“Paşinyan kişidirsə desin ki,Putin…” -Eduard Şarmazanov

“Nikol Paşinyan verdiyi açıqlamalarda özünün müharibənin əsas günahkarı olması, dövlətə qarşı cinayət törətməsi ilə bağlı ciddi faktlar və materiallar göstərib”.

Erməni mediası xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (ERP) mətbuat katibi Eduard Şarmazanov bildirib: “Oktyabrın 12-də Nikolla görüşdük. Dedi ki, vəziyyət yaxşı deyil, məğlub olacağıq, vəziyyəti yalnız Rusiya dayandıra bilər. Dedim Rusiyaya üz tut”.

Şarmazanov bildirir ki, eyni zamanda Paşinyana sabah daha çox qurbanların olacağını və vəziyyətin daha da pisləşə biləcəyini istisna edib-etmədiyini soruşub.

“Biz oktyabrın 19-da Nazirlər Şurasının iclasından sonra ikinci dəfə görüşdük. Özü də bizə dedi ki, müharibəni uduzduq, bəsdir. Özü dedi, amma dayanmadı. “5+2” deyirdi, Şuşa ora daxil deyildi”- deyə, Şarmazanov vurğulayıb.

Şarmazanovun sözlərinə görə, o, sonradan öyrənib ki, oktyabrın 19-da Rusiya Prezidenti müharibəni dayandırmağı təklif edib. Şərtlərə görə, bəzi ərazilər Azərbaycana qaytarılacaq, Şuşa isə Ermənistanın nəzarətində qalacaqdı: “Nikol Paşinyan sübut etdi ki, oktyabrın 19-dan sonra bütün qurbanların günahkarı odur. 19 oktyabr və 9 noyabr şərtləri eyni olsaydı belə, müharibəni dayandırmaqla 2000-dən çox insanın həyatını xilas etmiş olardı. Oktyabrın 19-da o, elə bir vəziyyətə düşdü ki, Putindən türklərin Zəngəzura girməməsi üçün Ermənistanla sərhədə qoşun, heç olmasa bayraq gətirməyi xahiş etdi. Bizi Zəngəzuru xilas etmək istədiyinə inandırırdı, indi isə Meğriyə sülhməramlılaraın gətirilməsinə qarşı olduğunu deyir.

“Rusların Meğriyə girməməsini istəyirdisə, oktyabrın 19-da daha yaxşı şərtlərlə razılaşma imzalaya bilərdi.  Amma o, noyabrın 9-da bunkerə qaçdı. O zaman sülh sazişini necə imzalamaya bilərdi? Burada da bizi aldadır” – deyə, Şarmazanov bildirib.

Onun sözlərinə görə, müharibənin səbəbkarı da Paşinyan olub: “Paşinyan dedi ki, “Qarabağ Ermənistandır” və “mən lazım olduğu kimi danışıqlar aparıram”. Beləliklə, məğlubiyyətin günahkarı odur. Noyabrın 17-də Putin dedi ki, oktyabrın 19-da Azərbaycan tərəfi razılaşdı, Ermənistan tərəfi isə razılaşmadı. Kişidirsə, desin ki, Putin yalan danışır. O zaman Şuşada erməni bayrağı, Qazançetsotda isə Apostol kilsəsinin xaçı olacaqdı”.

Şarmazanovun sözlərinə görə, Paşinyan elə danışır ki, 25 ildə Ermənistanın nəzarətində olan Şuşa əldən çıxmayıb, Laçına Azərbaycan bayrağı sancılmayıb, Gorus-Qafan yolu nəzarətdən çıxmayıb, Qarabağdakı ermənilər “mühasirəyə” düşməyib.

“Onun Şuşadə rəqs etməsi bəlkə öz babalarının xidmətidir? Bu, keçmiş prezidentlərin və bütün digər döyüşçülərin xidməti idi… Əliyev Köçəryanı və Sarkisyanı məğlub etdiyini bəyan edir, Nikol isə Köçəryan və Sarkisyanın qalib gəldiyini deyir. Çünki Əliyevin gənclik arzusu birinci müharibədə Azərbaycanı məğlub edənlərə qalib gəlmək idi. Nikola qalib gəlmək onun üçün vacib deyildi” – deyə, Eduard Şarmazanov bildirib.

 

“Azpolitika.info”