Azərbaycan teleməkanının mədəniyyət müstəvisinə Heydər Əliyev baxışı-Fəxriyyə Lilpar yazır

Hər bir dövlətin gücü ilk növbədə onun strateji istiqamətlərini müəyyən edən siyasi liderinə bağlıdır. Türkiyə dövlətinin müasir gücü Atatürk məktəbi ilə, Fransanın gücü De Qolla… nə qədər bağlıdırsa, Azərbaycan Respublikasının müasir inkişafı Ümumilli lider, Ulu öndər Heydər Əliyev məktəbinə bağlıdır. Məhz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün müasir Azərbaycan modelində inkişaf etmiş sahələr arasında media da öz əksini tapır. Ulu öndər medianın, xüsusən də televiziyaların nə qədər güclü təbliğat vasitəsi olduğunu bilirdi və hər zaman məhz bu sahənin inkişafı, müstəqil, azad söz demələri üçün daima böyük işlər görürdü. Elə bu səbəbdəndir ki, ölkə  telekanallarının hər birində Ulu öndərimizin xüsusi qiymət verdiyi milli mədəniyyətimiz və incəsənətimiz layiqincə işıqlandırılmaqda və vətəndaşlarımızın estetik tərbiyəsinin yüksəlməsində öz rolunu oynamaqdadır. İncəsənətin teatr, kino kimi çox mühüm sahələri ilə bağlı söhbətində Heydər Əliyevin çox maraqlı fikirləri yenə də televiziyanın imkanları ilə bağlıdır. Ümummilli liderimiz Azərbaycan Milli Televiziyasının 40 illiyi münasibətilə təntənəli yubiley gecəsindəki çıxışında (17 fevral 1996-cı il) demişdir: “Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır, eyni zamanda xalqın, vətəndaşların bir-biri ilə əlaqələrini daha da artırır. İncəsənətin mühüm qolu olan teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə böyük rol oynamışdır. Sonra teatrla bərabər, kino bu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya incəsənətin bu iki çox mühüm sahəsinin fəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda onların əldə etdiyi nailiyyətləri geniş kütlələrə çatdırmaq üçün ən gözəl ən gərəkli bir vasitə oldu”. Heydər Əliyevin bu fikirlərində sənətşünaslıq dərsliklərinə salına biləcək çox böyük elmi həqiqət var. Məsələ burasındadır ki, həqiqətən də televiziyanın inkişafı sayəsində bir tərəfdən onun vasitəsilə teatr və kino faktları çox kütləvi şəkildə tamaşaçıların birbaşa evinə ayaq açdı, digər tərəfdən televiziyanın özündə teatrın, kinofilmin yeni formatları meydana gəldi. Televiziya tamaşası, televiziya teatrı, televiziya sənədli, bədii filmləri kimi yeni janrlar incəsənətimizin arsenalını zənginləşdirdi.

Azərbaycan xalqının milli-mənəvi dəyərləri, onun mədəniyyəti və incəsənəti tükənməz bir xəzinədir. Xalqımızın folklor yaradıcılığı şifahi ədəbiyyatın kamil nümunələrindən tutmuş xalçaçılıq, rəssamlıq, heykəltaraşlıq, arxitektura və s. kimi bir çox sahəni özündə əks etdirir. Habelə, Azərbaycanın yenə də həmin sahələrində saysız-hesabsız sənətkarları var ki, incəsənətimizin orijinal nümunələrini yaratmışlar. Bu sənət əsərləri televiziya yaranana və formalaşanadək lokal şəkildə yalnız özümüzə məxsus mətbuatda, kitab, albom, buklet nəşrlərində yayılmış, təbliğ edilmişdir. Yalnız dünyada və eləcə də ölkəmizdə televiziyanın inkişafı milli-mənəvi dəyərlərimizin, incəsənət nümunələrimizin dünya arenasına çıxmasına fundamental şərait yaratdı. Televiziyanın bir çox istiqamətlərdən fəaliyyətini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev bu media qurumunun polifonik xarakterini yüksək qiymətləndirərək onun ölkəmizdə daha da inkişafına böyük qayğı göstərmişdir.                Ümumiyyətlə, Kütləvi İnformasiya Vasitələrinin ictimai həyatda oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvəlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin, incəsənətimizin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz töhfəsini vermişdir”. Ulu öndər bütövlükdə KİV sistemində televiziyanın roluna ayrıca qiymət vermişdir. O qeyd etmişdir ki, “televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs özünü televiziyasız təsəvvür edə bilməz…” Heydər Əliyev xüsusilə Azərbaycan televiziyasının fəaliyyətinə yüksək qiymət vermiş, mədəniyyətimizin, incəsənətimizin təbliğində onun misilsiz rol oynadığını dəfələrlə qeyd etmişdir. O qeyd edirdi ki, “xalqımızın mədəniyyətinin inkişafında televiziyanın fəaliyyəti əvəzsiz olmuşdur. Televiziya bir tərəfdən əhalini məlumatlandırmış və məlumatlandırır, dünyada baş verən hadisələri xalqa çatdırır, digər tərəfdən respublikamızda elm, mədəniyyət, incəsənət, iqtisadiyyat, təhsil və bütün başqa sahələrdə olan nailiyyətləri nümayiş etdirir, təbliğ edir, vətəndaşlarımıza çatdırır”.

Azərbaycan televiziyasını xalqın milli sərvəti adlandıran Ulu öndər Heydər Əliyev onun cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirirdi.

Hələ o dövrlərdə sovet sisteminin “formaca milli, məzmunca sosialist” şüar-tələblərinə baxmayaraq, o, hələ o zamanlar da hakimiyyəti dövründə on illər boyu məhz daha çox milli həqiqətləri gündəmə gətirdi, unudulmağa qoymadı, strateji hədəflər baxımından Azərbaycan dili ilə, milli-mənəvi dəyərlərlə qol-boyun, canbirqəlb olaraq, məhz antiassimilyasiya gücü, dirənişi göstərdi,.. xalqın ruh ekranı, milli mənəviyyat güzgüsü oldu. Azərbaycan Televiziyası Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, poeziya və musiqimizin, rəssamlıq və heykəltaraşlığımızın… canlı tribunası, milli sənət və sənətkarlığımızın ümumxalq saxlanc xəzinəsi, mücadilə meydanı oldu. Azərbaycan Televiziyasının məhz Milli Televiziya olduğunu və onun Milli sərvət ola bilməsi üçün geniş zəmin yaratdı. Elə bu səbəbdəndir ki, Azərbaycan Televiziyasının fundamental fondundan qaynaqlanan digər televiziyalar məhz bu kökə, bu ənənəyə söykənərək ən yaxşı verilişləri, film və tamaşaları məhz Azərbaycan milli ruhunun tarixi-müasir səfərbərliyinə, canlı yaşam fəlsəfəsinə xidmət etməsi üçün çalışır.

Milli televiziyamızda müxtəlif formatlı proqramların işini yüksək qiymətləndirən Heydər Əliyev xüsusilə insanlarımızın estetik tərbiyəsinin əsasını təşkil edən incəsənətin televiziyada təbliğini yüksək qiymətləndirirdi. Bu gün onun televiziyaya qiyməti və qayğıları ayrı-ayrı tədqiqat əsərlərinin mövzusuna çevrilməkdədir. Belə tədqiqatların birində Azərbaycan televiziyasının Heydər Əliyev məktəbinə sədaqətinə xidmət etməsi ilə bağlı deyilir: “Azərbaycan dövləti televiziyalar vasitəsilə mədəni irsin təqdimi və təbliği işini daim diqqətdə saxlayır, bu sahədə yaranan və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirir”.

Bu gün müasir Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyev siyasətinin  layiqli davamçı Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası yönündə gördüyü işlər çərçivəsində ölkə mediasina, xüsusən də milli-mənəvi dəyərlər kontekstində inkişafına zəmin yaradır. Onun iradəsi və Azərbaycan dövlətinin quruculuq işində, onun tərəqqisi yolunda  göstərdiyi misilsiz xidmətlərinin nəticəsidir ki, ölkə teleməkanında da bu gün də incəsənət proqramlarının hazırlanmasın kontentində milli-mənəvi dəyər, onun inkişafı əsas önə çəkilir.

Fəxriyyə LİLPAR,
telejurnalist, doktorant
Leave a comment