Prezident onlara Milli Qəhrəman adı verdi-MÜHÜM SƏRƏNCAM

2016-cı ildə Aprel döyüşlərində şəhid olan Teymurov Pəncəli Nurməmməd oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına (ölümündən sonra) layiq görülüb.

KANAL32.az xəbər  verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Mühid Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi.

11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

Baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov da (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə şəhid olub. Onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik – Əsgəran yaxınlığında vurulub.