Mingəçevirlilər Milli Qəhrəman Natiq Qasımovu belə andılar-FOTOLAR

Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun şərəfinə keçirilən tədbir böyük izdihamla yadda qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi mingəçevirlilər tərəfindən böyük fərəh hissi ilə qarşılanıb. Buna müvafiq olaraq iyunun 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və aparatın məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və üzvlərinin, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və üzvlərinin, Azərbaycan İES-in təmsilçiləri, Mingəçevir Dövlət Universitetinin, Turizm Kollecinin, Tibb Kollecinin rəhbərlərinin və müəllim heyətinin, mətbuat işçilərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, qazilərin, əmək və müharibə veteranlarının, idarə və müəssisələrin təmsilçilərinin, ictimai təşkilatların sədrlərinin, təhsil, mədəniyyət, səhiyyə və idman müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbir öncəsi Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun “itginlər”kompleksində olan xatirə lövhəsini ,həmçinin şəhidlərin məzarları ziyarət olunub.

Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı haqqında məlumat verərək bildirdi ki, bu mingəçevirlilərin böyük fərəh hissinə səbəb olmuşdur. Natiq Qasımov birinci Qarabağ müharibəsi dövründə könüllü olaraq cəbhəyə getmiş, erməni vandallarına qarşı cəsarətlə döyüşmüş, böyük şücaətlər göstərmişdir. Onun qəhrəmanlağı bütün azərbaycanlıların dillər əzbəri olmuşdur. Təsadüfi deyil ki, keçmiş ittifaqın ən böyük mətbuat orqanlarında Natiq haqqında dəyərli yazılar dərc olunmuşdu.

Xüsusilə “Oqonyok” jurnalında dərc olunan məqalə böyük rəğbətlə qarşılanmış, Azərbaycan oğlunun vətənpərvərliyini dünyaya tanıtmışdır. Bildiyiniz kimi, ötən əsrin sonlarında bədxah qonşularımız yenidən torpaqlarımıza göz dikərək Qərbi Azərbaycanda, Qarabağda və ətraf rayonlarda etnik təmizləmə əməliyyatları apararaq soydaşlarımızın doğma ata yurdundan didərgin düşməsinə səbəb olmuş, minlərlə azərbaycanlını, hərbçiləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirmişlər. Məqsəd torpaqlarımızı işğal etməklə, özlərini dünyada məzlum xalq kimi göstərərək soyqırım əməliyyatlarını gerçəkləşdirmək olub. Azərbaycanın vətənpərvər övladları düşmənin bu hiyləgər siyasətini qəbul etməyərək ayağa qalxmış, birinci Qarabağ müharibəsində cəbhə bölgələrinə yollanaraq düşmənə layiqli cavab vermişlər. Natiq Qasımov da həmin dövrdə, 1992-ci ilin mart ayının 2-də könüllü olaraq Milli Ordu sıralarına qoşulub, “Qarabağ Şahinləri” dəstəsinin tərkibində cəbhə bölgələrinə yollanıb. Əsgəranın, Xanabadın, Xramortun düşmən işğalından qorunması uğrunda gedən döyüşlərdə iştirak edib, şücaət göstərib, erməni vandallarına qarşı mərdliklə vuruşub. Xalqımız bu işğalçılıq siyasətini heç zaman qəbul etməyib.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən illər ərzində Milli Ordumuzun güclənməsini daim diqqət mərkəzində saxlayıb, onun bazası genişlənib. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyü təmin olundu, şəhidlərimizin qanı yerdə qalmadı.

Tədbirdə Natiqin sinif müəllimi Sahibə Rəsulova, birinci Qarabağ müharibəsi qazisi Əbülfət Babayev, Azərbaycan İES-in təmsilçisi Adil İsmayılov, şəhid anası İranə Həsənova, teleaparıcı İnqilab Şirinli çıxış edərək Natiq Qasımovun həyat və döyüş yolundan danışıblar,şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyiblər.

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nöfəl Qasımov ölkə Prezidentinin göstərdiyi bu diqqətə görə ailəsi adından minnətdarlığını ifadə edib.

     

Esmira Hidayətova,

Mingəçevir