Komitə sədri yazır:Türk dünyasının İlham Əliyev fenomeni

Türkçülük idealları dərin tarixi köklərə və mənəvi dəyərlərə əsaslanır, milli yaddaşımızdan qaynaqlanır. Minillik dövlətçilik tarixi olan türk xalqlarının ayrı-ayrı boyları öz tarixi yaddaşında bu ideyanı daima yaşatmışlar. Bu mədəni irsin siyasi platformaya çevrilməsi üçün hələ ötən əsrin əvvəllərində türk dünyasının fikir adamları İsmayıl bəy Qaspıralı, Yusif Akçura, Zəki Vəlidi Toğan, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ayaz İsaki, Sədri Maksudi Arsal və digərləri çalışsalar da, onu gerçəkləşdirmək mümkün olmamışdır. Bu amal türk xalqlarının təhtəl şüurunda gerçəkləşməmiş arzu kimi qalmışdır.

Bu ideyanın siyasi platformaya çevrilməsi, türk xalqlarının bir təsisat altında birləşməsi ideyası məhz Heydər Əliyevin simasında öz intibah dövrünü yaşamağa başladı. Təsadüfi deyil ki, böyük dövlət xadimi Süleyman Dəmirəl “Azərbaycan Prezidenti, qardaşım Heydər Əliyev” adlı məqaləsində (2003) Azərbaycan xalqının Ümummilli Liderinin tarixi xidmətlərini dünyanın böyük dövlət adamlarının öz xalqları qarşısındakı böyük xidmətləri ilə müqayisə edərək göstərir ki, Çörçilin 1940-cı, Ruzveltin 1942-ci, Adenaurun 1946-cı, De Qollun 1958-ci ildə gördükləri işləri Heydər Əliyev 1993-cü ildə gördü. Və Heydər Əliyevin “intəhasız təcrübəsi, qətiyyəti, əzmi, uzaqgörənliyi, sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz məhəbbəti, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı, vətənpərvərliyi hər cür tərifdən yüksəkdə dayanır”. Tarixi keçmişinə biganə qalan xalq kökündən qurumağa başlayan ağaca bənzəyir. Qüdrətli düha sahibi olan öz müdriklərini milli düşüncə örnəyi kimi qəbul edən, ağıllı, kamil şəxsiyyətlər yetişdirən xalq özünün tarixi milli-mənəvi dəyərlər zənginliyi ilə öyünməkdə haqlıdır.

Tariximizi tanıdan, yazılı qaynaqlarımızı əbədiləşdirən şəxsiyyətlər indi gözümüzün önündə olmasalar da, onların tarixi bizə tanıdan əsərləri hamımızı sevindirir, qürurlandırır. Gələcəyimizə bu prizmadan baxmaq bizim ən vacib vətəndaşlıq borcumuzdur.

Məhz bu kontekstdən yanaşsaq, Ulu Öndər Heydər Əliyevin türkçülüyə bağlılığı sonradan Türk Dövlətləri Təşkilatının qurulmasına təkan oldu. Bu siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında sistemli şəkildə davam etdi və ən yüksək zirvəsinə çatdı.

Hələ 2013-cü ildə Prezident İlham Əliyev qeyd edirdi: “Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki, islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meyilləri gücləndirməliyik”. İlham Əliyevin “türk xalqlarına yönəlik bütün müsbət meyilləri gücləndirməliyik” tezisi türk dünyasının hərəkətverici qüvvəsinə çevrildi, türk dünyasının müxtəlif platformalarda inteqrasiyasını intensivləşdirdi. Dünyanın yeni düzən arayışında olduğu indiki dönəmində türk dövlətlərinin birgə hərəkət etməsi üçün həm yaxşı şans yaranmış, həm də onların hər birinin milli maraqları baxımından böyük zərurətə çevrilmişdir. Hazırda zəngin təbii resurslara, məhsuldar torpaqlara və nisbətən yüksək insan kapitalına sahib olmaları, mühüm beynəlxalq və regional nəqliyyat və kommunikasiya şəbəkələrinin mərkəzində yerləşmələri, əsasən, Türkiyə, Qazaxıstan və Özbəkistanda olmaqla nisbətən inkişaf etmiş sənaye sahələrinin formalaşması, ortaq tarix, dil, mədəniyyət və coğrafiyanı bölüşmələri türk dövlətlərinin sürətli inteqrasiyası üçün əlverişli zəmin yaradır.

