“Aljir” sovet dönəminin qadın düşərgəsidir.
“AzTV” komandası “Aljir”dən süjet hazırlayıb. Qeyd edilib ki, azərbaycanlı qadınlar da düşərgədə cəza çəkiblər.
“Kompleks Qazaxıstanın paytaxtı Astanadan 40 km aralıda Akmola yaşayış məntəqəsində yerləşir.
16 il ərzində 62 millətdən olan 18 mindən çox qadın burada cəza çəkib. Aralarında azərbaycanlı qadınlar da olublar. Onların həyat yoldaşları “vətən xaini” olublar”.
Daha ətraflı süjetdə:
“Aljir” qadın düşərgəsindən danışanda böyük Əhməd Cavadın ömür-gün yoldaşı, 8 il sürgündə olan, ərinin ölümünü on beş ildən sonra öyrənən Şükriyyə Axundzadədən danışmamaq mümkün deyil. Əslində isə onun haqqında bu süjetdə danışmamaq böyük suçdur. Necə AzTv-dən olan həmkarımız danışamyıb.
Ona görə də “Kanal32” olaraq Şükriyyə xanım haqqında bəzi maraqlı faktları təqdim etməyi özümüzə borc bildik:
İçərişəhər, 6-cı böyük qala döngəsi, 12 nömrəli ev… Qapı döyülür, üç nəfər qara paltarlı adam Şükriyyə xanıma “bizimlə getməlisən” deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. Sonra müstəntiqin sorğu-sualı başlanır. Ona deyirlər ki, bizə göstəriş verilib ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq.
Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan, yoxsa səni qarlı Sibirə sürgün gözləyir. Bu təklif sonradan Mircəfər Bağırov tərəfindən də edilir. Ancaq Şükriyyənin cavabı bu cür olur:
“Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”.
***
1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündür ac-susuz yol gedirdilər, üstəlik, ayaqüstə. Həmin vaqonda Şükriyyə də olur.
***
Şükriyyə xanımı da həbs edirlər. Əhməd kimi sevgilisinin qeyrətini qorumaq üçün, onun namusuna təcavüz olmasın deyə, Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu keçəndən sonra axşam özünü tualetə verib alt-üst paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. 6 gün yol boyu ac qalan qadınlardan cinsi əlaqə tələb edib əvəzində çörək verəcəklərini deyən rus əsgərlərinə boyun əyməyərək ac qalan, susuz qalan Şükriyyə xanımdan qadınlardan biri soruşur:
– Sən ac deyilsən?
– Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.
– Necə dözürsən? Altı gündür…
– Barmağımı kəsib qanımı içirəm.
***
Şükriyyənin övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda, böyük oğulları Niyazi və Aydın cəbhəyə yollanırlar. Vətən xaininin övladları olduqları üçün ən təhlükəli ərazilərdə xidmət edirlər. Kiçik oğlu İlmas sonra xatirələrini nəql edərkən deyir:
“Mən anamın bir əlimlə sinəsini, o biri əlimlə üzünü cırmışdım ki, məni atmasın. Amma anam məni özündən qoparıb atmışdı”.
Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərcləyir Şükriyyə. Odun doğrayır, yük daşıyır, dərzilik, aşpazlıq edir. Ta 1955-ci ilin 30 iyuluna, bəraət aldığı günə qədər…
Vətənə qayıdandan sonra şəhərbəşəhər düşüb balalarını axtarıb başına yığır. Şəmkirin Seyfəlli kəndində Əhməd Cavadın ata yurdunda yaşamağa başlayır.
Rəsmi mənbələr Əhməd Cavadın 1937-ci ildə, oktyabr ayının 13-də, Bakıda güllələnərək öldürüldüyünü yazsa da, bir sıra qaynaqlar Şükriyyə xanımın da təsdiqi ilə onun oktyabrın 12-də Bayıl təcridxanasında işgəncələrdən öldüyünü bildirir. Görünür tələm-tələsik “məhkəmə”nin keçirilməsinin və hökmün guya 13-ü gecə icra edildiyinin rəsmləşdirilməsinin səbəbi də Əhməd Cavadın artıq həyatda olmaması ilə bağlı olub. Qazaxstandan qayıdıb Şəmkirə yerləşdikdən sonra Şükriyyə xanım elə bilib ki, Əhməd Cavad hələ də sağdır. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, hətta SSRİ Nazirlər Sovetinin sədrinə müraciət edib. Yalnız 1955-ci ildə Şükriyyə xanıma Əhməd Cavadın hələ 1937-ci ildə öldüyü xəbərini verirlər.
Azərbaycan qadınının namus,qeyrət etalonu olan Şükriyyə Axundzadə 1993-cü ilin oktyabr ayında dünyasını dəyişib.
Kanal32.az