Hər bir xalqın, hər millətin qazandığı ən mühüm tarixi naliyyət, tarixi uğur onun əldə etdiyi milli azadlıq və milli özgürlükdür. Bu tarixi uğur həm də milli kimliyinə, min illər boyu daşıdığı milli dəyərlərinə sahib çıxmaqdır, özünün bir millət kimi təsdiq etməkdir. Ancaq çağdaş dünyada heç də bütün xalqlar buna nail ola bilməyib. Biz isə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla xalqımızın həyatına çox böyük tarixi hadisəni daxil etdik. Müstəqilliyin elan olunması həm də milli hökumətin formalaşması zərurətini ortaya qoydu. O dövrün mövcud siyasi-hərbi hadisələri fonunda milli hökumət həmin ərəfədə müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri erməni Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi.Ancaq müstəqil Azərbaycanı Bakısız təsəvvür etmək mükün deyildi. Milli hökumətin isə cəmisi 600 nəfərlik silahlı qüvvəsi vardı. Belə olan halda Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün görünmürdü. Bütün bunlara rəğmən Bakının qurtuluşu yenicə yaranmış cumhuriyyət qarşısında başlıca tarixi missiya kimi dayanmışdı. Yeganə çıxış yolu Osmanlı Türkiyəsindən kömək istəmək idi. 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Məhz bu tarixi anlaşmaya əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Sentyabrın 15-də Bakı tam şəkildə azad olundu. Bu tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başladı.
Mövcud olduğu ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti oldu.
XX əsrin sonlarında yenidən azadlığına qovuşan Azərbaycan ciddi təhlükələrlə üzləşsə də, öz suverenliyini qoruyub saxlamağı bacardı. Bu isə görkəmli dövlət xadimi, böyük siyasət adamı Heydər Əliyevin sayəsində mükün oldu. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli addımlar atdı və ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan çağdaş müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. 28 May günü Azərbaycan xalqı üçün əziz gündür”.
Ümummilli Liderin bu siyasətini, onun dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi naminə başlatdığı tarixi missiyanı çox uğurla davam etdirən Prezident İlham Əliyev müsəlman şərqinin ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın, dövlətimizin həyatında oynadığı əvəzsiz rolu hər zaman yüksək qiymətləndirmiş və cumhuriyyət tarixinin öyrənilməsi ilə bağlı mühüm məqamlara diqqət çəkmişdir. Möhtərəm Prezident deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
Bəli, biz həqiqətən də fəxr edirik ki, belə şanlı tariximiz var. Bu şanlı tariximizin davamı kimi onun qızıl səhifələrinin yazılmasında misilsiz xidmətləri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyində Azərbaycan 4-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz və böyük bayram artıq erməni işğalından azad edilən azad torpaqlarda da qeyd olunur.
Dünyanın ən gözəl bayrağı-üçrəngli bayrağımız doğma Qarabağda – Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında, Ağdərdə, Ağdamda, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə qürurla dalğalanır.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz tarixi əsası 1918-ci ildə qoyulmuş siyasi-iqtisadi müstəqilliyin nəticəsi, çağdaş Azərbaycan dövlətin gücünün göstəricisidir.
Bu gün Müstəqillik Günü çox önəmli bir tarixi mərhələdə xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bütün bunlar bir daha Ulu öndər, böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” fikrinin uzaqgörənliyini və siyasi-ideoloji çəkisini ortaya qoymaqla yanaşı, onun 28 may 1918-ci ildə qazandığımız tarixi uğura olan sayğıdəyər münasibətinin əyani təsdiqidir.
Aygün Qasımova,
Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru,
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı