərvərlik kimi keyfiyyətlərin inkişafına təkan verir, mənfi obrazlar isə səhvlərdən nəticə çıxarmağa imkan yaradır. Bu proses insanın daxili dünyasını zənginləşdirir və onu daha kamil şəxsiyyətə çevirə bilir.
Əlbəttə qeyd etməliyəm ki, kitabların gündəlik həyatın ayrılmaz tələbatına çevrilməsi isə mənəvi inkişafın davamlılığını təmin edir. Davamlı mütaliə edən insan hadisələrə daha geniş prizmadan baxır, tənqidi düşünmə qabiliyyəti qazanır və ictimai proseslərdə daha məsuliyyətli mövqe tutur. Bu da cəmiyyətin sağlam intellektual və mənəvi mühitinin formalaşmasına xidmət edir.
Həmçinin aparıcı, dünyəvi və nümunəvi ədəbiyyat nümunələri isə insanın harmonik inkişafında xüsusi yer tutur. Bu cür əsərlər yalnız fərdi kamilliyi deyil, eyni zamanda ictimai məsuliyyət şüurunu da daha geniş bir aspekdə formalaşdırır. Oxucu cəmiyyət qarşısında borcunu dərk edir, sosial ədalət, humanizm və ümumbəşəri dəyərlərə hörmət hissi aşılanır. Nəticə etibarilə, ədəbiyyat və kitablar insanın mənəvi həyatının əsas dayaqlarından biri hesab edilir. Onlar şəxsiyyətin formalaşmasında, milli şüurun möhkəmlənməsində və cəmiyyətin inkişafında əvəzsiz rol oynayır. Mütaliəyə marağının artırılması isə yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda gələcəyin düşünən, məsuliyyətli və mənəvi cəhətdən zəngin insanlarının yetişdirilməsi deməkdir.
Bu baxımdan yazıçı-jurnalist Ruhulla Zahidovun vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunda qələmə aldığı kitabları hər zaman sevilə-sevilə oxunur. Onun qələmindən çıxmış ədəbiyyat nümunələri ideya, etik və estetik zənginlik nümunəsi olaraq qəhrəmanlıq xarakterinin tərbiyəedici mənbəyidir. Bu kitablar estetik zövqün, insan üçün bir çox müsbət keyfiyyətlərin, həmçinin vətənpərvərlik və hərbi-vətənpərvərlik ideyalarının daşıyıcısı və təbliğatçısı rolunu oynayır. Onun müəllifi olduğu kitablar vətənimizi və onunla bağlı nələr mövcudsa, varsa hər birini reallıqları ilə birgə tərənnüm edir. Bu kitablar insanlara qəhrəmanlığı təbliğ edir, vətən uğrunda mübarizliyə, hünərə, rəşadətə, cəfakeşliyə səsləyir. Ruhulla Zahidovun kitablarının əsas dəyəri ondan ibarətdir ki, bu əsərlər yalnız hadisələri təsvir etmir, eyni zamanda oxucuda fəal vətəndaş mövqeyi formalaşdırır.
Yazıçı Ruhulla Zahidov vətən anlayışını abstrakt bir məfhum kimi deyil, canlı, müqəddəs və qorunmağa layiq bir dəyər kimi təqdim edir. Bu yanaşma oxucunun emosional dünyasına təsir etməklə yanaşı, onun mənəvi məsuliyyət hissini də gücləndirmiş olur. Ruhulla Zahidovun yaradıcılığında vətən sadəcə bir coğrafiya və ya tarixi faktdan ibarət deyil. O, vətəni insan həyatının ayrılmaz bir hissəsi, duyğuların mənbəyi və mənəvi kökü kimi təqdim edir. Bu baxımdan onun yaradıcılığında Vətən abstrakt deyil, konkret duyğudur. Onun yaradıcılığında konkret duyğu hissi oxucu üçün anlayışı intellektual səviyyədən çıxararaq, hisslərə çevrir. Bununla da sözlərlə təsvir edilmiş deyil, qəlbdə yaşanan bir həqiqət olaraq qavranlır. Bu metod oxucunu mətndən sadəcə məlumat almaq səviyyəsindən çıxararaq, onun emosional dünyasına daxil olur.
