“Vətəndaş – Vətən daşı” konsepti

“Azərbaycan” qəzetinin 15 dekabr 2024-cü il tarixli sayında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum. Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi. Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.

S.Qurbanov mətbuatda müntəzəm yazılarla çıxış edir. Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir. Get-gedə bu məsələlərə marağı daha da artan riyaziyyatçı-hüquqşünas millət vəkilinin fikirləri sahənin aktuallaşdırılmasının zəruriliyini ortaya qoymaqla yanaşı, onlarla bağlı mütəxəssisləri (ən azı, folklorşünasları) aktivləşməyə, fikir söyləməyə,  müzakirə açmağa və s. sövq edir.

Bu, bir reallıqdır ki, “Kitabi-Dədə Qorqud” və ondan daha qabaq aşıq sənəti və yaradıcılığı çağdaş Azərbaycan siyasi reallığının qurucusu Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan müstəqilliyini qazanandan sonra Heydər Əliyevin diqqəti daha çox “Kitabi-Dədə Qorqud” eposunun üzərinə yönəlmiş və o, bu möhtəşəm oğuz eposunun etnofəlsəfi mahiyyətini təşkil edən “birlik” formulundan istər daxili (Azərbaycan), istərsə də xarici auditoriyada (Türk dünyası) geniş şəkildə istifadə etmiş, bu istiqamətdə hamımızın gözləri önündə cərəyan etmiş və iştirakçısı da olduğumuz nəhəng işlərə imza atmışdır.

Bu nüfuzlu dövlət xadiminin “Kitabi-Dədə Qorqud” eposuna olan diqqətinin, onu Azərbaycanın daxili və xarici mədəni siyasət ritorikasının əsas ifadə vasitəsinə çevirməsinin səbəbləri nə ilə bağlı idi?

Təbii ki, bu suala Heydər Əliyevin etdiyi çıxışlardan, söylədiyi nitqlərdən çoxlu örnəklər gətirməklə geniş şəkildə cavab(lar) vermək olar. Ancaq hörmətli millət vəkili S.Qurbanovun da yazdığı kimi, bir dövlət xadiminin, siyasət adamının nitqlərinin həmişə alt məna qatları olur. Bu cəhətdən, mərhum Prezidentin də  “Kitabi-Dədə Qorqud”la bağlı çıxışlarının alt qat(lar)ı var idi və həmin mənalar qeyd etdiyimiz etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bilavasitə bağlı idi.

“Kitabi-Dədə Qorqud” – epoxal mənsubiyyəti baxımından Oğuz abidəsi, başqa sözlə, oğuzların dastanıdır. Bədii-magik söz abidəsi olan bu dastanın Oğuz cəmiyyətindəki ən mühüm funksiyası “oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyası” olmaq idi. Başqa sözlə, “Dədə Qorqud” eposu Oğuz milli düşüncə və davranış sisteminin sakral söz kodu ilə inikas olunmuş modeli, proqramı, yaxud mexanizmi idi. H.Əliyevin bu dastana olan marağının əsasında da məhz bu faktor – “Kitabi-Dədə Qorqud”un milli düşüncə sisteminin “birləşdirici” mexanizmi olması dururdu.

Eposun etnosdaxili birləşdiricilik mexanizmi iki əsas səviyyəni əhatə edir:

  1. a) Oğuz etnokulturoloji səviyyəsi;
  2. b) Ümumtürk etnokulturoloji səviyyəsi.

Eposun bu iki səviyyəsi tarixi-epoxal xarakterlidir. Oğuz epik modeli bütün hallarda ümumtürk epik nüvəsinə bağlıdır. Bu cəhətdən, Oğuz epik modelinin tarixi-diaxron baxımdan hansı inkişaf xəttini təmsil etməsindən asılı olmayaraq, o, sinxron strukturu baxımından bütün hallarda ümumtürk düşüncə modelini təmsil edir. Bu fikri bir qədər sadələşdirib desək, oğuzların dastanı olan “Dədə Qorqud” bütün poetik mahiyyəti, etnoepik fəlsəfəsi və etnoenergetik mahiyyəti ilə ümumtürk abidəsidir. Heydər Əliyev də eposun bu iki səviyyəsini çox gözəl görmüş və onlardan uyğun şəkildə istifadə edərək türk xalqlarını dastanın etnoepik düşüncə nüvəsi ətrafında, ən azı, dastanın 1300 illik yubiley tədbirləri səviyyəsində konsentrasiya edə bilmişdi. Bu, etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırılmasının beynəlxalq səviyyədə həyata keçirilmiş nəhəng nümunəsi idi.

Sadiq Qurbanovun ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu olan Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptinə istinad etməsi, onun epoxal-milli yaddaş dərinliklərinə enməsi də eposun etnoenergetik düşüncə potensiyası olması ilə əlaqədardır. Əgər “Dədə Qorqud” dastanı bu potensiyanın Oğuz-Türk enerjisini özündə daşıyırsa, “Koroğlu” eposu türk xalqlarının milliləşmə dövrünün etnik enerjisini özündə ehtiva edir.

Ölkə Prezidentinin milli qəhrəmanlıq simvolu Koroğlunu  müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması onillər boyunca qatı düşmənlərlə üz-üzə dayanmış xalqımızın milli qəhrəmanlıq ruhunun oyadılmasına xidmət edirdi. Bu cəhətdən, məhz qəhrəmanlıq eposuna “xitab edilməsi” tamamilə məntiqi idi.

Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, bügünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını  əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.

Eposun, o cümlədən “Koroğlu” eposunun ən mühüm funksiyası onun etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem olmasında ifadə olunur. Bu cəhətdən, milli qəhrəmanlıq ruhunun bütün davranış modellərini özündə arxetipləşdirən Koroğlu, əslində, hər bir azərbaycanlının qəhrəmanlıq ruhunun ayrılmaz parçasıdır. Koroğlu haqqında söylənmiş “Vətəndaş – Vətən daşı” konsepti də məhz bu müstəvidə məna kəsb edir. Üzərində doğulduğu və qoynunda boy atdığı torpağı özünə ana bilən hər bir Azərbaycanlının içərisində bir Koroğlu yaşayır. Bu cəhətdən, Koroğlunun Bakıda ucaldılmış heykəlində bir əlində qılıncı, o biri əlində sazı olan qəhərmanın Qıratın belində buludların fövqünə qalxması Azərbaycan qəhrəmanlıq ruhunun intəhasızlığını və qarşısıalınmazlığını ifadə edir. Bunu biz 44 günlük Vətən savaşında gördük və yaşadıq. Azərbaycan xalqı bu savaşda Vətənin və Vətəndaşlığın Vətənin hər bir daşından başlandığını bütün dünyaya nümayiş etdirdi.

Seyfəddin RZASOY,

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin

müdiri, filologiya elmləri doktoru, professor

 

/azerbaijan-news.az/