Millət vəkili:”İmtahandan kəsilən Ermənistan növbəti tarixi dərsini aldı”

İmtahandan kəsilən Ermənistan növbəti tarixi dərsini aldı.

Bildiyimiz kimi Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen təhlükəsilik konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla panel diskussiyada çıxış etmişdi. Möhtərəm Prezident həmin görüşdə XX əsrin əvvəllərinə, həmçinin XVIII-XIX əsrlərə tarixi ekskursiya edərək, Nikol Paşinyana həqiqətləri əks etdirən tarix dərsi keçdi. Görünən odur ki, ermənilər məhz Cənubi Qafqaza XVIII əsrdən etibarən köçürüldükdən bugünədək bizim doğma torpaqlarımızda talançılıq,soyğunçuluq,terrorizm, təxribat aktları və qanlı soyqırım hadisələrini törətməklə məşğul olmuşdur. Prezident İlham Əliyev 2003-cü ildən etibarən prezidentlik fəaliyyətinə başladığı gündən Ermənistana sülh, humanizm prinsipləri ilə və eyni zamanda tarixi faktlar əsasında Qarabağ məsələsinin həll olunması təklifini irəli sürmüşdür. Çox təəssüf ki, erməni tərəfi öz təcavüzkar siyasətindən əl çəkmədi. Ermənistanın 2020-ci ilin iyulunda və sentyabrında Azərbaycan sərhədlərində riyakarcasına törətdiyi terror-təxribat aktlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən nəticədə bütün dünyanın heyran qaldığı və Ermənistanın cəmi 44 gün ərzində darmadağın olduğu “DƏMİR YUMRUQ” əməliyyatı həyata keçirildi. Azərbaycan xalqı tarixi qisasımızın alınmasına görə bu möhtəşəm tarixi hadisə ilə əbədi olaraq qürur duyur.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Mövzunun adına nəzər etsək aydın olar ki, bu sözlərin tarixi mənası vardır. Azərbaycan bir qrup təcavüzkar erməni birləşmələrini-yerini səhv salıb otlaq yerini dəyişən qoyunları qarşısına qatdı və dağlarıın digər tərəfinə keçirdi.Bu məsələnin tarixi tərəfi və əsl həqiqət idi. Çünki bütün tarixi faktlar, maddi-mədəniyyət abidələri, xəritələr təsdiq edir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Məsələyə siyasi konteksdə yanaşsaq görəririk ki, Ermənistan siyasi rəhbərliyi acı məğlubiyyətdən dərs çıxarmayıb, hiyləgərcəsinə planlar və ya revanşizm haqqında fikirləşir. Belə ki, dünyada daha çox soyqırım,qanlı qətliamlar törətmiş Fransaya, digər terror dövləti olan İrana güvənir. Ancaq bir neçə gün öncə baş tutan paneldə məhz Cənubi Qafqazdan üç ölkənin Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakını gördük. Bu isə onu deməyə əsas verir ki, Cənubi Qafqazda daxili məsələləri yalnız bu üç ölkə öz arasında həll edə bilər. Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Bəli, bu görüşdən belə bir nəticəyə gəlmək olar ki, möhtərəm Prezident cənab İlham Əliyev əvvəlcə tarix dərsindən 2 alıb, konstruktiv mövqe sərgiləməyən, abusurd danışan və auditoriyaya buraxılmayan Nikol Paşinyanı Vətən müharibəsində cəzalandırdıqdan sonra yenidən-Münxen platformasında dərsə qəbul edib,ona sonuncu şans verdi. Ermənsitan bilməlidir ki, onlar üçün “Dəmir Yumruq” əməliyyatı isə intizam tənbeh tədbiri idi. Əgər Ermənistan sülh təklifimizi qəbul edib,ərazimizdən qanunsuz silahlı birləşmələrini çıxarmasa və həmçinin kommunikasiyaların açılışı üçün düzgün və konkret mövqe sərgiləməsə məhvə düçar olacaq. Ona görə də ümid edirik ki, bu dəfə Ermənistan siyasi rəhbərliyi dərsini daha diqqətli aldı və gələcəkdə təhlükəsiz yaşamaq üçün yalnız və yalnız Azərbaycanın humanizm prinsiplərinə əsaslanan təklifləri istiqamətində addımlar atacaqdır.

İlham Məmədov

Millət vəkili