Ruhulla Zahidovun “vətən” təsəvvüründə iki əsas emosional ton formalaşır. Müqəddəslik hissi və qorunma ehtiyacı. Vətəni müqəddəs hesab etmək, onun yalnız fiziki sərhədlərdən ibarət olmadığını, həm də ruhani, mənəvi dəyər olduğunu vurğulamaqla bu kimi yanaşma ilə “vətən”i milli kimlik, əqidə və dərin mənəvi bağlılıqla əlaqələndirir. Qorunma ehtiyacına gəldikdə isə “müqəddəs olan qorunmağa dəhşətli dərəcədə layiqdir” fikrini əsas götürərək Ruhulla Zahidov öz oxucusunu səssiz müşahidəçilər vəziyyətindən çıxararaq, aktiv şəkildə bu dəyərin qoruyucusuna çevirir. Bu cür yanaşma tərzi isə vətənə görə pasiv sevgi deyil, məsuliyyətli sevgi formasıdır. Oxucu həm hiss edir, həm də dərk edir ki, vətənin qorunması onun mənəvi borcudur.
Onun əsərlərindəki ideya, etik və estetik zənginlik qəhrəmanlıq xarakterinin formalaşmasında tərbiyəvi funksiyanı ön plana çıxarır. Müəllifin yaratdığı obrazlar cəsarət, rəşadət, fədakarlıq və sədaqət kimi keyfiyyətlərin daşıyıcısıdır. Bu obrazlar oxucu üçün sadəcə bədii fiqur deyil, eyni zamanda mənəvi örnək rolunu oynayır. Xüsusilə gənc nəsil üçün bu cür ədəbiyyat milli ruhun möhkəmlənməsində mühüm təsir gücünə malikdir. Ruhulla Zahidovun kitabları estetik zövqün formalaşmasına da xidmət edir. Dilin axıcılığı, obrazlılıq və emosional təsvirlər oxucunun ədəbiyyata marağını artırır, mütaliəni mənəvi ehtiyaca çevirir. Bununla yanaşı, bu əsərlər vətənpərvərlik və hərbi-vətənpərvərlik ideyalarının təbliğatçısı kimi çıxış edərək, oxucunu vətən uğrunda mübarizliyə, hünərə və cəfakeşliyə səsləyir.
Müəllifin yaradıcılığında vətən yalnız coğrafi məkan kimi deyil, tarix, şahid xatirələri, milli yaddaş və mənəvi borc anlayışları ilə bütöv şəkildə təqdim olunur. Bu isə oxucuda vətənə bağlılıq hissini daha da dərinləşdirir və qəhrəmanlığın sadəcə döyüş meydanında deyil, gündəlik həyatda da nümayiş etdirilməli bir dəyər olduğunu göstərir. Həmçinin qeyd etməliyəm ki, Ruhulla Zahidovun vətənpərvərlik mövzusunda qələmə aldığı kitablar həm ideya-məzmun, həm də tərbiyəvi-estetik baxımdan böyük əhəmiyyət daşıyır. Bu əsərlər oxucuları milli ruhda yetişdirməklə yanaşı, onları mənəvi cəhətdən möhkəmləndirir, vətənə xidmət ideyasını həyat amalına çevirir.
Bu yaradıcılıq uğurlarından biri də “Hara gedirsən, silahlı əsgər?!.” sənədli əsərdir. Kitab çoxillik axtarışların nəticələri əsasında ərsəyə gəlib. “Hara gedirsən, silahlı əsgər?!.” sənədli əsəri Ruhulla Zahidovun yaradıcılığında həm ideya-məzmun, həm də janr baxımından xüsusi çəkisi olan uğurlu nümunələrdəndir. Bu kitab müəllifin uzun illər apardığı araşdırmaların, müşahidələrin və mənəvi axtarışların məntiqi yekunu kimi ortaya çıxır və məhz bu səbəbdən oxucuya təsir gücü ilə seçilir.