Bu gün müstəqil türk dövlətlərinin toplam göstəricilərinə baxdıqda, ərazilərinə görə dünya ölkələri arasında 7-ci, əhali sayına görə 9-cu, ümumi daxili məhsullarına görə 16-cı, təbii qaz rezervlərinə görə Rusiya, İran və Qətərdən sonra 4-cü, neft istehsalına görə 9-cu, qızıl və bor rezervlərinə görə 1-ci, uran rezervlərinə görə 2-ci, xrom ixracına görə isə 2-ci sırada olduqları görünür. 2023-cü ilin sonunda müstəqil türk dövlətləri əhalisinin 165 milyona çatdığını görmüş olarıq. Qeyd edək ki, 1,1 trilyon dollar milli gəliri və 560 milyard dollarlıq xarici ticarət dövriyyəsi ilə türk dövlətləri böyük iqtisadi potensiala malikdirlər.

Dünya xalqları içərisində özünəməxsus mədəni inkişaf səviyyəsi, dövlətçilik şüuru olan türklər ən qədim dövrdən müasir günümüzədək Avrasiyasının aparıcı super etnosu olduğunu təsdiq etmişdir. Avrasiyanın geniş “çöl-step” zonalarında təşəkkül tapan, müxtəlif dilli tayfaların əhatəsində formalaşan, cəsurluğu ilə hərb tarixinə adını yazdıran, dünya elm və mədəniyyət xəzinəsini qiymətli əsərlərlə zənginləşdirən türklər müxtəlif coğrafiyalarda fərqli inkişaf mərhələsindən keçmişlər. Dünyanın ən dinamik, passionar xalqlarından olan türklər məhz bu keyfiyyətlərinə görə ümumdünya sivilizasiyasının formalaşmasında yaxından iştirak etmişlər.

Yer kürəsinin sıx məskunlaşmış xalqlarından olan türklərin böyük bir hissəsi tarixən Avrasiya materikində yaşasalar da, müxtəlif zamanlarda müəyyən səbəblərdən uzaq Amerika və Avstraliya qitələrinə də yayılmışlar. Müasir dövrdə türk dünyasının coğrafiyası qərbdə Balkan yarımadasından şərqdə Sakit okeana, şimalda Şimal Buzlu okeandan cənubda Tibetə qədər uzanan 11,2 milyon kvadrat kilometrlik ərazini əhatə etməkdədir. Türk xalqlarının yaşadığı ərazi Yer kürəsinin quru sahəsinin 7,5 faizini təşkil edir. Bu geniş coğrafiyada 250-300 milyon civarında türk əhalisi yaşayır ki, bu da bütövlükdə ümumdünya əhalisinin 3-4 faizini təşkil edir.

Dövlətçilik şüuruna daha tez yiyələnən türklər tarixdə ən çox dövlət, imperiyalar qurmağa müvəffəq olmuşlar. Belə ki, türklər ümumilikdə 110 dövlət yaratmışlar ki, bunların 15-i xaqanlıq (imperatorluq), 38-i dövlət, 34-ü bəylik, 4-ü atabəylik, 17-si xanlıqdır.

SSRİ-nin süqutu nəticəsində imperiya parçalandı, türk dövlətləri müstəqilliyin bərpası uğrunda yenidən mübarizəyə başladılar. Beləcə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan respublikaları dövlət müstəqilliyini bərpa edərək BMT-nin tamhüquqlu üzvü oldular. Türkiyə Cümhuriyyəti də daxil olmaqla, artıq müstəqil türk respublikalarının ərazisi türk dünyasının 43 faizini təşkil edir. Bu da türk dünyasının 4,8 milyon kvadrat kilometrini təşkil edir. Yerdə qalan 57 faizlik (6,4 milyon kvadrat kilometrlik) ərazi isə digər ölkələrin sərhədləri daxilindədir.

Türk Dövlətləri Təşkilatını formalaşdıran dövlətlərin ərazisində qədim dövrdən Türk-Turan sivilizasiyası mövcud olmuşdur. Qeyd edək ki, Turan sözü ilk dəfə Sasani şahənşahı I Şapura (III əsr) məxsus qaya yazısında çəkilmişdir. İlkin mərhələdə Avrasiyanın türklər yaşayan ərazilərinə şamil edilən Turan coğrafi adı daha sonralar türklərin ümumi vətəni anlamını ifadə etməyə başladı.

Ucsuz-bucaqsız türk coğrafiyasını vahid Turan dövlətində birləşdirmək uğrunda mübarizə aparan Atilla, Çingiz xan və digər görkəmli türk xaqanlarının 40 yaşlarında hakimiyyətə gəlmələri və bu ağır yükü çiyinlərinə götürmələrində bir tale oxşarlığı vardır. Qərb alimlərinin yekdil fikirlərinə görə, əgər Atilla I minilliyin ən qüdrətli hökmdarı olmuşdursa, Çingiz xan da II minilliyin ən qüdrətli hökmdarı kimi qəbul edilmişdir. Məhz onların və varislərinin səyləri nəticəsində e. ə. VII əsrdən XIX əsrin ortalarınadək (1858-ci ildə Moğol imperiyası süqut etmişdir) Sakit okeandan Qara dənizin şimal sahillərinə və Macarıstana qədərki ərazilərdə – Pannoniyada düzlərində türk hakimiyyəti bərqərar olmuş, türk dövlətləri bir-birini əvəzləmiş, qurd başlı bayraq davamlı şəkildə dalğalanmışdır.

