Mətbuat xəbər verir ki, Azərbaycan Respublikası ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanda beynəlxalq təhsil imkanları” adlı tədbir keçirilib. Forumda əcnəbi tələbələrin ölkəmizdə təhsil alması, ali təhsilin beynəlmiləlləşməsi, əcnəbi tələbələrin ölkəmizin ali təhsil müəssisələrinə cəlbi, beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası v.s. məsələlər müzakirə edilib.
Bunlar yaxşı təşəbbüslərdir. Amma belə ciddi problemlərin həlli üçün iclas, forum, qurultay v.s. toplantılar çox azdır.
Bu məsələlərin həlli üçün ali təhsil sistemində ciddi islahatlar aparılmalıdır, hansı ki, müstəqillik illərində heç vaxt olmayıb. Bəs bu islahatları “kim, nə vaxt, harada, necə” aparmalıdır. Belə bir potensial varmı ETN-də? Təbii ki, son 25 ildə belə potensial olmayıb, onu ali təhsilin indiki ağır durumu da göstərir.
Ən pisi isə heç niyyət də yoxdur bu problemlərin həlli üçün. Bəs onda hər gün təşkil edilən təmtəraqlı müxtəlif tədbirlər nəyə xidmət edir? Təbii ki, iş görüntüsü yaratmaqdır əsas məqsəd.
Belə tədbirləri nazirlikdə və ya universitetlərdə təşkil etmək olmazdımı, niyə bütün belə tədbirlər çox bahalı otellərdə olur, buna nə qədər maliyyə sərf edilir? Bu nə israfçılıqdır belə? Təhsilin vacib problemlərinin həllinə vəsait tapılmadığı halda hər gün bir bəhanə ilə təhsil büdcəsi belə faydasız tədbirlərlə havaya sovrulur. Nazirlik ictimaiyyətə məlumat versin görək, 2023-cü ildə neçə belə faydasız tədbirlər təşkil edib, buna neçə milyon sərf edib, nə nəticələri olub, büdcəsi nə qədərdir ? Bu havaya sovrulan pullarla təhsilin bəzi problemlərini bu il həll etmək olardı axı.
Biz bu forumda “həll edilən” problemlər barədə məqalələrimizdə bəzi təkliflər vermişik. Heç olmasa oxusalar, düşünsələr, bu illər ərzində bəlkə də bir addım irəli gedərdilər.
Türkiyənin elm, təhsil, texnologiya sahəsindəki dinamik xarakter alan uğurları bizim hamımızı sevindirir. Bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alacaq. Çox yaxşı.
Eyni zamanda biz öz universitetlərimiz haqqında da düşünməliyik. Türkiyədə bizim 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Əgər xaricdə 70 min tələbəmiz təhsil alırsa, balansı saxlamaq üçün məntiqlə bizdə də 70 min əcnəbi tələbə təhsil almalıdır. Amma reallıqda bizdə 6-7 min əcnəbi tələbə təhsil alır. Niyə? Çünki, bizim universitetlər rəqabətə davamlı deyillər. Əcnəbi tələbələr üçün burda oxumaq nə təhsil, nə elm, nə də digər cəhətdən cəlbedici deyil. Hesab edirəm ki, ETN ATM -nin rəqabətədavamlılığını təmin etmək üçün kompleks işlər görməlidir. Bəs hansı işləri?
Bu mövzuda verilən layihələri də ETN ustalıqla kənara atıb, məktəblərdə skaut klublar qurmaqla məşğuldur. Bu durumda hansı elmdən, təhsildən, innovasiyalardan, inkişafdan söz gedə bilər?
30 ildə hələ belə təşəbbüslər heç vaxt görmədik.
Bir dövlət proqramı oldu. Adı rəqabətqabiliyyətliyin artırılması olsa da, rəqabətqabiliyyətliyə real təsiri olmadı.
Bütün bu proseslər təbii ki, elmi bazada aparılmalıdır, beynəlxalq təcrübəyə söykənməlidir. Təəssüf ki, bir elm kimi “ali məktəb pedaqogikası” sovet vaxtında bizdə tədqiq edilsə də, müstəqillik illərində tam unuduldu. Bu sahəyə əhəmiyyət verməsək, ali təhsildə islahatlar necə aparıla bilər?
Ali təhsil sistemində görüləcək o qədər iş, həll ediləcək bu qədər problemlər olduğu halda, real iş görmək istəyən, iş potensialı olan insanlar çox azdır, olanlar da iqnordadır (görünür alternativ fikir və rəylər bəyənilmir, müəlliflər arzuedilməz elan olunurlar (bu yanaşmalar yəqin ki, “vətənə, təhsilə can yandırmaqdan” irəli gəlir, təki yaxşı ideya olmasın).
ETN özünü belə lazımlı və mürəkkəb işlərdən daim kənara çəkir (səbəb məlumdur), heç olmasa təşəbbüs göstərənlərə bir dəstək versin, onların layihələrini maliyyələşdirsinlər. Məktəblər və məktəb müəllimləri üçün neçə ildir qrant müsabiqəsi keçirdirlər. Lap yaxşı. Əslində bundan 10 dəfə artıq büdcə ilə ATM üçün belə müsabiqələr keçirdilməlidir. Çünki ATM-nin problemləri məktəbin problemlərindən xeyli mürəkkəb və çoxdur, pul qazanmaq imkanı da az deyil, amma əvvəlcə investisiya olmalıdır. Belə inkişaf üçün heç bir maliyyə mənbəyi, investiyası imkanı yoxdur. ATM PHŞ olduqdan sonra durum daha da pisləşib.
“Paralel.az”