Əsərin əsas üstünlüyü onun sənədli xarakterindədir. Müəllif hadisələri uydurma qəhrəmanlar üzərindən deyil, real faktlar, şahid ifadələri, həyatın özündən gələn talelər vasitəsilə təqdim edir. Bu isə oxucuda hadisələrə qarşı daha güclü inam və emosional bağ yaradır. Kitabda silahlı əsgər obrazı yalnız fiziki gücün təcəssümü deyil, mənəvi məsuliyyətin, vətən qarşısında borcun və tarixi missiyanın simvolu kimi çıxış edir. Qeyd etməliyəm ki, əsərin sənədli xarakterinin ideya-estetik rolu real fakt və şahid ifadələrinin üstünlüyündən irəli gələrək həmçinin sənədli məzmunla qurulmasında onu yalnız ədəbi məhsul olmamaqdan çıxarmaqla ciddi faktoloji mətnə çevirir. Bu səbəbdən də əsər oxucu üçün “sadə bir oxu obyekti” olmayıb, mütəfəkkir və müşahidəçi mövqeyi olaraq təqdim edilir. Sözsüz ki, Ruhulla Zahidov “Hara gedirsən, silahlı əsgər?!.” sənədli əsərində tarixi hadisələri şəxsiyyətlərin taleləri zaman məntiqi ilə təqdim etməklə proseslərin zamanla necə görünməsini daha aydın göstərə bilir.
Əsərdəki silahlı əsgər obrazı sadəcə döyüş meydanının fiziki simvolu deyil, o, həm də mənəvi məsuliyyətin təcəssümü əsgər obrazı olaraq yalnız güc sahibi insan deyil, həm də mənəvi yük, borc və qətiyyət daşıyıcısıdır. O, vətən uğrunda deyilən sözlərin canlı nümunəsinə çevrilməklə vətənə qarşı məsuliyyətinin fərqində olan bir varlıq kimi təqdim edilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, belə bir yanaşma həmçinin kitabı sadə ədəbi əsərdən çıxararaq, onu mədəni-sosioloji, tarixi-psixoloji və emosional-simvolik bir fenomenə çevirir.
“Hara gedirsən?” sualı əsərin ideya mərkəzində dayanır və fəlsəfi məna daşıyır. Bu sual təkcə döyüşə yollanan əsgərə ünvanlanmır, eyni zamanda hər bir oxucunu düşündürür: insan hansı amal uğrunda yaşayır, hansı dəyərlər naminə mübarizə aparır, vətən anlayışı onun həyatında nə qədər önəmlidir? Müəllif bu suallar vasitəsilə oxucunu daxili hesabat verməyə, mənəvi mövqeyini müəyyənləşdirməyə sövq edir.
Kitabda qəhrəmanlıq anlayışı pafoslu şüarlar səviyyəsində deyil, real həyat nümunələri fonunda təqdim olunur. Müəllif əsgərin cəsarətini, dözümlülüyünü, çətin anlarda verdiyi qərarları, ailədən və rahat həyatdan keçərək vətən uğrunda mübarizəyə atılmasını sənədli faktlarla açır. Bu yanaşma qəhrəmanlığı əlçatmaz zirvə kimi deyil, zərurət yarandıqda hər bir vətəndaşın üzərinə düşən məsuliyyət olaraq göstərə bilir.
Əsərin mühüm cəhətlərindən biri də onun tərbiyəvi funksiyasıdır. “Hara gedirsən, silahlı əsgər?!.” gənc nəsildə vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir. Kitab oxucunu yalnız qürurlandırmır, eyni zamanda düşündürür, möhkəmləndirir və mənəvi cəhətdən daha uğurlu mövqe üçün hazırlayır. Burada vətən sevgisi emosional çağırışlardan çox, məsuliyyət, sədaqət və fədakarlıq anlayışları ilə təqdim olunur.
Dil və üslub baxımından da əsər oxunaqlıdır. Sənədli janra xas olan dəqiqlik qorunmaqla yanaşı, müəllif bədii ifadə vasitələrindən yerində istifadə edir. Bu isə mətnin həm informativ, həm də estetik dəyərini artırır. Oxucu faktlarla tanış olmaqla yanaşı, hadisələrin ruhunu, ağrısını və qürurunu da hiss edir.
Nəticə etibarilə, “Hara gedirsən, silahlı əsgər?!.” sənədli əsəri Ruhulla Zahidovun yaradıcılığında vətənpərvərlik mövzusunun dərin, əsaslandırılmış və təsirli ifadəsidir. Bu kitab təkcə keçilmiş yolun salnaməsi deyil, həm də gələcək nəsillər üçün mənəvi bələdçi, qəhrəmanlıq məktəbi rolunu oynayır. Oxucu bu əsəri bitirdikdən sonra yalnız oxumuş olmur, həm də bir mövqe qazanmış olur.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi