Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Zaur müəllim, Nikol Paşinyan konstitusiya dəyişikliyindən danışıb. Bu addım Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarına görə konstitusiyanı dəyişdirmək istəyi kimi də izah edirlər…
– Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Burada Bakının tələbi sülh müqaviləsinin mətni və onun imzalanması ilə bağlı deyil. Ermənistan tərəfi qanunvericiliyindəki bütün məsələlərə aydınlıq gətirməlidir. Müstəqillik aktı və konstitusiyası ilə yanaşı, parlamentin qondarma rejim, keçmiş Dağlıq Qarabağın Ermənistanla münasibətlərinə dair qəbul edilmiş qərarların ləğvi tələb olunur. Məhz bundan sonra iki ölkə arasında sülhdən danışmaq olar.
– Sizcə, bu necə mümkün olacaq? Ermənistanın Azərbaycanla bağlı əsassız iddialarında sıfır nöqtəsinə enməsi gözlənilirmi?
– Burada başlıca şərt odur ki, Ermənistan bir dövlət kimi sıfırlanmalıdır. Onun indiyə kimi qəbul etdiyi konstitusiyası, dövlətçiliyi, dövlət ideologiyası ilə bağlı qərarları ləğv olunmalıdır. Ancaq bundan sonra Bakı və İrəvan arasında yeni münasibətləri görə bilərik. Konstitusiyasında dəyişiklik etməyəcəksə, Azərbaycanla Ermənistan arasında mümkün müqavilənin gələcək interpretasiyası ilə bağlı köhnə qanunlara istinad ediləcəksə, bu iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək.
– Rəsmi Bakının sülh müqaviləsinin mövcud şəraitdə imzalanması ilə bağlı narahatçılığı nədən ibarətdir?
– Azərbaycan hakimiyyəti gələcəyi çox yaxşı başa düşür. Ona görə də, sülh müqaviləsinin imzalanması gələcəkdə Ermənistanın Azərbaycana olan torpaq iddiasına son qoymaya bilər. Bunun üçün isə ən yaxşı qarantiya sülh müqaviləsində Ermənistanın Azərbaycan torpaqlarına iddia etməyəcəyi ilə bağlı ifadənin yer almasıdır. Həmçinin Ermənistan konstitusiyası sıfırlanmalı, dəyişdirilməlidir. Hətta ora elə elementlər daxil edilməlidir ki, bu gələcəkdə torpaq iddiasına əngəl olsun. Bu mənada Paşinyanın konstitusiya islahatları ilə bağlı bəyanatı Ermənistana olan təzyiqlərin nəticəsi kimi ortaya çıxır.
– Xəritələrlə bağlı ilkin təkliflər hansı dövrü əhatə edir?
– Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma indiki Ermənistan ərazisinin tarixən kimə məxsus olması müzakirə predmeti olmasa da, hər kəsin anladığı məqamlardan biridir. Ermənistan məhz bu reallıqdan qaçmaq üçün 1975-1991-ci ilin xəritələrinə istinad etmək istəyir. SSRİ-nin sonuna aid olan xəritəyə istinad doğru deyil. Çünki SSRİ hər iki ölkənin müstəqilliyinə son qoymuş rejim idi. Keçmiş sovet dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi faktları var.
– Azərbaycanın istinad edə biləcəyi xəritə hansı dövrlə bağlıdır?
– Delimitasiya və demarkasiya ilə bağlı istinad olunacaq xəritələr 1920-ci ilin əvvəllərinə aid olan dövrü əhatə etməlidir. Azərbaycanın və “Ararat” respublikasının SSRİ-yə daxil olduğu xəritələrə istinad edilə bilər.
– Xəritələr olmadan da razılaşmanın mümkünlüyündən bəhs edilir…
– Kompromistlərin olması mümkündür. Burada hər şey Ermənistanın davranışlarından asılıdır. Azərbaycan tərəfindən xəritələrlə bağlı prosesin dayandırılması məhz bununla əlaqələdir. Bakının xəritələrlə bağlı hər hansı bir bəyanatının olmaması Ermənistana edilən növbəti jestdir. Ermənistan birinci mərhələdə konstitusiyasını, hüquqi aktlarını, sənədlərini dəyişdikdən sonra digər məsələlərə baxmaq olar.