Göyçənin Zərkənd kəndinin sakinləri Modern.az redaksiyasına məktub yollayıblar. Onlar məktubda Kəlbəcərə köçmək istədiklərini bildirib, bunun üçün Azərbaycan Prezidentindən icazə istəyiblər.
Kanal32.az həmin müraciəti təqdim edirik:
“Hörmətli, cənab Prezident, Ali Baş Komandan!
Sizin yürütdüyünüz uzaqgörən və uğurlu siyasət nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu və Vətənimiz öz ərazi bütövlüyünə qovuşdu. Sizin rəhbərliyinizlə 2020-ci ildə Azərbaycan tarix yazdı. Bu tarixi qələbə ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir. Sizin Azərbaycana, xalqımıza sevginizin nümunəsidir.
Cənab Müzəffər Ali Baş Komandan!
Biz 1988-ci ildə erməni vandalizminə məruz qalan Göyçə mahalından məcburi Azərbaycana qaçqın gəldik.
Birinci Qarabağ müharibəsində kəndimizdən 120-dən çox döyüşçü iştirak edib, 5 şəhid vermişik, onlarla qazimiz olub.
İkinci Qarabağ müharibəsində 60-dan çox könüllümüz iştirak edib və kəndimizdən 3 şəhid var.
1988-ci ildə biz öz qədim yurdumuz Göyçədən qovulanda kəndimizdə 360 ev (təsərrüfat) var idi, indi onların sayı 1000-i keçib.
Sizdən bir ricamız var: Azərbaycanın bütün rayonlarına səpəlnmiş bizlərə işğaldan azad edilmiş Kəlbəcərdə yaşamaq üçün icazə verin. Kəlbəcər Göyçə ilə həmsərhəddir və biz orada yaşamağı çox istəyirik.
Əvvəlcədən dərin minnətdarlığımızı çatdırırıq”.