İranın regional maraqlarına ictimai münasibət necədir?-SORĞU

Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilmiş silahlı hücum və mart ayında baş verən insidentlərin xronologiyası ictimai-siyasi fikir məkanında müxtəlif istiqamətli müzakirələrə səbəb olub. Hadisələrin regionda sülh quruculuğu mərhələsi, habelə İsraildə səfirliyinin rəsmi açılışı ərəfəsinə təsadüf etməsi və eyni vaxtda bir neçə ölkədə terror cəhdləri ilə paralellik təşkil etməsi öz növbəsində hadisələrdə İranın və ya İran fonunda müxtəlif qrupların maraqlarının kəsişməsi ilə bağı versiyaları gündəmə gətirib. Mövzunun aktuallığını və ictimai-siyasi aspektdən vacibliyini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ictimaiyyətin baş verən hadisələrə dair fikirlərini öyrənmək məqsədilə sorğular keçirib.

İranın regional maraqları ictimai rəydə

Sorğuda sözügedən məsələ iki kontekstdə  – Azərbaycan-İran münasibətləri və İranın regional maraqları çərçivəsində ictimai rəydə qiymətləndirilib. Həmçinin silahlı insidentlərin səbəbləri ilə bağlı vətəndaşların fikirləri öyrənilib.

“İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualına münasibətdə respondentlərin 76.8%-i İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, başqa sözlə öz regional maraqlarını Ermənistan üzərindən reallaşdırmağa çalışdığını bildirib.

İştirakçıların 5.5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.

Respondentlərin 14.3%-i bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib.

Xatırladaq ki, 30 illik işğal dövründə, 44 günlük Vətən müharibəsi zamanı, eləcə də post-müharibə mərhələsində Ermənistanın regional sülh üçün yaratdığı təhdidlərə və qeyri-konstruktiv mövqeyinə baxmayaraq, İran Ermənistana hərbi-siyasi dəstəyini davam etdirib və bu amil Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.

Azərbaycan-İran münasibətlərinin ictimai-siyasi aspektləri

Sorğu çərçivəsində respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib.

İştirakçılar arasında hər üç nəfərdən biri (35.7%) hesab edir ki, Azərbaycan İranla münasibətlərində bu ölkənin Ermənistana dəstək olması amilini nəzərə almalıdır. Başqa sözlə, İranın Ermənistana dəstəyi ictimai fikirdə birmənalı qarşılanmır və Azərbaycanın İranla münasibətlərində bu amilin nəzərə alınmalı olduğu qənaətini formalaşdırır.

İranın Azərbaycana dini müdaxilə cəhdləri də iki ölkə münasibətlərində nəzərə alınmalı amillər sırasında qeyd edilib.

Respondentlərin əksəriyyəti (76.8%) İranın regionda Ermənistanın maraqlarını qoruduğunu ifadə etməsinə baxmayaraq, 29.7%-i Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. Bu fonda təqribən hər üç respondentdən birinin iki ölkə arasında yaxın qonşuluq münasibətlərinə istinad etməsi bir daha həm dövlət olaraq, həm də cəmiyyət olaraq Azərbaycanın İranla olan münasibətlərində dinc qonşuluq siyasətinə sadiqliyinin əyani göstəricisidir. Azərbaycanın İrana qarşı olan sanksiyalara qoşulmaması və öz ərazisindən İrana qarşı müdaxilə planlarına şərait yaratmaması fonunda ictimai rəydə İrandan da analoji mövqe gözləntisi təbiidir.

Qeyd edək ki, Azərbaycan öz milli maraqlarından irəli gələrək, İranla yanaşı digər ölkələrlə, eləcə də İsraillə münasibətlərə önəm verir. Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr – 11 dekabr 2022-ci il tarixində keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanın İsraildə səfirlik açmasına ictimai münasibət müsbət olmuş və sorğuda iştirak edənlərin 61,0%-i “İsrail etibarlı tərəfdaşdır və səfirliyin olmasını zəruri hesab edirəm” cavabını qeyd etmişdi.

“Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualına iştirakçıların cəmi 1,6%-i İranın dünyada təcrid olunmuş, sanksiyalara məruz qalmış ölkə olması cavabını verib, 7,0%-i digər amilləri qeyd edib. Respondentlərin 17,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Son olaraq, respondentlərin 64.8%-i mart ayında baş verən silahlı insidentləri (hipermarketə hücum, millət vəkilinə sui-qəsd) xarici ölkələrin müdaxilə cəhdləri və təxribatları ilə əlaqələndirib. Respondentlərin 13.3%-i hadisələrin səbəblərini sosial-iqtisadi zəmində dəyərləndirməyə çalışarkən, cəmi 6.0%-i təhlükəsizliyin yetərincə təmin olunmaması, 4.4%-i digər səbəblərlə əsaslandırıb. Respondentlərin 11.5%-i cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 2023-cü ilin 01-06 aprel tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.