Təbiət də insan kimidir. Onun da taleyi var. Bu tale həm də insanın və ya təbiətin hekayəsi deməkdir. İstər insan ol, istər təbiət, hekayən nə qədər maraqlıdırsa, özün də o qədər maraqlısan. Bu mənada Qarabağ və Zəngəzur coğrafiyasının hər addımı, hər qarışı bir dastan danışır. burada təbiətin ayrı-ayrı guşələrinə verilən adlar öz kreativ enerjisi ilə adamı valeh edir: “Ərim gəldi” qayası, “Uzun dərə”, “Abadxeyir dərəsi”, “Qırxqız”, “Daşaşıran”, “Susuz yurd”, “Əyriqar”, “Alagöllər”, “Mıxtökən”, “Qaracanın taxtaları”, “Sağsağanlı dağ”, “Salıbın yurdu”… Birdirmi, beşdirmi? Say-say, qurtarmaz! Bu yerlərdə bəzən on-on beş addımdan bir məkanların adı dəyişir. Vətənin, yurdun hər qarışını bax beləcə tanıyıb qan yaddaşımıza köçürmüşük. Təsəvvür edin, balaca bir rayonu unutmaq üçün minlərlə adı, ünvanı, təbiət mənzərəsini, eyni zamanda bunların hekayəsini unutmalısan.
Mənə qalsa, bir coğrafiyanı əsasən onun hekayələri vətənə çevirir. Şərqi Zəngəzur və Qarabağ otuz ilə yaxın düşmən işğalında qaldı və sizi əmin edirəm, bu otuz ildə o boyda coğrafiyanın heç bir guşəsi ilə bağlı ciddi bir hekayə yaranmadı. Çünki insan dağıtdığı yerlərin hekayəsini yarada bilməz. Hekayə sevgidən yaranır. Qurub-yaratmaqdan yaranır. Hətta hekayənin özü də qurub-yaratmaq sənətidir.
Qubadlıda “Bəyliyin macal yeri” adlı bir otlaq sahəsi var. Bu adda yaradıcı enerji ilə yanaşı dərin bir informasiya mürgüləyir.
2000-ci illərin əvvəlində Türkiyənin Malatya vilayətində qonaq olduğum vaxt qəribə bir yerli rəqsə tamaşa etdim. Adamlar sanki oynamır, güləşirdilər. Yanımda əyləşən valilik nümayəndəsindən bu hərəkətlərin mənasını soruşdum. Dedi, osmanlıların xaçpərəstlərlə filan vuruşması zamanı istifadə olunan taktikadır, rəqsdə əbədiləşib qalıb. Yer adları da belədir. Hansısa keçici-qalıcı vəziyyətin söz abidəsinə çevrilərək onu yaşadır. Onun koduna, şifrəsinə çevrilir. Bu mənada “Bəyliyin macal yeri” çox unikal nümunədir. Deməli, bəylər bütün otlaq və əkin sahələrini öz nəzarətinə götürübmüş, yalnız burda, bu ərazidə sadə insanların heyvan otarmasına və əkin əkməsinə imkan yaradırmışlar… Macal sözü Zəngəzurda imkan mənasında işlənir: “Gəlməyə macal tapmadım”, “Danışmağa macal olmadı”, “Macalım olsa baş çəkərdim” və s. Hətta bunu məşhur ləhcələri ilə “Majal” kimi tələffüz edirlər.
Yeri gəlmişkən, Zəngəzurun bu cür gözəl mənası və hekayəsi olan yer adları ilə geniş tanış olmaq istəyən Musa Urudun “Zəngəzur toponimləri” kitabını oxuya bilər…
Zəngəzurun məşhur yerlərindən biri də “Ceyran bulağı”dır.
Yadınızdadırsa, ötən yay mən aşıq həmyerlim Afil Bəxtiyarla birlikdə “Ceyran bulağı”nda kəlbəcərli şair Səxavət Kəlbəcərlinin qonağı olmuş və bu barədə yazı yazmışdım.
Gəlin o yazıdan bir hissəni xatırlayaq:
“Bizi “Ceyran bulağı”nda gözləyirdilər. Yəqin bu ifadə sizə nə isə pıçıldadı. Düz tapdınız! Söhbət Səməd Vurğunla Dədə Şəmşirin üstündə görüşdüyü bulaqdan gedir…
Aşıq Şəmşir “Dəlidağ”dan keçəndə
Kəklikli daşlardan xəbər al məni
“Ceyran bulağı”ndan qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni
Sonralar şair xəstələnəndə Aşıq Şəmşir doğrudan da onu eyni ünvanda yada salacaqdı.
…Gəl, səni gözləyir “Ceyran bulağı”
Əziz şair bu dağlara bir də gəl…
Həmişə gəlmək olmur amma. Bir gün xəstəlik möhlət vermir, bir gün düşmən.
Ancaq biz “Ceyran bulağı”nda idik.
Tale bizə bu fürsəti vermişdi.
