Mingəçevirdə Xocalı Soyqırımının 32-ci ildönümü belə qeyd olunub-FOTOLAR

Mingəçevir şəhərində soyqırımın 32-ci ildönümündə Xocalı sakinləri ilə geniş tərkibdə görüş keçirilib.

Kanal32.az-ın məlumatına görə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Xocalı sakinləri, şəhid ailələrinin üzvləri, birinci və ikinci Qarabağ müharibəsi veteranları, qazilər, müharibə və əmək veteranları, YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi və fəalları, idarə, müəssisə və təşkilatların, ictimai qurumların təmsilçiləri, mətbuat işçiləri, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin kollektivləri Şəhidlər Xiyabanına gedərək Soyqırım abidəsinin önünə gül dəstələri qoyublar.

Məktəblilər Soyqırımla bağlı kompozisiya təqdim edərək, 32 il əvvəl erməni şovinistlərinin Xocalıda törətdikləri qətliamı pisləyiblər.

Tədbir şəhər İcra Hakimiyyətində davam etdirilib. İştirakçılar əvvəlcə Xocalı Soyqırımı zamanı, eləcə də torpaqlarımızım qorunması və azad olunması uğrunda həlak olan şəhidlərmizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbiri açaraq tariximizin acı səhifələrini vərəqləyib. Qeyd olunub ki, oktyabr ayında cənab Prezidentimiz 32 il əvvəl günahsız insanların qanı tökülməklə, əsir alınmaqla, amansız işgəncələr törədilməklə tərk etdikləri Xocalıda Azərbaycanın üçrəngli Bayrağını yüksəldərək daha bir şərəfli tarix yazdı.

Çıxış edən Xocalı sakini Zahir Usubov Soyqırım hadisələrindən və baş vermə səbəblərindən danışdı, xatirələrini dilə gətirdi, törədilın qətllərin, amansızlaqların cavabının verildiyini bildirdi və uzun illərdən sonra ata yurdunun azad olunmasına olan inamını xatırlatdı. Cənab Prezidentə, hərbçilərimizə minnətdarlığını ifadə etdi.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ictimaiyyət nümayəndələrindən Fərman Nəbiyev, İxtiyar Həsənli, Bəhlul Yusifov fikirlərini səsləndirdilər.

Sonda xocalılara sovqat paylanılıb.

Esmira Hidayətova

Leave a comment