Ölkədə içməli su ehtiyatları azdır. İçməli suyun əsas mənbəyi olan Kür çayın suyu sürətlə azalır. İçməli sudan texniki su kimi istifadə edilməsi də şirin su ehtiyatımızın azalmasına təsir edir. İçməli suya tələbat günü-gündən artır. Ona görə də alternativ su mənbələrindən istifadə ilə bağlı işlər aparılır. Buraya dəniz suyunun duzsuzlaşdırılması da daxildir”.
Bunu Bakupost.az -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, professor Əmir Əliyev deyib.
O bildirib ki, başqa dənizlərlə müqayisədə Xəzər dənizinin suyunu duzsuzlaşdırmaq daha asandır. Çünki, Xəzər dənizinin suyunun duzu az olduğundan, onun duzsuzlaşdırılmasına da az enerji sərf olunur. Xəzər dənizinin 1 litrində 12 qram duz varsa, Qara dənizdə bu 2 dəfə, Aralıq dənizində isə 3 dəfə çoxdur:
“Azərbaycanda artıq bu təcrübə var. Salyan rayonunun Xıdırlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dəniz Suyunun Düzsuzlaşdırılması Zavodu tikib. Orada gündə 5 min ton su duzsuzlaşdırmaq olur. Həmin sudan yaşıllıqların suvarılmasında istifadə edilir. Əhalimizin 60 faizi Xəzər dənizinin ətrafında yaşayır. Əgər ölkəmizdə belə zavodlar inşa olunsa texniki suya olan təlabatımızı ödəmək olar”.
Professor qeyd edib ki, dəniz suyunu duzsuzlaşdırmağın bir neçə üsulu var. Bu iş həm membrana metodu, həm də buxarlandırıb soyutma yolu ilə aparılır:
“Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı Qazaxıstan təcrübəsi var. Orada 1960-cı illərdə atom enerjisi ilə işləyən zavodlar tikilib. Onlar başqa texnologiya tətbiq edirdi. Dəniz suyunu buxarlandırır, sonra da soyudurdular. Bu zaman damcılar duzsuz olurdu və ondan istifadə edirdilər. Mən Manqışlaq yarımadasında olmuşam, orada milyondan çox əhali yaşayır və onların hamısı bütün sahələrdə bu sudan istifadə edir. Bizdə də dənizin kənarında belə zavodlar tikilsə, içməli suya xeyli qənaət edərik. Sutkada 50 min ton suyun istehsal olunması ən azından texniki su kimi köməyimizə çata bilər. Həmçinin harada içməli su çatışmır, orada bu sudan içmək də mümkündür”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.
Həmin sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
/BakuPost/