Vladimir Putinin Düşənbədə Azərbaycanla bağlı “rusdilli ölkədir” sözləri niyə “diqqətdən yayındı”?
Qəribədir ki, ötən gün, Putinin bu sözlərindən sonra sosial şəbəkədə “Bakılılar günü” ilə bağlı saysız-hesabsız paylaşımlar da aktivləşdi – halbuki “Bakılılar günü” adlı “tarix” dünən, o paylaşımlar da bu ilin deyil. Sanki Putinin bu sözləri ilə o “tarix” xatırlanmış, internetdə axtarışlar verilmiş və buna görə də sosial şəbəkə o görüntüləri önə çıxarmışdı!
“Rusdilli Bakı”nın həsrətini çəkən və “erməniyə dayı deyənlər” sürüsünün necə həsrətlə, həm də rus dilinin “Bakı şivəsində” bu günün üzərindən manipulyasiya edərək, azərbaycanlıları aşağılama cəhdini müşahidə etmək ağırdır; ən ağırı isə aşağılananların aşağılayanlara əl çalmasını seyr etməkdir…
Ruscanın bütün SSRİ-də birmənalı dominant olduğu və Bakıda öz dilinə xor baxıb, ruscada xoşbəxt olanların aşağılayıcı ritorikasına, özlərini bizdən deyil, “rus ali irqindən” olduqlarını göstərənlərin sayına/dairəsinə baxmayaraq, bu ölkənin – yəni o vaxtkı respublikanın – siyasi elitası, ziyalıları, aydınları Azərbaycan dilinin bütün incəliklərini ən yüksək şəkildə qoruyub saxlayırdılar, hətta SSRİ-də Azərbaycan nadir respublika idi ki, öz dilinin dövlət dili olmasını konstitusiyaya salmışdı.
Orta Asiya türklərindən fərqli olaraq, Azərbaycanda ana dilinin təmizliyinin keşiyində duran böyük bir aydınlar təbəqəsi vardı – baxmayaraq ki, Bakıda “rus-erməni”lərin bəlli yerlərində rusca qurdalanmaqdan xoşlananlar bu xalqa üstdən-aşağı baxır, “ali irqə” qoşulub, “çuşka” olmadıqlarını əbləhcəsinə göstərməyə çalışırdılar.