Arzuman Muardlı:”İndiki situasiyada bu cür taktiki gediş etmək məqsəduyğundur”

“Azərbaycanla Ermənistanın nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması Bakının heç də Zəngəzur dəhlizindən imtina etməsi deyil. Sadəcə bu müəyyən zaman üçün atılmış taktiki addımdır”.

Kanal32.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizindən imtina etməsi ilə bağlı cəfəng xəbərləri erməni bloggerlər, sosial şəbəkə istifadəçiləri, erməni mediası yayıb:

“Təəssüflə qeyd etmək lazımdır ki, erməni mediasının bu cəfəngiyatına bizim daxilimizdəki bəzi dairələr də dəstək verərək Zəngəzur dəhlizindən imtina etdiyimiz barədə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Reallıq isə tamam başqadır”.

Arzuman Muradlı qeyd edib ki. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz prinsipinə sadiqdir və nəyi nə zaman edəcəyini çox yaxşı bilir:

“İndiki situasiyada bu cür taktiki gediş etmək məqsəduyğundur. Necə ki, uzun illər, 30 ilə yaxın gözləyib, nəticədə ərazi bütövlüyümüzü bərpa etdik, eləcə də zamanı yetişəndə Zəngəzur dəhlizi də istəyimizə uyğun olaraq açılacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da (Zəngəzur dəhlizi) daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunduğunu bildirib.

/Newscenter.az/