Müalicə maskası altında cəhalət, tibbi şou,yoxsa…?

Diplom olmayan “ekspertlər”

Reabilitasiyanı sirkə çevriləndə: kim həqiqətən müalicə edir, kim isə sadəcə göstərir.Bu gün hər ikinci özünü reabilitasiya üzrə mütəxəssis hesab edir. Kifayət gədər avadanlıq, tibbi ləvazimatlar almaq və bir otaq kirayələmək — və artıq insan özünü “bədən və enerjini bərpa üzrə ekspert” elan edir.Tibb təhsili yoxdur, anatomiyanı başa düşmür, müalicə protokollarını tanımır, sterilizasiya prinsiplərinə əməl etmir.Ən pis tərəfi isə odur ki, insanlar belə “mütəxəssislərə” inanır. Onlar ora yalnız təhlükəsiz olduğunu bilmədikləri üçün deyil, “möcüzəvi nəticə” vədi ilə gedirlər: sürətli, ucuz və diaqnozsuz.Sonra həqiqi mütəxəssislər nəticələri düzəldir — iltihablar, infeksiyalar, fəsadlar, zədələnmiş toxumalar.Fizioterapiyada   masaj, akupunktur, hicama terapiyaları  — bunlar TikTok trükləri və ya “xalq üsulları” deyil. Bunlar bilik, sterilizasiya və məsuliyyət tələb edən tibbi prosedurlardır.Diletantların əli ilə bunlar aparıldıqda nəticə sağlamlıq deyil, risk olur.Fizioprosedurlarda cəhalət yalnız axmaqlıq deyil, təhlükədir. Hər kəs  özünü “reabilitoloq” adlandırdığı müddətdə, xəstələr əziyyət çəkir, peşə nüfuzunu itirir.

Mütəxəssisi saxtakarından necə ayırmaq olar?

Saxtakarları ifşa etmək kifayət deyil. İnsanlara həqiqi peşəkarı tanımağı öyrətmək lazımdır.

  1. Təhsil. Həqiqi mütəxəssis diplomunu gizlətmir. Tibbi baza, sahəsi üzrə təcrübə və əlavə sertifikatları var — hər şey açıq və şəffafdır.
  2. Sterilitet. Əgər prosedur otağının sterilliyi qorunmursa ,tibbi geyim, əlcəklər,maska,antiseptiklər və alətlərin dezinfeksiyası yoxdursa — qaçın. Bu “xalq üsulu” deyil, laqeydlikdir.
  3. Anemnez.Pasiyentın vəziyyətinin analizi. Peşəkar prosedura “kor-koranə” başlamır. Mütəxəssis həmişə anamnez, əks göstərişlər və müalicə məqsədini öyrənir.
  4. Dürüstlük. Əgər sizə “bir seansda tam sağalma” vədi verirlərsə — qarşınızda həkim deyil, illuziya satıcısıdır. Reabilitasiya zaman, sistemlilik və bilik tələb edir.

 

Sağlamlıq — təcrübə üçün yer deyil. Bəziləri tibbi şouya çevirir, digərləri isə vicdanla işləyir — protokollara əməl edir, bədənə, elmə və insana hörmət göstərir.

Etibarı yalnız dürüst işlə qazanmaq olar!

Fəxri Həsənov,

reabilitoloq