Məhkəmə hakimləri cəzalandırıldı – ADLAR

209

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

kanal32.az modern.az-a istinadən xəbər verir ki, çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasəti humanistləşdirilib ki, nəticədə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

İclasda bildirilib ki, səlahiyyət müddəti başa çatan 80-dən çox hakimin fəaliyyəti ətraflı və prinsipial təhlillər aparılmaqla qiymətləndirilib, 16 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilib, 61 nəfəri yenidən müxtəlif hakim vəzifəsinə təyin edilib. Yuxarı instansiya məhkəmələrində olan 30 vakansiya zəruri keyfiyyətlərə malik hakimlərlə tam komplektləşdirilib və apellyasiya məhkəmələrinin sədr müavini və kollegiya sədrləri təyin edilib.

Bununla yanaşı məhkəmələrin iş yükü üzrə ətraflı təhlillər aparılmaqla ehtiyatda olan 50 hakim ştatı birinci instansiya məhkəmələri üzrə tam paylanılıb. Hakimlərin obyektiv seçimi nəticəsində 800-dən çox namizəddən 108 nəfər hüquqşünas çoxmərhələli imtahanları, 1 il müddətində davam edən təlimləri və məhkəmələrdə, o cümlədən Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vuraraq dövlət başçısı tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunub. Bununla da bütün hakim korpusunun 70%-dən çoxunu yeni, mütərəqqi qaydalarla seçilmiş hakimlər təşkil edib. Həmçinin, nəticədə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib.

Həyata keçirilən qanunvericilik tədbirləri nəticəsində məhkəmələrdə baxılan işlərin sayı 20%-dək azalıb.

Ölkə başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqlarını qeyd edən Şuranın sədri hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə qarşıda duran vəzifələri vurğulayıb. Yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılması diqqətə çatdırılıb.

2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib.

Bildirilib ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

Məhkəmə-Hüquq Şurasının iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas «yol xəritəsi» olduğunu vurğulayıb, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini bildirib.

Həmçinin, Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb. 

Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.