Böyük İpək yolu üzərində yerləşən nəhəng türk dövlətləri dünyanın siyasi taleyini həll edəcək bir duruma gəlmiş, ilk diplomatik əlaqələr qurulmuşdur. Türk ehtişamının yüksəldiyi bu dövrdə dövlətçiliyin nüvəsini “başı olanlara baş əydirin, dizi olanlara diz çökdürün” şüarı olmuşdur. Türk xaqanı Bilgə xaqanın Orxan kitabələrində öz xalqına xitab etdiyi fikirlərə diqqət yetirək: “Ey türk, üstdə mavi göy çökmədikcə, altda yağız (əsmər) yer dəlinmədikcə, sənin elini və törəni kim poza bilər”. Bu Turan elində dövlət-törə birliyinin monolitliyindən xəbər verir və dövlətçilik fəlsəfəsinin əsasını təşkil edirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyası daxilində əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi də mühüm yer tutmuşdur. Ulu Öndər respublikamızda 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə siyasi, iqtisadi, mədəni, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığa xüsusi diqqət yetirmişdir. O, çıxışlarında, rəsmi görüşlərində türk xalqlarının ortaq mənəvi dəyərlərə malik olmalarını yüksək qiymətləndirmiş, bu zəmində münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını zəruri saymışdır. Bu baxımdan, Ulu Öndərin fikirləri günümüz üçün çox aktualdır: “Bizim türk mənşəli, türkdilli xalqlarımız, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür”.

Ulu Öndər Heydər Əliyev 1994-cü il fevralın 9-da Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı üzünü millət vəkillərinə, hökumət rəsmilərinə tutaraq Mustafa Kamal paşanın Türkiyə Cümhuriyyətinin Türk Dünyasının lideri kimi çox önəmli bir missiyanı öz üzərinə götürməsi gərəkliyi haqqında məşhur fikrini xatırlatmışdır: “Burada mən Mustafa Kamal Atatürkün çox dəyərli bir fikrini yadınıza salmaq istəyi-rəm, çünki onun bu fikri Türkiyənin üzərinə düşən vəzifələrin çox böyük olduğuna və Mustafa Kamal Atatürkün çox uzaqgörən bir şəxsiyyət olduğuna dəlalət edir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibətilə çıxışında demişdir: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz. Nəinki Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər qonşularından qaça bilərlər. Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük. İnam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların, tarixi köklərin bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır”.

Möhtərəm Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizin inkişafında yeni mərhələ başlamışdır. Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi cəhətdən güclənmiş, xalqımızın mübarizə ruhu, əzmkarlığı daha da yüksəlmişdir. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, beynəlxalq arenada nüfuzunun artmasına, türk dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmışdır.

12 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə “Səmərqənd Bəyannaməsi”nin qəbul edilməsi isə təşkilatın “2040-cı il baxışı”nın reallaşdırılması istiqamətində atılacaq addımların aydınlaşması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı türk birliyinin yeni daha yüksək zirvəyə yüksəlməsi ilə əlamətdar olmuşdur. Bu fövqəladə Zirvə toplantısında qardaş Türkiyədəki 6 fevral fəlakəti əsas müzakirə mövzusu olmuş, fövqəladə halların idarə edilməsi sahəsində yardımlaşmanı inkişaf etdirmək və Türkiyəyə humanitar yardım göstərilməsi qərara alınmışdır. Bununla da türk dövlətləri bir daha dünyaya nümayiş etdirdilər ki, ən ekstremal durumda, böyük fəlakətlə üzləşdikləri zamanda belə, türk özünü, milli kimliyini, məğrurluğunu itirmir, bütün ağrılara, acılara, fəlakətlərə, sınaqlara mərdi-mərdanə sinə gərir. Həmin görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının bütün türklər üçün arxalanacaqları böyük güc olduğunu və öz fəaliyyətində bunu daim nəzərə almalı olduğunu xüsusi vurğulamışdır: “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətləri tərəfindən təsis edilmiş TDT-nin sıraları Özbəkistan, Türkmənistan və Macarıstan dövlətlərinin qoşulması ilə 7-yə çatmışdır. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Təşkilatın sıralarına müşahidəçi qismində daxil edilməsi də TDT-nin coğrafiyasının genişlənməsinə xidmət edir. Türk dünyasının mənəvi və siyasi baxımdan birləşib güc mərkəzi kimi birgə fəaliyyətinə toxunarkən deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təməl prinsipləri əsasında türk dünyasının liderləri başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla bunu uğurla davam etdirirlər.