Səxavət Kəlbəcərli üzünü görmədiyi yazıçı dostunu dillərə dastan bu cənnət məkanda Dədə Şəmşir sevgisi ilə qarşılayırdı.
Arada zarafatlaşdı da:
– Deyişəcəyik haaa!!! Özünü cəmlə…
Nə deyirəm. Deyişək. Ünvanımız Kəlbəcər olsun, “Ceyran bulağı” olsun, nə deyirsən eləyək…
Əvvəl-əvvəl bulağın başına qaçıb adama bir stəkan buz kimi su içirik.
Sonra yaxınlıqdakı rahat daşların üstündə oturub sazı dilləndirdik. Aşıq Afil bizə ilk dəfə qucaq açan Kəlbəcər dağlarını ilahi melodiyalarla salamlayır. Səmədi də, Şəmşiri də yerbəyer yad eləyir.
Dahi Nizaminin İsgəndəri arxasınca göndərdiyi abi-kövsər kimi balaca və sadə bir bulaqmış. O qədər də böyük olmayan bir yığın daşların arasından axıb, İstisuya doğru uzanan dərin dərəyə tökülür… Qucaq boyda daşlar sanki bulağı və onun suyunu qorumaq üçün həndəvərə tökülüb. Başqa yerdə bu qədər çox deyillər. Arx boyu gözdən itənəcən uzanıb gedirlər. Arxa qoşulub axırlar elə bil.
Daşların demək olar hamısı nazik və enlidir. Balaca stola bənzəyir. Sanki qonaq qarşılamaq üçün dizayn edilib.
Bulağın üstündə ağac-filan yoxdur, lakin günəş bizə təsir etmir. Uzaqbaşı rəngimizi bir az qaraldacaq. Bura çox yüksəkdədir. Hava o qədər sərindir ki, günəşin balaca həniri gəlir.
Gecələri soyuq olar…
Yaxınlıqdakı fermanın sahibi sənət aşiqi imiş. Bizi öz alaçığına dəvət edir. Lakin biz açıq havada oturmaq istəyirik”.
Yaxınlıqdakı həmin fermanın sahibi Əjdər Əhmədovdur. O öz vəsaiti hesabına Aşıq Şəmşirlə Səməd Vurğunun rəsmləri əks olunmuş lövhə hazırlayıb. Dünən isə “Ceyran bulağı”nın üstündə bu abidənin açılışını keçirdi. Hamı orada idi: Kəlbəcər Mədəniyyət evinin rəhbəri, abidənin bədii tərtibatçısı Akif Bayramov, tanınmış müğənni, əməkdar artist Babək Niftəliyev, şair Səxavət Kəlbəcərli, başqa sənət adamları və ictimaiyyət nümayəndələri…
Əməlli-başlı şadyanalıq idi “Ceyran bulağı”nda. Sanki Səməd Vurğun təzədən qayıtmışdı, Dədə Şəmşir də bütün kəlbəcərlilərlə onun pişvazına çıxmışdı.
Abidə sözü keçən tarixi görüşün bütün təfərrüatlarını əks etdirir: hər iki sənətkarın yanaşı fotosu, yanında dillər əzbəri deyişmələrindən iki bənd, sağ küncdə “yanında balası yağış gölündən su içən bir ana ceyran” və təbii, Zəngəzur dağlarında bu gün ən çox eşidilən məşhur dua – “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin…” Sağında-solunda Azərbaycan və Türkiyə bayraqları sanki Azərbaycanla Türkiyənin də Aşıq Şəmşirlə Səməd Vurğun kimi dost, qardaş, can-ciyər olduğunu rəmzləşdirir…
…Tanınmış jurnalist Azər Qaraçənlinin hələ torpaqlarımız işğaldan azad olunmamış dahi yazıçı Qabriel Markesin “Yüz ilin tənhalığı” romanından iqtibas etdiyi maraqlı, utopik bir yazısı vardı. Hamı dağlara qayıdır, yeni nəsil tanısın deyə yaşlılar yer adlarını bir lövhəyə yazırlar. Markesin romanında isə yaddaşını itirməkdə olan qəhrəman Allahı unutmamaq üçün onun adını bir daşın üstünə yazmışdı…
İstər vətən olsun, istər Tanrı – unutmaq unutmaqdır. Ciddi fərqi yoxdur. Üstəlik vətən də Tanrı kimi gerçək bir həqiqətdir. Unudulması əvvəl günah sayılan, sonra fəlakət gətirən bir həqiqət…
Əjdər kişi bu mənada vüqarlı Kəlbəcər dağlarında vətənin adını vətənin, yəni Tanrının adını Tanrının üstünə yazdı. Həm də “Ceyran bulağı”nın 70 illik hekayəsinə əbədi bir abidə qoydu. Artıq indi bura ayaq basan hər kəs bu hekayəni öyrənmiş olacaq.
Məncə, ən yaxşı hekayəsi olan ünvanların üstünə belə bir abidə qoyulsa, ən azı balaca bir lövhə vurulsa çox yaxşı olar. Vətən həm də əhvalatlardır axı.
Şərif Ağayar
/vətən səsi/