Məişət zorakılığı günümüzün ən ağrılı problemlərindən biri kimi geniş yayılmış, həlli yolları olduqca çətin, bəzən də əfsuslar olsun ki, faciəli nəticələrə səbəb olan həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq halları bu gün cəmiyyətin istənilən təbəqəsində rast gəlinsə də, lakin günümüzdə problemin qurbanları olaraq qadınlar daha çoxluq təşkil edirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlərdən zərərçəkənlərin sayı 1268 nəfər olmuşdur ki, bunlardan da 964-ü qadın 304-ü isə kişi olmuşdur. 2018-ci ildə isə 915-i qadın, 306-ı kişi olmaqla 1221, 2021-ci ildə isə 1205-i qadın, 331-i kişi olmaqla 1536 zərərçəkən olmuşdur.
Nədir axı bunun səbəbi, nədən qaynaqlanır? Niyə həlli yolu bu qədər çətin, bəzən isə mümkünsüzdür? Problemin mənşəyini yaşadığım şəhərdə və bilavasitə insanların öz dilindən eşitməklə qiymətləndirməyi daha doğru oldugunu düşünərək onlar arasında mini sorgu keçirməyə qərar verdim. Quba şəhərində 20-60 yaş arasında, 50 qadın və 50 kişi olmaqla 100 nəfər arasında keçirdiyim sorğunun nəticələri ailədə qadınlara qarşı zorakılığın səbəblərini ortaya çıxarmağa ipucları vermişdir. Rəyi soruşulanların 43%-i mövcud problemin əsas səbəbi kimi cəmiyyətdə olan gender stereoiplərini və yaxud patriarxal münasibətləri qeyd ediblər. Respondentləri 29%-i hesab edir ki, hüquqlarını bilməmək, savadsızlıq kimi səbəblər qadınlara qarşı zorakılığa yol açan ən geniş yayılmış səbəblərdəndir. Problemə təsir edən növbəti ən geniş amil kimi isə kasıblıq hesab edilir – 17%. Zərərli vərdişlər (narkotika, qumar, spirtli içkiyə aludəçilik), sosial şəbəkələrin təsirləri, ailə dəyərlərinin zəifləməsi, tərəflərin xəyanəti kimi amillər isə sorguda 11% yer almışdır.
Praktik vəziyyət və gündəlik həyatda rastlaşdığımız vəziyyət də əslində rəy sorğusunun nəticələri ilə bu və ya digər şəkildə üst-üstə düşür. Bilavasitə özümün şahidi oldugum praktika da deyilənlərin təsdiqidir. Şərti adı Gülnar ilə Rahim olan cütlük kənardan ailə kimi görünsə də daxili gərginlikləri ilə seçilən ailə modeli idi. Gülnar dəfələrlə ailə münaqişəsi zəminində evdə dalaşaraq ata evinə gedirdi. Və hər dəfə atasına və anasına ayrılmaq istəyirəm yola getmirik desə də heç vaxt ailəsindən özünə dəstək almırdı. Hər dəfə “bizi biabır etmə, get otur evində” deyə geri qaytarırdılar. İllər kecdi və bir gün olduğca biabırçı, mental dəyərlərimizi kölgədə qoyan bir xəbər aləmi bürüdü. Gülnar artıq iki gün idiki evdən yoxa çıxmışdı. Axtarırdılar və bu məqamda daha bir xəbər onu üstələyir. Həyat yoldaşının qonşuluğda yaşayan əmisi oğlu da neçə gündür yox idi. Uzun axtarışdan sonra məlum olur ki, onlar birlikdədirlər. İş o, yerə çatır ki, kənd əhli bu əməli etdikləri üçün onların hər ikisini öldürmək qərarlaşdırırlar. Qızı ələ keçirə bilməyən bir neçə nəfər oğlanı döyərək öldürürlər və bir neçə ailənin faciəsi bir-birinə qarışır…
Bütün bunların səbəbi nə idi? Niyə bu həddə çatdı? Bilirsinizmi niyə? Vaxtında zamanında ailənin bu vəziyyətə laqeyd yanaşması…Ata, ananın övladına sahiblənməməsi, ictimai qınaq qorxusu və s. Təqdim olunan nümunədə də məişət zorakılığı halları zamanında araşdırılmır və ictimailəşdırılmir. Belə hallar vaxtında kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə ictimai qınağın formalaşdırılmasının təmin edilməsi, əhalinin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin, sağlam ailə münasibətlərinin təbliğ edilməsini, televiziya və sosial şəbəkələrdə mövzuya həsr olunmuş geniş diskussiya və müzakirələrin aparılmasını təmin etməliyik. Mətbuat, televiziya bu sahədə apardığı araşdırmalarla, hazırladığı maarifləndirici tədbirlərə qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verə bilər. Bunlarla yanaşı sosial media, sosial şəbəkələrdə də bu təbliğat davam etdirilməlidir. Müasir dövr həm də dövlət qurumlarının fəaliyyətinin effektivliyini sosial media sahəsində nə dərəcədə fəal olmaları şərtləndirir. Bu, günümüzün birmənalı reallığıdır. Çünki ənənəvi media ilə bərabər sosial medianın cəmiyyətə təsiri sürətlə artmaqdadır. Bu gün efirlərimizdə gedən sosial layihələri bir çoxları pisləyir. Amma məntiqlə düşünsək görərik ki, qadınlarımızın başına gətirilən bu zorakılıq halları ictimailəşdirildiyində başqalarına bir həyat dərsi olur, bu kimi hallardan çəkindirir. Bəlkə də bir ictimailəşmiş media məlumatı nə qədər ailə faciəsininin qaşısını almışdır. Bəli bizim yetərincə bu halların sonlanmasına düşünülmüş hüquqi sənədlərimiz mövcuddur. Amma gəlin etiraf edək ki, öz hüququnu bilməyən qadınlarımız, kişilərimiz var. Statistikaya nəzər salsaq görərik ki, məişət zorakılığından əziyyət çəkən qadınların əksəriyyəti, təhsilsiz, öz hüquqlarından bixəbər, özgüvənsiz, ailədə davamlı psixoloji basqı altında yaşayan insanlardır.
Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biridir. Gəlin etiraf edək ki, cəmiyyətin inkişafı istiqmətində institusional cavabdehliyi üzərinə götürməsindən çox şey asılıdır. Azərbaycanda isə məişət zorakılığına hələ də sosial yüklü və dövlət əhəmiyyətli bir problem kimi yanaşılmır. Digər patriarxal normaların güclü olduğu ölkələrdə olduğu kimi Azərbaycanda da cəmiyyət hələ kişini evin sahibi və arxa-dayağı hesab edir buna görə də onun xanımına qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır. “Kişi döyər də, sevər də”, “Öz arvadıdır özü bilər”, “Arvadın nə haqqı var kişinin bir sözünü iki eləsin?” kimi ifadələri misal gətirərək kişinin əməllərinə haqq qazandıranlar çoxluq təşkil edir.
Ailə münasibətlərinin kəskinləşməsi, məişət zorakılığı intiharlara da səbəb ola bilir. Bu o demək deyil ki, burda təkcə ailə quran fərdlər əziyyət çəkir, son günlərin statistikası göstərir ki, onların arasında yeniyetmələr, gənclər də var. Təhsil müəssisələrində psixoloqlarının işini gücləndirməsi vacib şərtlərdəndir. Yeniyetmələrdə məişət zorakılığını ilk məktəb aşkarlaya bilər. Məktəblilərin dərsə davamiyyətindən və hazırlıq səviyyəsinin aşağı düşməsindən müəllim onun ümumi əhval-ruhiyyəsini hiss etməyə bilməz. Məktəb psixoloqları hər gün şagirdlərlə təmasda olmalıdırlar və risk qrupuna aid olan ailələri müəyyənləşdirməlidirlər, valideynlərlə və şagirdlərlə görüşməlidirlər.və daha ağr hal başa düşərsə bu məsələni qabardaraq həlli yollarının üərində işlər aparılmalıdır.
Ölkəmizdə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərir. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələr də aktiv rol oynamalıdır. Mühafizə orderlərinin vaxtında, operativ verilməsi təmin olunur və bu çox halda hallarda məsələnin həllinə kömək edir. Digər bir amil isə mənfi mədəni normaların inkişafında və vətəndaşların iştirakçılıq bacarığının zəifləməsində məişət zorakılığının mənfi roludur. Araşdırmalar göstərir ki, daima zorakılıq, şifahi aqressiya, fiziki, cinsi və emosional alçaltma baş verən mühitdə zorakı olmayan sosial bacarıqların inkişafına şərait yaranmır. Məişət zorakılığının davamlı olaraq baş verməsi cəmiyyətdə mənfi mədəni normaların inkişaf etməsinə səbəb olur.
Təcrübə göstərir ki, məişət zorakılığna son qoyma yolları arasında ən uğurlu yollardan biri problem motivlərini ictimailəşdirməkdir. Mediada dərc olunan xəbərlər, televiziya verlişlərində verilən məlumatlar əsasında araşdırmalar aparılırmalıdır. Televiziya, media işçiləri məişət zorakılığına məruz qalan şəxs və ya zorakılığı törətmiş şəxslə bağlı etibarlı və müstəqil məlumat mənbələrindən istifadə etməlidirlər. Mümkün hallarda, mövcud olan etibarlı rəsmi mənbələrdən (polis, məhkəmə, sosial xidmətlər, qadınlara qarşı zorakılıq və ya gender bərabərliyi üzrə ekspertlər və s.) istifadə edilməlidir. Media işçiləri milli, regional və beynəlxalq protokollar və hüquqi çərçivələrlə tanış olmalı və mövcud çərçivə barədə müvafiq məlumatları materiala daxil etməlidir.
Nəhayət Şirinova,
“Qadınlar arasında həmrəylik” İctimai Birliyinin, Avropa İttifaqının, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zoraklılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.