Prezident İlham Əliyevin özü qardaşlıq nümunəsini formalaşdıran örnək bir şəxsdir. Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitində (24 aprel 2014-cü il) bu mövzuda ən yaddaqalan hadisələrdən biri baş verdi. Ermənistan eks-prezidenti Serj Sarkisyan Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdir. S. Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutsun.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə adından dərhal məsələyə reaksiya verməsi türk dövlətlərinin beynəlxalq miqyasda vahid platformadan çıxış etməsinin ən gözəl nümunəsinə çevrildi. Prezident İlham Əliyev: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl – Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir”.

Əlbəttə həmin dövrlər arxada qalıb. Türkiyədə baş verən dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı və dövləti birmənalı şəkildə türk xalqının haqq səsinə səs verdi. Həmin günləri indi də həyəcanla xatırlayırıq. Biz Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək öz həmrəyliyimizi bildirdik, hətta gecə səhərə qədər səfirlikdə qaldıq.

Türkiyədə baş vermiş ağır zəlzələ zamanı sadə Azərbaycan ailələrinin yardımı Türkiyədə minnətdarlıq sevgisi ilə qarşılandı. Qardaş ölkədə irimiqyaslı meşə yanğınları zamanı ilk yardıma gedən də məhz Azərbaycan türkləri oldu. Türk xalqlarının birliyi, qardaşlığı Türkiyə-Azərbaycan münasibətləri fonunda bütün türk dünyasına örnək oldu.

İlham Əliyevin prezidentliyi dönəmində uzun illər mübahisələrə səbəb olan Türkmənistanla Azərbaycan arasında mübahisəli qaz yataqları ilə bağlı razılıq əldə edildi.

44 günlük Zəfər müharibəsi zamanı da türk dünyasının mənəvi birliyinin şahidi olduq. Türkiyə dövlətinin mənəvi dəstəyi qələbəmizin təmin olunmasında mühüm rol oynadı.

Zəfər müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bu dostluq və qardaşlığın artıq daha geniş platformada özünü ifadə etdiyinin şahidi olduq. Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqliyin bir daha vurğulanması türk birliyinin tarixi ənənələrə söykəndiyini nümayiş etdirdi. Müharibədən sonra Qarabağda aparılan tikinti-quruculuq işlərinin həyata keçirilməsində Türk Dövlətləri Birliyi üzvü olan ölkələrin iştirakı da ən vacib addımlardan biridir.

Şübhəsiz ki, türk xalqlarının yaxınlaşmasında ortaq mədəniyyət və dil birliyinin mühüm rolu danılmazdır. İki türk dövlətinin başçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə rəsmi görüşdə türk dilində danışmaları ortaq türkcənin eyni soy-kökə malik türk xalqlarının yaxınlaşmasında müstəsna rolunu bir daha təsdiqləmiş oldu.

Uzun müzakirələrdən sonra 9 sentyabr 2024-cü ildə Bakı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclasında türk dövlətlərinin vahid 34 hərfdən ibarət əlifbası qəbul edildi. Bu artıq türk birliyinin inteqrasiyasının ən yüksək səviyyədə olmasının ən gözəl nümunəsi kimi bu birliyin alternativsizliyinə inamı bir daha artırdı. Türk xalqları ilə münasibətlər fonunda qardaş Özbəkistanla son illər artırılan qarşılıqlı intensiv səfərlər gözəl nəticələrə səbəb oldu. İşğaldan azad olmuş Füzuli şəhərində 23 avqust 2023-cü ildə Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq”.

2023-cü ildə Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır. Artıq 2024-cü ildə Türkiyə-Azərbaycan Universiteti (TAU) fəaliyyətə başladı.

Beləcə, Ulu Öndər Heydər Əliyevin başlatdığı, cənab İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilən Türk Birliyi yaradılması və inkişaf etdirilməsi strategiyası təkcə Anadoluda, Qafqazda və Mərkəzi Asiyada yaşayan və müstəqil dövlətə malik türk xalqları üçün deyil, həm də bütün dünyaya səpələnmiş, fərqli ölkələrdə yaşayan türklər üçün ümid işığı, güvənc yeri kimi son dərəcə qiymətlidir və gələcəyə daha inamla baxmağa imkan verir.

Sadiq QURBANOV,

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri