“Rəşad həkimin şəfalı əlləri onun böyük ürəyindən su içib”-Xoşbəxt Məmmədova

Yaxşı deyirlər ki, savadlı həkim nemətdir, imanlı və savadlı həkim isə rəhmət. İmanlı və savadlı həkimin əlinə düşməksə qismətdir deyirəm. Görünür,  Tanrının sevdiyi quluyammış ki, çətin və riskli açıq ürək əməliyyatımı ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası  İdarə heyətinin sədri, Mərkəzi Gömrük Hospitalı Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudova etibar etdim. Fürsətdən istifadə edib məni Rəşad həkimin qəbuluna istiqamətləndirən Ilqar həkimə də dərin minnətdarlığımı bildirirəm. Ilqar həkim əvvəlcə ürəyimi anju etdi, bir neçə damar açıldı, lakin əsas ana damar 99 faiz tutulduğu üçün anju yolu ilə açılması mümkün olmadı. İlqar həkimin məsləhəti ilə Rəşad Mahmudova müraciət etməli oldum və çox sağ olsun ki, olduqca çətin əməliyyatı uğurla başa vurdu.
Mərkəzi Gömrük Hospitalında olanlar buranın yüksək tibbi xidmətindən, əməkdaşlarının xəstələrlə yüksək davranış mədəniyyətindən, xəstəxananın səliqə-səhmanından, yəqin ki, xəbərdardırlar. Amma bütün bunlarla yanaşı, həkimin xəstəyə bu qədər doğma münasibətini, onun əməliyyat öncəsi də, əməliyyatdan sonra da bu qədər qayğısına qalmasını, düzü, ağlıma belə gətirməzdim. Düşünürəm ki, açıq ürək əməliyyatımı yüksək peşəkarlıqla həyata keçirən, xəstələri ilə öz doğması kimi davranan Rəşad həkimin şəfalı əlləri onun böyük ürəyindən su içib. Rəşad həkimi tanıdıqdan sonra anladım ki, həqiqətən də, onu “Ürəyin anası” adlandıranlar haqlı imiş. Elə o andaca ağlımdan başqa bir ad da keçdi. Mənim nəzərimdə Rəşad Mahmudov “Ürəyin kralı”dır.
  Əməliyyatdan öncə, təbii olaraq, Rəşad həkimin tərcümeyi-halı və iş təcrübəsi ilə maraqlanmışdım. Onun 1991-1997-ci illərdə  Türkiyənin İzmir şəhərində yerləşən 9 Eylül Universitetinin tibb fakültəsində, 1997-2003-cü illərdə  Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil aldığını, 2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etdiyini, 2006-cı ildə Tibb elmləri namizədi,  2015-cı ildə isə Tibb üzrə elmlər doktoru alimlik dərəcəsi aldığını bilirdim. 1997-2002-ci illərdə TC-də Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində, 2003-2004-cü illərdə TC-nin Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə  İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı işlədiyini,  2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı vəzifəsində çalışdığını, ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox açıq ürək əməliyyatları apardığını, hətta son illərdə həyata keçirilən humanitar aksiyalar çərçivəsində Naxçıvan, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Şirvan, Qəbələ, Cəlilabad, Lənkəran, Quba, Füzuli xəstəxanalarında 800-dən artıq açıq ürək əməliyyatı keçirdiyini də öyrənmişdim. Rəşad həkim təkcə təcrübəli bir həkim-cərrah kimi fəaliyyət göstərməklə kifayətlənmir, tibb elmləri doktoru kimi ölkəmizdə və onun hüdudlarından kənarda elmi məqalələr, tezislər və kitablar da çap etdirir. Onun xaricdə 2 kitabı, onlarla elmi məqalə və tezisi çap olunmuş, çoxsaylı beynəlxalq elmi konfransların təşkilatçısı, aparıcısı və iştirakçısı olmuşdur.
Onun rəhbərliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi əsasında Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə 20-22 Noyabr 2014 tarixləri arasında “20 Noyabr Ümumdünya Uşaqlar Günü”nə həsr olunmuş “Children’s hearts beat in Azerbaijan” (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında keçirilən “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı beynəlxalq elmi konfransda dünyanın dörd qitəsindən – 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları iştirak etmiş, ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində görülən işləri yüksək qiymətləndirərək bu istiqamətdə həyata keçirilən işlərin beynəlxalq tibb təcrübəsi ilə əlaqələndirilməsini diqqətəlayiq hadisə kimi dəyərləndirmişdilər. Rəşad həkimi yaxından tanıdıqdan sonra sevinirəm ki, belə bacarıqlı həkimin zəhməti dövlətimiz tərəfindən də qiymətləndirilir. Rəşad Mahmudov 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən “Tərəqqi medalı”, 10 may 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, I Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı, 16 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar Həkim” fəxri adı və daha neçə-neçə diplom və fəxri adlarla təltif olunmuş, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.
         Rəşad həkimin xəstələrlə səmimi və insani münasibəti, onlara olan qayğısı təkcə özü ilə məhdudlaşmır, onunla bərabər çalışan əməkdaşların, xüsusən Nurlana Əhmədovanın və Könül Hüseynovanın xoş aurası, davranış etikası həm əməliyyatdan öncə, həm də sonrakı günlərdə özümü doğma mühitdə hiss etməyimə səbəb oldu. Hətta bu müddətdə onu da öyrəndim və şahid oldum ki, Rəşad həkim şəhid və qazi ailələrinə, kimsəsiz, qayğıya ehtiyacı olan xəstələrə də böyük humanizm və qayğı ilə yanaşır. Neçə-neçə qazimizin, şəhid ailəsi nümayəndəsinin dövlət hesabına cərahiyyə əməliyyatını uğurla həyata keçirib.
         Şəxsən özümün və ailəmin, eləcə də bu şəfalı əllərdən dərman alan onlarla xəstənin adından dəyərli Rəşad həkimə və onun rəhbərlik etdiyi doğma kollektivin əməkdaşlarına minnətdarlıq edir, hər birini can sağlığı, uzun ömür diləyirəm.
Nə yaxşı ki, belə həkimlərimiz var!

 

Xoşbəxt Məmmədova,
         “TÜRKAZ” TV yotube kanalının təsisçisi