Xocalı soyqırımının 32-ci ildönümü region gəncləri tərəfindən anılıb-FOTOLAR

Xocalı soyqırımı zamanı qətlə yetrilənlərin xatirəsi region gəncləri tərəfindən anılıb

XX əsrdə tariximizə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 32-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində dinc əhaliyə misli görünməmiş qəddarlıqla hücum edib.

İllər keçsə də, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatları və hərbi təcavüzü bitməyib. Bütün bunlara cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxıb. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq, doğma torpaqlarımızı işğaldan azad edib2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının Xocalı şəhərində dalğalandırılması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirib.

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 32-ci ildönümündə yad etmək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.

Tədbirlər region gənclərinin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini yad ediblər.

Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdiyi görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib.

Xocalı soyqırımına həsr edilmiş “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar”, “Danışan fotolar”, “Böyüməyən uşaqlar” filmlərinin nümayişi keçirilib.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınır və faciəyə beynəlxalq siyasi qiymət verilir.