AĞDAM-Qarabağın ağ səsli, ağ işıqlı,ağ günlü şəhəri…

Ulu türk yurdu Qarabağı nəhəng bir dastana bənzətmək olar.Bu dastanı isə türk-oğuz törəsinin genetik kodlarını özündə daşıyan “Kitabi-Dədə Qorqud”dakı kimi boylara bölsək, boylardan biri,bəlkə də ən genişi “Ağdam” boyu olacaq. Çünki Ağdam bir məkan olaraq fərqli və özünəməxsus dəyərlərin daşıyıcısı kimi hər zaman diqqət çəkib. Hətta bu şəhərin müsbət enerjili mistik bir aurası olub.Amma bu ağ işıqlı,ağ günlü şəhər düz 27 il qara günlərin,qara taleyin əsirinə çevrilib və ağ atlı oğullarını gözləyib. Həmin ağ atlı oğlullar isə 27 sentyabr 2020-ci il tarixdə öz azadlıq,qəhrəmanlıq ataları ilə haqq yoluna çıxıblar. O oğullar 44 gün ərazində qara donlu,qara məkrli düşməni diz çökdürməyi bacarıblar. Məhz bu cəsarətin,bu qüdrətin qarşısında qara düşüncəli düşmən ağ bayraq qaldırıb.Bununla da qara illərini yaşayan Ağ şəhərin-Ağdamın da taleyinin ag günlərinin sorağı gəlib. Belə ki, 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyannamənin şərtlərinə görə 20 noyabr 2020-ci ildə Ağdam qeyri-şərtsiz azad olunub. Qazanılan tarixi uğurlarımızın sırasına yazılan bu gün də cənab Prezident İlham Əliyevin müvafiq qərarı ilə  rəsmiləşdirilib. Ölkə başçımızın 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Gününün təntənəli şəkildə qeyd edilməsi qərarı qüvvəyə minib. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün isə şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ağdam şəhərinin və bir neçə kəndin bünövrəsi qoyulub,tikinti-bərpa işləri sürətlə davam edir. Artıq ağ günlərinə qovuşan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Qeyd etmək yerinə düşər ki,Ağdam Azərbaycanı nəinki türk-müsəlman dünyasında, bütün dünyada tanıdan rayonlardandır.Ağdam xan qızı Natəvanın, böyük alimlərimiz Xudu Məmmədovun, Rafiq Məmmədovun,Adilə Namazovanın, Aydın Dadaşıovun,Ziyəddin Göyüşovun,Teymur Vəliyevin, dünya şöhrətli müsiqi xadimlərimiz Ramiz Quliyevin,Arif Babayevin,Mənsum İbrahimovun,Teymur Mirzəyevin və yüzlərlə tanınmış şəxslərin, həmçinin “Qarabağ” futbol klubunun vətəni kimi dünyada tanınır.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

Bəli, bu gün-20 noyabr  ağdamlıların,ag günlərinə, işıqlı günlərinə qovuşanların günüdür.

Şəhər Günün qutlu olsun,Qarabağın-türk törəsinin işıqlı şəhəri,musiqi beşiyi-Ağdam!

 

Jalə Həsənova,

M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi,YAP fəalı