Feyzbuk sosial şəbəkəsinin Kəlbəcər seqmentində təsirli və duyğusal bir videomaterial paylaşılıb. Bəlli olub ki,paylaşılan videoda böyük sənətkar Nurəddin Mehdixanlının ifasında səsləndirilən şeirin müəllifi kəlbəcərli gənc şair Samir Mustafayevdi.
“Kanal32”nin əməkdaşı gənc şairlə əlaqə saxlayıb və bu şeirinin necə yaranmasının tarixçəsini öyrənib. Samir Mustafayevin bildirib ki,““Murov”a həsr etdiyim şerin yaranmasına səbəb Milli Qəhrəman Əliyar Əliyevin bibisi nəvəsi, 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından olan, uşaqlıq dostum, Gəncə şəhərində anadan olmuş şəhid Nicat Qasımov oldu. Nicat iki körpə balasını bizlərə əmanət edərək, döyüşlərə qatılmışdı.
Döyüşlər gedən müddətdə, mən tez- tez Nicatın qardaşı və anası Nərminə xanımla əlaqə saxlayıb, Nicat haqqında məlumat alırdım. Sonuncu telefon zəngi zamanı Nərminə xanıma demişdi: “Narahat olmayın, hər şey yaxşıdı, Bünyamingilə gedirik.” Burda Bünyaminin adı şifrə kimi çəkilirdi. Bünyamin Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən olan dostumuzdur. Anası ilə qısa telefon danışığında Nicat bildirmək istəmişdi ki, ordumuz artıq Kəlbəcər istiqamətində irəliləyir. Və o zəng Nicatın sonuncu zəngi oldu…
Sonra onun Vətən uğrunda canından keçdiyi xəbəri gəldi… Ardıncada ölkəmizə ordumuzun Zəfər xəbəri yayıldı! Və biz bir gözümüzlə şəhidlərimizi ağlayır, bir gözümüzlə zəfərimizə sevinirdik. 2023- cü ilin yay aylarında mən Gəncədə olarkən, Nicatın əmanətləri və anası Nərminə xanımla görüşdüm. Nərminə xanım, kövrələrək qeyd etdi ki, Samir, mən sonuncu dəfə uşaq olanda atam və anamla Kəlbəcərə, İstisuya getmişəm. Bu yay birlikdə gedək, Nicatın şəhid olduğu Murov dağını görüm, balamın qanı axan torpağı qucaqlayıb bağrıma basım.. Və kövrək duyğular içində bu “Murov” şeri yarandı.
Şer hazır olanda, ilk dəfə əziz eloğlumuz, Kəlbəcərimizin dəyərli ziyalısı, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqova göndərdim. Qurban müəllim mənə zəng edərək bildirdi ki, bu şeri Vətən müharibəsinin şəhidi Qasımov Nicat Elşən oğluna ithaf etdiyiniz üçün, Xalq artisti, bədii qiraət ustası Nurəddin Mehdixanlının ifasında səsləndirilərək lentə alınması, məqsədəuyğun olardı. Mənim xəbərim olmadan Qurban müəllim Xalq artisti Nurəddin Mehdixanlı ilə əlaqə saxlayıb, şeri ona göndərərək, mənimlə görüşməsini xahiş etmişdi.
Yayın isti günlərinin birində, Nurəddin müəllim zəng edərək, Hökumət evinin yaxınlığında yerləşən səs yazma studiyasına dəvət etdi. Murova həsr etdiyim şerlə yanaşı, bir neçə şerimi də Nurəddin müəllim səsləndirdi.
22 fevral 2024- cü il tarixdə isə, Kəlbəcərimizi daim xatırladan və öz yaradıcılığında yaşadan əziz dostumuz Zaur Akifoğlu “Murov” şerini tarixləşdirərək, lentin yaddaşına köçürdü.
İk növbədə “Murov”u bizə bəxş edən şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Uca Tanrı adını Azərbaycan tarixinə Qalib Sərkərdə kimi həkk edən, Müzəffər Ali Baş Komandanımızı qorusun!