“Qloballaşan dünyada ənənəvilik və müasirlik”-FOTOLAR

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçrilib.

Azərbaycanın dövlət-din münasibətləri modeli, qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu prosesdə din xadimlərinin rolu ilə bağlı mövzuların müzakirə olunduğu konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Mərkəzi Aran bölgəsinin əhatə etdiyi rayonların icra strukturlarının, Qafqaz Müsəlmanları İdarəsinin, nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Kanal32.az komitənin rəsmi saytına istinadla xəbər verir ki,konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açılış nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşması, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin tolerantlıq ənənələri və multikultural dəyərlərin inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, Mingəçevir şəhərində də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün mədəni və mənəvi mühit yaradılıb.  Etnik və dini icmalar arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrdən bəhs edən İ.İsmayılov vurğulayıb ki, dünyada baş verən münaqişələrin fonunda ölkəmizdə müşahidə olunan sabitlik Azərbaycanın tolerant və multikultural ənənələrin beşiyi olduğunu göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında mühüm məsələlərin müzakirəsi və faydalı təcrübə baxımından keçirilən silsilə regional konfransların müsbət təsirini qeyd edib. Bildirib ki, milli-mənəvi dəyərlərə, adət-ənənələrə sədaqət Azərbaycan dövlətini güclü edən əsas amillərdəndir.

Komitə sədri vurğulayıb ki, Ulu Öndərin ideyalarına əsaslanan müstəqil dövlətimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında multikulturalizm, tolerantlıq kimi universal dəyərləri təşviq edən ictimai münasibətlər sistemi qurub. Azərbaycan xalqını başqalarından fərqləndirən əsas amillərdən biri də bundan ibarətdir ki, müasirliyə can atmağı ənənəyə çevirə bilib.

Din amilindən bəzi hallarda məqsədli şəkildə cəmiyyəti parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə edilməsinin mənfi təzahürlərinə də toxunan Ramin Məmmədov vurğulayıb ki, müasir dövrdə əsas məqsədlərdən biri dinin bu cür yanlış interpritasiyasını dəyişməkdən ibarət olmalıdır. Dövlət Komitəsinin sədri qeyd edib ki, hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin vacib elementidir.

 “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.

Regional konfransın “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzusuna həsr edilən panel sessiyasına Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov ənənəvi dəyərlərin cəmiyyətdaxili birliyin qorunmasındakı rolu barədə danışıb. Vurğulayıb ki, əsrlər boyu ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamaları Azərbaycandakı ənənəvi dini həyatda tolerantlığın praktiki bir əsas kimi mənimsənilməsini göstərir. Cəmiyyətimizdəki ənənəvi dini düşüncə dinlərarası tolerantlığa, eləcə də İslam məzhəbləri arasındakı qardaşlıq prinsipinə əsaslanır və ayrı-seçkiliyə qarşı açıq mövqe nümayiş etdirir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bəzi qrupların dünyəvilik anlayışını məqsədli şəkildə istismar etməsinin yolverilməzliyinə diqqəti çəkib. Bildirib ki,   Azərbaycan Respublikası dünyəvi dövlət olsa da, dinə dövlət qayğısı yüksək səviyyədədir. Dövlət müstəqilliyi, azərbaycançılıq məfkurəsi cəmiyyəti birləşdirən ideallar, dinimiz bizim mənəvi dəyərimizdir.

Mövzu ilə bağlı təqdimatla çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinə şəriət və mədəniyyət müstəvisindən yanaşaraq, fərqli baxışları şərh edib. Bildirib ki, ənənəvi İslam dinin siyasiləşdirilməsini və bölücülüyü təbliğ edən yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılovun moderatorluğu ilə keçirilən “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” adlı paneldə İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin qarşısının alınmasında din xadimlərinin fəallığının artırılması barədə fikir mübadiləsi aparılıb.

Aİİ-nin müəllimi,  ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov İslam tarixində məzhəblərarası münasibətlərə mənfi təsir göstərən amillərdən biri olan məzhəb təəssübkeşliyinin neqativ təzahürlərinə diqqət çəkib.

Daha sonra çıxış edən Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev İslam dünyasında modernləşmə düşüncəsinin tarixi haqqında fikirlərini bölüşüb. Həmçinin Hacı Məcid Əfəndinin timsalında nümunəvi din xadimi obrazı barədə fikirlərini səsləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin  bölgə qazısı  Əli Məmmədov dini maarifləndirmə işinin genişləndirilməsi və dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsində din xadimlərinin roluna toxunub. Bildirib ki, din xadimlərinə maddi dəstək göstərilməsi, dini ibadət yerlərində mütəmadi təmir-bərpa işlərinin aparılması dövlətinbu sahəyə göstərdiyi qayğının nümunələridir.

Çıxışlardan sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tədbirin yekununda çıxış edən Ramin Məmmədov dini sahədə maarifləndirmə işinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini, panel sessiyalarda səsləndirilən təkliflərin, qaldırılan məsələlərin təhlil olunacağını qeyd edib.  Bildirib ki, bu gün dindən müxtəlif mərkəzlərin maraqlarının reallaşdırılması aləti kimi istifadə edilməsi, eləcə də dini fərqliliklərin cəmiyyətdə qütbləşməyə yönəldilməsi cəhdlərinin qarşısını almaq üçün ən effektiv üsul bu sahədə güclü kadr potensialının yaradılmasıdır. Dövlət Komitəsinin sədri Dini təhsilin inkişaf etdirilməsinin strateji hədəfləri reallaşdırmaq üçün zərurətə çevrildiyini vurğulayıb.