Artıq müharibə başa çatdı, Qarabağ məsələsi tamamilə həll edildi, Azərbaycan antiterror tədbirlərini böyük uğurla yekunlaşdırdı. Bəzi iddialar bu istiqamətdə idi ki, Xankəndi və digər Azərbaycan əraziləri tam azad edilmədən quru sərhədlər açılmayacaq. Amma artıq Azərbaycan suverenliyini tam bərpa edib. Maraqlıdır, bəs quru sərhədlərin açılmasına nə mane olur?
Kanal32.az Aktual.ge-yə istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov ölkəsinin quru sərhədlərinin bağlı qalmasının müxtəlif səbəblərinin olduğunu bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan quru sərhədlərinin bağlı qalmasına həm də təhlükəsizlik aspektindən baxılmalıdır.
“Söhbət ondan gedir ki, bu gün həm regionumuzda, həm qonşu dövlətlərdə hələ də müəyyən problemlər yaşanır. Bu baxımdan da quru sərhədlərin tam açılması ölkəmizə müəyyən problemlər və çətinliklər yarada bilər. Hesab edirəm ki, biz hələ gözləməliyik. Hər şey nə vaxt öz qaydasına düşərsə, virusun yayılması haqda verilən proqnozlar aradan qalxarsa, problemlərin arxada qaldığı bildirilərsə, təhlükəsizliklə bağlı məsələlər öz həllini taparsa, o zaman biz addım ata bilərik. Hələ ki, səbir edib gözləməliyik. İnanıram ki, bir müddət sonra hər şey qaydasına düşəcək” , – Ceyhun Məmmədov söyləyib.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən isə bildirilib ki, sərhədlərin açılması gözlənilir:
“Quru sərhədlərin açılması Nazirlər Kabinetinin qərarına əsasən baş tutacaq”.