Quba Soyqırımı Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşları Aysu Bülbülzadə və Ülkər Zeynalova AMEA-nın akademik Z.Büynadov adına Şərqşünaslıq İnstitutunda elmi ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları institutun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövründə Azərbaycanın Şərq ölkələri ilə münasibətləri, institutun yaranma tarixi və fəaliyyəti, elmi işləri, yerli və beynəlxalq konfranslar, nəşr olunmuş əsərlər, xüsusilə də azərbaycanlıların soyqırımları haqqında müxtəlif dillərində yazılmış əsərlər barəsində geniş məlumat verilib.
Görüşdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi Sübhan Talıblı da iştirak edib.
Kompleksin əməkdaşları institutun alimləri ilə fikir mübadiləsi aparıb, azərbaycanlıların soyqırımı haqqında əsərlərlə tanış olub, kitabxanadan istifadə ediblər. Sonda onlara Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitab və jurnallar hədiyyə edilib.